COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization, ISO) Baş katibi Sergio Muhika Montesdir.
Sergio Muhika Montes Trend-ə müsahibəsində tədbirim təşkilatçılığını yüksək qiymətləndirib.
"Bakıya ilk dəfə gəlmişəm. Bu, heyrətamizdir. Burada çox yaxşı vaxt keçirirəm, şəhər gözəldir, insanlar isə çox mehribandır. Daha önəmlisi isə odur ki, bu miqyaslı tədbirin əla təşkil olunduğunu düşünürəm. İnanıram ki, biz vəziyyəti yaxşıya doğru dəyişmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün imkanlara malikik", - deyə o bildirib.
Sergio Muhika Montes vurğulayıb ki, siyasətçilərə, danışıqlar zalında əyləşən şəxslərə əsas mesaj ondan ibarətdir ki, onlar öz siyasətlərini, normativ aktlarını və qərarlarını həyata keçirmək üçün standartlardan istifadə edə bilərlər.
"Ona görə də onlar bizi istifadə etməlidirlər, bizi öz qərarlarını həyata keçirmək üçün əvəzedilməz bir alət kimi görməlidirlər", - deyə ISO-nun Baş katibi qeyd edib.
ISO rəhbəri tədbirin təşkilatçılığını yüksək qiymətləndirib.
"Təşkilatçılıq mükəmməldir: logistika, təhlükəsizlik sahəsi. Məsələn, təhlükəsizlik yoxlamalarından keçəndə proses çox effektivdir, indiyə qədər buna bənzər bir şey görməmişdim. Bu səbəbdən də səmimi təbriklərimi qəbul edin. Hər şey çox gözəl təşkil olunub, sizə çox təşəkkür edirəm, COP29 tədbirində iştirak etmək çox xoşdur", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
Milli.Az