M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib. Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Mustafa Mehmandarov) və solist Məhəmmədəli Paşazadə (klarnet) dinləyicilər qarşısında çıxış ediblər.
İlk olaraq, Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Musiqili gecədə Qara Qarayevin "İldırımlı yollarla" baletindən "Adagio", Azər Dadaşovun "Babək" baletindən fraqmentlər, Nazim Əliverdibəyovun klarnet və orkestr üçün "Elegiya" əsəri, eləcə də Fikrət Əmirovun "Nəsimi haqqında dastan"ı səsləndirilib.
Tədbirdə təqdim olunan əsərlər Azərbaycan bəstəkarlarının yaradıcılığında dərin mənəvi və vətənpərvərlik ruhunu əks etdirərək, Heydər Əliyevin milli mədəniyyətə verdiyi dəyərin musiqi dilində təcəssümünə çevrilib.
Anım gecəsi dahi liderin xatirəsinə ehtiram və minnətdarlığın ifadəsi olaraq dinləyicilərə təsirli və vətənpərvər ruhlu musiqi gecəsi yaşadıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





