Mədəniyyət

Qohumlarını ermənilər qırdı, “Kirovabad” adına görə həbs olundu - Dəyirmanda fəhlə işləyən Xalq artisti

21 Fevral 2021 15:08
Baxış: 2 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kulis.az-a istinadən Xalq artisti Muxtar Avşarov haqqında maraqlı faktları təqdim edir.

Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirib, sağ qalan ailə üzvləri Türkiyəyə üz tutmuş və ara sakitləşəndən bir müddət sonra Gəncəyə pənah gətiriblər.

***

1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oxuyub. IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayıb. Hələ məktəbli vaxtlarından incəsənətə, teatra həvəsi olur. Boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən dram dərnəyində aktyor kimi səhnəyə çıxıb.
Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır.

Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət edilir. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxır. Sonralar Səməd Vurğunun "Vaqif", Cəfər Cabbarlının "Nəsrəddin şah", "Yaşar", "1905-ci ildə", "Almaz" əsərləri ilə səhnəyə çıxır.

***

Böyük Vətən müharibəsi başlanandan üç gün sonra onu siyasi əqidəsinə görə həbs edirlər. Həbsə səbəb kimi isə aktyorun ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək "Kirovabad" qoyulmasına etiraz etməsini göstərirlər. Həqiqətən də Gəncənin "Kirovabad" adlandırılmasına etiraz edənlər arasında Muxtar Avşarov da var idi. Bundan başqa gənc Muxtar Gəncə Dövlət Dram Teatrına Lavrenti Beriyanın adının verilməsinə də etiraz etmişdi. Onun "Mən Beriyanın düşməni deyiləm, lakin onun Gəncə Teatrı ilə nə əlaqəsi?" sözləri dərhal yuxarılara çatdırılır.

***

Taleyin ironiyası olmalıdır ki, Muxtarov həmin gün səhnədə "KQB"nin qurucusu Feliks Dzerjinski obrazını canlandırır. Onu nələrin gözlədiyindən xəbərsiz rolunu oynayır. NKVD-dən gələn bir neçə nəfər isə Gəncə Teatrının direktorunun otağında tamaşanın bitməsini gözləyirlər. Onlar aktyoru səhnədə, tamaşaçıların gözləri qarşısından deyil, daha sonra həbs etməyi daha məqsədəuyğun sayırlar. Tamaşa bitir, "dəmir Feliks" rolunu oynayan Muxtarı direktorun otağına çağırır və aparırlar...

Beş il həbsdə yatan Avşarov nəhayət yazdığı ərizələrin müqabilində vaxtından beş il əvvəl azadlığa buraxılır. Onun qayıdışı ilə Gəncə teatrı Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərini tamaşaya qoyur və əsas rolu ona həvalə edir.

***

Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad edirlər. Əmr belə idi ki, o, ictimai yerlərdə, ictimaiyyət arasında olmamalıdır. Bir müddət işsiz qalan Muxtar Avşarov dəyirmanda fəhlə işləyir, nəhayət Stalinin ölümündən sonra yenidən Gəncə teatrında fəaliyyətini davam etdirir. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə o, respublikanın əməkdar artisti fəxri adına layiq görülür.

***

1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışmış, yüzlərlə tamaşada müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatrın kollektivi ilə tez bir zamanda qaynayıb-qarışan Muxtar Avşarovun tez bir zamanda çoxlu dostları yaranır, hansı ki, əvvəllər onlarla şifahi tanışlığı vardı. Həmişə dostluqdan söz düşdükdə M. Avşarov zarafatyana belə deyirdi: "Qadınlara mənim çox səmimi münasibətim olub. Mən onlarla olan dostluğumu yüksək qiymətləndirirəm. Çünki, onlara sirr vermək olar".

Aktyorun kinoya gəlişində görkəmli rejissor Hüseyn Seyidzadənin xüsusi rolu olub. Sənətkar bu barədə müsahibələrində deyir: "Hüseyn Seyidzadə ilə olan tanışlığım 1932-ci illərə təsadüf edir. Bilet növbəsinə dayanarkən tanış olmuşduq. 1960-cı il idi, Gəncə teatrında çalışırdım. Bir gün mənə dedilər ki, səni Bakıdan gələn Hüseyn Seyidzadə soruşur. Getdim, xoş-beşdən sonra rejissor mənə dedi ki, səni "Yenilməz batalyon" filminin sınaq çəkilişlərinə çağırmışam. Məni "uryadnik" və bandit rolunda yoxladı. Sonra məlum oldu ki, bandit roluna təsdiq olunmuşam..."

***

Muxtar Avşarov çəkildiyi filmlərdə kaskadyor işlərinin öhdəsindən də məharətlə gəlir. Aktyor "Dəli Kür" filminin çəkilişlərini belə xatırlayır: "Filmdə çətin tryuklar var idi. Bunun üçün də Moskvadan kaskadyorlar dəvət olunmuşdu. Gününə 50 rubl verilirdi. Bir gün rejissora dedim: "Hüseyn, qadan alım, mən kəndli balasıyam. At sürməyi çox gözəl bacardığım üçün kaskadyorun işini də yerinə yetirə bilərəm. Necə olur ki, mənim günümə 25 rubl verirsən, ancaq kaskadyorun gününə - bir dəfə atdan hoppanmağına 50 rubl verirsən. Bir halda ki, bacarıram, onda kaskadyorun işini mən görə bilərəm!" Cavabında belə dedi: "Mən aktyora kaskadyor işini gördürə bilmərəm. Axı bunun yıxılmağı da var. Yıxılıb zədələnsən, sənin öz işini kim görəcək". Beləcə, imkan vermədi.

Ancaq çəkiliş vaxtı fasilə elan olunanda Hüseyn Seyidzadə dincəlməyə gedir. Bundan istifadə edən aktyor tərəf müqabillərinin yanına gəlir və onlara deyir: "Mən atımı minib çapacağam. Siz də o zaman Hüseyn Seyidzadəyə xəbər verin. Operatora da əvvəlcədən xəbərdarlıq edən aktyor atı minib çapır. Hüseyn Seyidzadəyə yaxınlaşan zaman o, atı yıxır. Özü də ondan bir neçə metr aralı tullanaraq tüfəngi əlinə alır. Bunu görən rejissor bərk hirslənir. "Pəhləvanlıq edirsən" deyir. Rejissorun ona acığı tutsa da, ondan incisə də, həmin səhnə lentə alınır. Vaxt gəlir, çəkiliş başa çatır. Film Moskvaya aparılır, ancaq film qəbul edilmir. Filmin finalının dəyişdirilməsi tapşırılır. H. Seyidzadə geri qayıdandan sonra həmin səhnəni "Dəli Kür" filminin final səhnəsinin yerinə calaq edir.

***

Muxtar Avşarov qırxillik kino fəaliyyəti dövründə "Sevil", "Ulduzlar sönmür", "Axırıncı aşırım", "Qatır Məmməd", "Tütək səsi", "Arxadan vurulan zərbə", "Birisigün, gecəyarısı", "Atları yəhərlərin", "Qəm pəncərəsi", "Kişi sözü", "İşarəni dənizdən gözləyin", "Qətl günü" və s. filmlərə çəkilib.

***

Avşarov 1989-cu ildə "yenidənqurma" dövrünün qərarlarına uyğun olaraq "60 yaşından yuxarı olan adamlar işdən azad olmalıdır" qərarı ilə işdən azad olunur. 1992-ci ildə Xalq artisti Amaliya Pənahova Bakı Bələdiyyə Teatrını yaradır və qocaman aktyor Muxtar Avşarovu həmin teatra dəvət edir. Teatrda işlədiyi müddətdə "Nadir şah", "Dönüş" və bir çox tamaşalarda maraqlı obrazlar yaradır.

Hər kəsə qarşı olduqca səmimi olan ağsaqqal-nurani insanın ahıl yaşlarında gözlərinin görmə qabiliyyəti zəifləyir. Belə ağır vaxtlarda onu filmlərə çəkilməyə dəvət edirdilər. Rejissor Vaqif Mustafayev onu çəkiliş meydançasına dəvət edir, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilir.

***

2002-ci il noyabr ayında Muxtar Avşarov Bakı Bələdiyyə Teatırnın 10 illik yubileyi ilə əlaqədar olaraq, Xalq artisti fəxri adına layiq görülür.

***

6 dekabr 2004-cü ildə Muxtar Həsən oğlu Avşarov 90 yaşında dünyasını dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.