Mədəniyyət

Emil Səlimov: "Teatr əyləncə vasitələrindən biridir, amma ehtiyatlı olun…"

5 Fevral 2019 16:54
Baxış: 1 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dosye: Teatr rejissoru, prodüser, xoreoqraf, səhnəqrafiya mütəxəssisi, dramaturq, pedaqoq və "Səlimov metodu. Korpus hərəkətdə" aktyorların peşəkar hazırlıq üslubunun müəllifi Səlimov Emil Ənvər oğlu 1956-cı ildə Bakıda dünyaya gəlib. Valideynlərinin boşanmasından sonra bir müddət Ukraynada yaşayıb. 1978-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunun rejissor fakültəsinə qəbul olub, Ənvər Behbudovun və Edqar Eqadzenin tələbəsi olub. Təhsil illərində mədəniyyət evlərində, park və stadionlarda pantomim və dram kompozisiyaları hazırlayıb. 1981-ci ildə E.Eqadze ilə birgə "Usaçyovkada" teatr-studiyasının yaradılmasında iştirak edib. 1983-cü ildə uşaqlar üçün "Nağıl" studiyasını yaradır. 1985-86-cı illərdə Meyerxoldun yetirməsi olan Valentin Pluçekin Moskva Dövlət Akademik Satira Teatrının nəzdindəki emalatxanasına stajirovkaya dəvət edilir. 1986-cı ildə Gürcüstan Mədəniyyət Nazirliyinin dəvəti ilə Mesxişvili adına Kutaisi Dram Teatrında E.de Filipponun "Silindr" pyesini tamaşaya qoyur. 1987-ci ildə Moskvada "Köhnə şlyapa" adlı müstəqil peşəkar teatr yaradır. Bu teatrın truppası ilə SSRİ-də ilk dəfə E.İoneskonun "Keçəl müğənni qadın" və P. Vaysın "Marat-Sad" pyeslərini tamaşaya qoyur.  

1994-cü ildə Parisdə "Parantez" teatr şirkətini təsis edir. 2000-ci ildən Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü, 2018-ci ildən isə fəxri üzvüdür. 2000-2001-ci illərdə müstəqil səhnələşdirmə əsasında "Lüserner" teatrında F.Kafkanın "Proses" və "Amerika" əsərlərini tamaşaya qoyub. Metodunun təqdimatını keçirmək üçün 2009- və 2011-ci illərdə Dramatik Sənətlər Milli Dövlət Konservatoriyasına dəvət edilib. 2013-cü ildə bu metodu tədris edən özəl məktəbini açıb. 40 il ərzində Emil Səlimov hazırladığı tamaşaların prodüseri, rejissoru, xoreoqrafı, dekoratoru, kostyumeri, aktyor sənəti, dramaturgiya nəzəriyyəsi, fransız və əcnəbi teatrın və opera sənətinin tarixini tədris edən pedaqoq, 20-dən çox pyes və adaptasiyanın müəllifi kimi fəaliyyət göstərir. 2010-cu ildə onun tərcümeyi-halı "Rus mühacirlərinin Fransası" ensiklopediyasına daxil edilib. Tamaşaları fəxri fərmanlar və mötəbər mükafatlarla təltif edilib.

Emil Səlimov əsl pedaqoq olaraq ünsiyyətdə təzyiq və sıxıcılıq kimi əhval tanımır. Doğma dilini unutsa da (uşaqlığının sosialist Bakısının "Sovetski" məhəlləsi tərəflərdə keçdiyini nəzərə alsaq, əzəldən rusdilli olsa da) gen yaddaşının sayəsində əsl bakılı olduğu dərhal özünü büruzə verir: ciddiliklə zarafatcıllığın harmoniyasından doğan mütləq qaydada ədəb-ərkan qaydalarından qətiyyən kənara çıxmayan, eyni zamanda qədərində səmimi ünsiyyət tərzi. Və təbii ki, bu özəl gözəlliyi təkrarsız fransız ədaları haşiyələyir.

- Dünyanın ən teatral şəhərlərindən biri, bəlkə də birincisi olan Moskvanı Parislə əvəzləyəndə siz yalnız şəxsi səbəblərdən çıxış edirdiniz, yoxsa Avropa miqyasında özünütəsdiq amili də rol oynamışdı?

- Əlbəttə, şəxsi motiv var idi - mən sevdiyim qadının ardınca Parisə yollanmışdım. Amma əlbəttə ki Avropa miqyasında özünütəsdiq amili də güclü idi. Ümumiyyətlə, bir yerdə çox qalmağı sevmirəm. Elə buna görə də Avropanın bir neçə şəhərində fəaliyyət göstərmişəm. 

- Teatra sevginizin tarixçəsi nədən ibarətdir? Hansısa güclü təəssürat bu sevgini doğurub?

- Bu tamamilə təsadüfən yaranmış sevgidi. Mən əsgəri xidmətdən sonra Bakıda Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutuna daxil olmuşdum. Amma o ali məktəbdə heç bir gün də oxumadım. Hər şeyi atıb Moskvaya yollandım. Əgər Moskvada əməlli-başlı teatr fəaliyyəti qurub sonra bütün bunları atıb Parisə yollanmışamsa, gənc vaxtı belə addım atmaq mənim üçün heç çətin deyildi - ürəyimin səsinə qulaq asdım və Moskvaya getdim... Orda da bilirsiniz ki teatrla bağlı tədris ocaqları çoxdur. Birinin qarşısından keçəndə tələbələrdən biri imtahan üçün hazırladığı etüddə iştirakçı olmağımı xahiş etdi. Mən də razılaşdım. Və həyatımın "Teatr" adlı hekayəti bundan sonra başladı... Moskva Dövlət Mədəniyyət İnstitutunun rejissorluq fakültəsinə daxil oldum. Ustadlarımdan biri Ənvər Behbudovla bağlı çox gözəl təəssüratlarım qalıb. O, Bakıdan gəlmiş azərbaycanlı gəncin Moskva ali məktəbinin tələbəsi olmasında son dərəcə qürurlu idi və başqalarının bunu duymayacağı tərzdə mənə həyan, arxa olmağı özünə borc bilirdi. Tələbələrin assistent olmaq qaydası olmasa da, onun tamaşasında assistentlik etmişdim. 

- Qadın mövzusu yaradıcılığınızda nə cürsə öz əksini tapıb?

- Belə bir mövzuya misal olaraq hələlik yalnız 2005-ci ildə qoyduğum "Fridanın qanadları" tamaşasını misal çəkə bilərəm. Bu meksikalı qadın-rəssam Frida Kalo haqqında qələmə aldığım və Natali Russonun iştirakilə hazırladığım bir aktrisa üçün monoloq tamaşadır. 

- 35 illik fasilədən sonra Bakıdan hansı təəssüratlar və qənaətləri apardınız özünüzlə? 

- Mənim üçün böyük, gözəl sürpriz oldu nəhayət ki doğma şəhərimdə olmaq. Bu hadisənin mümkünlüyü sentyabr ayında Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın mənimlə söhbətinin elektron mətbuatda yayılmasından sonra baş verib. O söhbəti oxuyan Musiqili Teatrın direktoru Əliqismət Lalayev mənimlə əlaqə qurdu, tanış oldu və Bakıya V Beynəlxalq Teatr Konfransına dəvət etdi, eyni zamanda rəhbərlik etdiyi teatrda tamaşa qoymağımı təklif etdi. Dedi ki, konfrans çərçivəsində nəzərdə tutulan ustad dərsi zamanı gələcək tamaşa üçün kastinq də keçirərəm. Sözün düzü, onun şəxsi və peşə keyfiyyətlərinə bələd olmadığı rejissorla iş birliyi qurmaq istəyi məni təəccübləndirmişdi. Bu, əslində böyük riskdir. Amma Paris teatrlarının direktorlarının qeyri-dəqiqlik tərzin dən sonra Əliqismət Lalayevin sözübütövlüyü çox xoş təəssürat yaratdı.   

- Və necə oldu - kastinq baş tutdu, ustad dərsi sizdə hansı təəssüratı buraxdı?

- Biz bunu ustad dərsi yox, açıq dərs adlandırırıq. Ustad dərsi bir az başqa formatda olur - dəvət olunan şəxs danışır auditoriya isə dinləyib gedişatda və ya sonda suallar verir. Yox, kastinq baş tutmadı, iki saat yenicə tanış olduğum truppaya bələd olmağa kifayət etmədi. Teatrın bir neçə tamaşasına baxdım. "Silva" zövqümü çox oxşadı. Ümumiyyətlə, teatrın artistlərində Avropa səviyyəsi var. Əsgər Əsgərovun rejissor yanaşmasını çox bəyəndim. Konfrans son dərəcə lazımlı təşəbbüsdü, yüksək səviyyədə təşkil olunub. 
Azərbaycanın mədəniyyət naziri, hörmətli Əbülfəs Qarayevin qəbul etdiyi qonaqlar arasında mənim də olmağım ayrıca xoş təəssürat buraxdı. Onunla görüş ərzində ümumilikdə Azərbaycanda teatr sənətinin inkişafında gerçəkdən maraqlı olmasını müşahidə etmək, mənim yaradıcılığıma diqqət ayırmasını duymaq və konkret olaraq Bakıda tamaşa hazırlamağımı arzulaması eşitmək hər bir yaradıcı insan kimi məni də yeni ideyalara həvəsləndirdi...  
Şəhər isə mədəni, təmiz, sakit ab-havası ilə ruhumu təzələdi. Səs-küylü, narahat, hətta təhlükəli Parisdən sonra bu cəhət daha qabarıq nəzərə çarpır. Bakı sakinlərinin mehribanlığı da dəyişməyib - hansısa ünvanı soruşanda məmnuniyyətlə izah edirlər, hətta ötürməyə də hazırdırlar. 

- Tələbələriniz azərbaycanlı oldunuzu bilirlər?

- Məsələ burasındadır ki, Avropada, Amerikada keçmiş SSRİ-nin istənilən 
respublikasından gəlmiş hər kəs rus kimi qəbul edilir. Məni də rus bilirlər. Amma təbii ki, yeri düşdükcə bunun heç də belə olmadığını izah etməyə çalışıram. Ümumiyyətlə isə oralarda son yarım əsrin tarixindən xəbərsiz olanlar çoxluq təşkil edir... 

- Səlimov metodu gerçək teatr təcrübəsində tətbiqini tapa bilirmi? Tələbələriniz bu metod vasitəsilə özlərini ifadə etməyin öhdəsindən gəlirlərmi?

- Mənim metodum Stanislavski metodu ilə Meyerxold biomexanikasını özündə birləşdirir. Əlbəttə, bu tamamilə başqa səhnə davranışıdı. Fransada aktyorlar üçün şərait ümumilikdə çox ağırdı. Oranın mədəniyyət nazirliyindəki yeni təyinatlar bu çətinliyi daha da kəskinləşdirib. Amma əlbəttə ki, zəhmətimin bəhrəsini, teatr sənətinə töhfə verəcək ağırlıqda olduğunu müşahidə etməsəydim fəaliyyətim belə uzun sürməzdi.      

- Siz tamaşalarınızın dekorasiyalarını özünüz qurursunuz. Bu nədən irəli gəlir - dekorator-rəssamlara etibar etmirsiz, yoxsa başqa hansısa səbəb var? 

- Birincisi, bu işlə məşğul olmağı sevirəm. Materialların seçilməsindən tutmuş detalların hazırlanmasınadək bütün prosesi özüm həyata keçirirəm və hələ bir dəfə də olsun qeyri-dəqiqlik baş verməyib. İkincisi, dekoratorla işləmək çox baha başa gəlir. Bir dəfə Gürcüstanda tamaşa qoyanda dekoratora dedim ki, o eyvan aktrisanın ağırlığına davam gətirməyəcək. Və belə də oldu - eyvan uçdu, yaxşı ki, tələfatsız oldu.

- Bizim Fransada yaşayıb-yaradan Emil Səlimovun tamaşalarını görmək perspektivimiz varmı?

- İstisna etmirəm. Amma həm texniki, həm də maddi cəhətdən asan başa gələn təşəbbüs deyil. Həm də bilmirəm Bakının tələbkar tamaşaçıları mənim tamaşalarıma necə qiymət verərlər...

- Emil Səlimovun teatr səciyyəsi nədir, bu fikri necə davam etdirərsiniz: "Teatr - ...?

- Teatr mənim aləmimdə əyləncə vasitələrindən biridir, amma ehtiyatlı olun: bu əyləncə vasitəsi altında çox ciddi nəsnələrdən bəhs etmək olar. Və bir də dahi bəstəkar Hendelin sözlərini özümə çox yaxın bilirəm: "Əgər mənim yaradıcılığım insanlara yalnız məmnunluq versəydi, bu məni məyus edərdi. Mənim məqsədim onların olduqlarından daha yaxşı olmalarına nail olmaqdır". 

Samirə Behbudqızı

"Mədəniyyət.AZ" jurnalı, noyabr-dekabr 2018

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.