Mədəniyyət

Bəsti Cəfərova: "Bu arzunu qızların böyük əksəriyyəti uşaqkən öz içlərində öldürürdülər" - MÜSAHİBƏ

5 Avqust 2011 16:18
Baxış: 2 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanın "Ekspress" qəzetinə müsahibəsi.

Səhnəmizin bu gözəl aktrisasını kiçik yaşlarımda heç sevməzdim. "Solğun çiçəklər"dəki Pəri rolundan sonra Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanı hətta "düşmən" sayırdım. Sonralar Bəsti xanımın bir-birindən maraqlı rollarına tamaşa etdim, onun heyranına çevrildim. Əslində, sənətkar məharəti ondadır ki, öz rolunu yaratdığı obrazın xarakterindən asılı olaraq ya sevdirməli və ya da nifrət etdirməlidir.

- Eyni məktəbi keçən, bir teatrda eyni səhnəni paylaşan iki aktyordan nə üçün biri baş rolları oynayır, digərinin bəxtinəsə "adi" və yaxud epizodik rollar düşür? Səbəbi nədir: istedad, rejissor, yoxsa qismət?

- İnsan taleyi, qisməti ilə birgə doğulur. Güzgüyə baxanda görməsək də, xırda detallarına qədər həyatımız alnımıza yazılıb. Hər bir insanın öz missiyası var. Qadın var, həyatda çoxuşaqlı ana olmaq üçün, qadın da var, dünyanı idarə etmək üçün doğulub. İstər şüurlu, istərsə də şüuraltı öz missiyalarımızı həyata keçirmək üçün addımlayırıq. Mənə gəlincəsə, uşaq yaşlarımda aktrisa olacağımı müəyyənləşdirməmişdim. O dövrdə bakılıların ailəsində qız uşaqlarının belə bir fikrə düşməsi yolverilməz sayılırdı. Bu arzunu qızların böyük əksəriyyəti uşaqkən öz içlərində öldürürdülər. Mən evin üçüncü övladıyam, 8 il sonbeşik olduğum üçün çox ərköyün olmuşam. Bu ərköyünlük mənə çılğınlıq, davakarlıq xüsusiyyətləri aşılayıb.

- Bəs incəsənətə maraq Sizdə nə vaxt oyandı?

- O dövrdə tez-tez məktəblərə gəlib pionerlər evinə istedadlı uşaqları seçirdilər. Bizim məktəbdən də 10-15 uşağı rəhmətlik Əfsər Cavanşirovun "Bənövşə" Uşaq Xoruna görə seçdilər. Mən də onların arasındaydım. İndiki "Şərq" bazarının yerində "Pionerlər evi" vardı, bizi əvvəlcə oranın xoruna qəbul etdilər, sonradan "Bənövşə" Uşaq Xoruna seçiləcəkdik. 3 ay məşq edəndən sonra rəqs dərnəyinə keçdim. Çılğın olmağım məni vokalı rəqsə dəyişməyə məcbur etdi, çünki orada hərəkət vardı. Həmin dərnəyə 6 il getdim.

1974-cü ildə "Nəsimi" filmi ekranlara çıxanda mən 8-ci sinifdə oxuyurdum. Bu filmə o dövrdə böyük maraq vardı, biz də uşaqlarla yığışıb həmin filmə baxmağa getdik. Mən o filmdə epizodik rolda çəkilən Telman Adıgözəlova vuruldum. Telman o zamanlar necə də yaraşıqlı idi... Mən Telmana görə, o filmə azı 7-8 dəfə baxdım. O film mənə nağıl kimi görünürdü, özümü bu möcüzəli aləmdə hiss edirdim. Düşüncələrimdə o filmin ssenarisini dəfələrlə dəyişdirirdim...

- Sentimentalist, bir qədər də idealist olmağınız kənardan heç hiss olunmur...

- Bəli, bir az idealistəm. Əslində, həddən artıq maksimalistəm, mənim üçün orta hədd yoxdur - əla, ya da pis olmalıdır. Əgər bir şey istəyirəmsə, əlasından olmalıdır. Əgər sevirəmsə əla oğlan olmalıdır, yanımda kimsə olsun deyə sevə bilmərəm... Özüm üçün sənətdə müddət qoymuşdum, istədiyimə nail olmasaydım, aktrisalıqdan gedəcəkdim. Bəzən rol üçün ona-buna ağız açan xalq artistlərini görəndə, onlara yazığım gəlir... Nə isə, Telmana vuruldum və məndə aktyorluğa həvəs yarandı...

- O vaxtlar qızlar gənc aktyorlara sevgi məktubları yazırdılar. Siz də Telman Adıgözəlova belə məktublar yazmısınızmı?

- Yox, məktub yazmadım, amma ona olan sevgim məni Lütfü Məmmədbəylinin Xalq Teatrına gətirdi. İki il bu teatrda müxtəlif rollarda oynadım. Mən bu teatra gələndə Nurəddin Mehdixanlı da orada çalışırdı. Mən 1976-cı ildə Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə Ədil İsgəndərovun kursuna qəbul olundum. Mən qəbul imtahanına gələndə arıq deyildim, "totuq-motuq" qız idim. İmtahanı elə Ədil müəllim aparırdı. Uşaqları 10 nəfərlik dəstələrə ayırıb imtahana buraxırdılar. Bəlkə də qismətdəndir, mənim olduğum onluqda uşaqların arasında aktyorluğa uyğun gələni təkcə mən idim.

O vaxtlar Avropa dəbi Bakıya təzəcə ayaq açırdı. Mən "krempilin" parçadan qısa ağ don geyinmişdim, yaraşıqlı görünürdüm. Gənc vaxtlarımda gözlərim daha qıyıq idi, asiyalılara oxşayırdım. Ədil İsgəndərov Nəbi Xəzrinin "Dəniz, göy, məhəbbət" şerini mənə 3 dəfə - gülə-gülə, ağlaya-ağlaya və sevinə-sevinə oxutdurdu. Sonra Nisə Qasımovanın o dövrdə məşhur olan "Azərbaycan qızıyam" mahnısını oxutdular. İki "beş", bir "dörd"lə qəbul olundum. Tələbəlik illərində mən çox aktiv idim, əlaçı olduğum üçün 50 manat təqaüd alırdım.

- Rəhmətlik Telman Adıgözəlovla ilk dəfə nə vaxt görüşdünüz?

- Mən tələbə olanda Telman artıq Tədris Teatrının aktyoru idi. İlk dəfə onunla orada qarşılaşdım.

- Uşaqlıq sevginizi ona etiraf etdinizmi?

- Telman elə ilk görüşdə məndə özünə qarşı böyük məhəbbət hissi yaratdı. Adamla elə tez münasibət qururdu ki, sanki 30 ildir dostluq edirik. Mənim ona qarşı uşaqlıq sevgim səmimi dostluğa çevrildi. Telman ölənədək onunla səmimi dost olduq. Allah ona rəhmət eləsin!

- Bir dəfə Telman Adıgözəlovdan aktrisalardan kimlərlə sevgi macərası olduğunu soruşmuşdum, dedi ki, nə olubsa, səhnədən kənarda olub...

- Əslində Telman aktrisalarla yalnız tamaşalarda rol xatirinə "sevişib". Onun səhnədən kənarda sevdiyi aktrisa olmayıb. 1980-ci ildə "Azdrama"ya təzə gələndə "Azərbaycan qadını" jurnalına müsahibəmdə dedim ki, "Nəsimi" filminə tamaşa edəndən sonra məndə aktrisa olmaq arzusu yaranıb. O dövrdə Telmanın adını təbii ki, çəkə bilməzdim. Çünki Sovet ideologiyası, senzura mənim bu sözlərimin jurnalda dərcinə imkan verməzdi.

Mənim kimi gənc, subay bir qız üçün bu etiraf ölümə bərabər bir addım olardı. Hər halda, məni öldürməsələr də, tamaşaçı başqa cürə yoza bilərdi. Digər tərəfdən, Telman artıq o dövrdə başqa bir qadınla sevişirdi. Mən o qadınla dostlaşdım. Telman evlənəndən sonra da o qadınla mən dostluq edirdim. İndi hər ikisi haqq dünyasındadır. Mən bu etirafı sonradan ona etdim. Onda artıq biz dostlaşmışdıq.

- Demədi ki, niyə bu barədə gec danışdın?..

- Yox, dedi ki, "yaxşı, sən Allah..." Baxmayaraq ki, Telmanın çoxlu qadın pərəstişkarları vardı, amma Telman ailəsinə sadiq idi. Biz onunla çox yaxın idik. Telman çox yaxşı dost idi, xoşlayırdı ki, kiməsə yaxşılıq etsin. Telmanın bu dünyadan köçməsi bizi ölümə bir addım da yaxınlaşdırdı. Onun ölümü qəfil oldu və bizi qəflət yuxusundan ayıltdı.

- Marginal tamaşaçının beyninə bəzən belə bir fikir hakim kəsilir ki, tamaşada tərəfmüqabil olan aktyorla aktrisa arasında mütləq nəsə var. Bəs Sizi hansı aktyorla "evləndiriblər"?

- Biz İlham Əsgərovla tamaşaların birində ər və arvadı oynadıq. Bir dəfə İlham dedi ki, rayonların birində qastrolda olarkən məndən soruşdular ki, arvadınızı niyə gətirməmisiniz? Onda İlham evli deyildi, soruşub ki, hansı arvadımı? Həmin adamlar təəccüblə bir də soruşublar ki, bəs Bəsti Cəfərova sizin yoldaşınız deyil?

- Təbii ki, aktyorlar arasında sizin də pərəstişkarlarınız olmamış deyildi. Sizə sevgisini etiraf etməyə kimsə ürək edirdimi?

- Bilirsinizmi, mənim xasiyyətim çox ağır olduğuna görə, əminəm ki, bu fikrə düşənlər olsa da, etiraf etməyə ürək etməyiblər. Kişilər əsasən ev qadını etmək üçün mülayim, sözə baxan qızlarla ailə qurmağa maraqlı olurlar. Görürsünüz ki, mənim oynadığım rollarda da hökmranlıq duyğusu var.

- O illərdəki xasiyyətinizə görə indi peşmanlıq çəkmirsiniz ki?

- Xeyr, bu gün tənha qaldığıma görə heç də peşman deyiləm. Bəli, bütün işlərin dalınca özüm düşdüyüm üçün çox yoruluram. Hərdən yorğunluqdan bezəndə deyirəm ki, gərək vaxtında ərə gedəydim. Lakin düşünməklə deyil, bu mənim qismətim, alınyazım imiş...

- Sonradan sevə bildinizmi?

- Kimi?

- Qızınızın atasını...

- Kim dedi ki, mən onu sevmişəm?

- Siz bayaq dediniz ki, mən hər şeyin ən əlasını əldə edirəm. Hər halda sevməsəydiniz, o, övladınızın atası olmazdı...

- Həyatda çox şeylər olur... Mən indi yalnız qızımı sevirəm. Ondan əvvəl rəhmətlik anamı çox sevirdim. Mən çox yaxşı övlad olmuşam. Bunu tam əminliklə deyə bilərəm. Mən ideal anayam. Amma mən ideal sevgili olmamışam. Əslində mən çox mərd insanam, sevəndə varlığımla sevirəm. Lakin mən bu dünyada arzularımdakı obraza rast gəlmədim. Sevdiyim insan buna layiq olmadı. Seçimim düzgün idi, hər şey qarşılıqlı məhəbbət əsasında baş verib. Bu sevginin uzunmüddətli olmamasının səbəbkarı mən olmadım.

Həmin adam illər keçəndən sonra öz səhvini etiraf etdi, dedi ki, anasının sözünə qulaq asıb. Lakin qatar artıq getmişdi... Qəribədir, mənim bəyəndiyim kişilər sevgimə layiq olmadıqlarını tez biruzə veriblər. Mən ideal kişi axtarmırdım, lakin qadın olsam da, onlardan qüvvətli olmuşam. İlk məhəbbətim alınmayandan sonra mən şüurlu surətdə yenidən sevməkdən imtina etdim. Çünki dünyada ən böyük dərd sevgi iztirablarıdır. Ondan sonra mənə rast gələnləri, hətta övladımın atasını diqqətlə "görmək"dən qorxdum.

Mən şükür edirəm ki, Allah mənə bir övlad bəxş etdi, bütün ömrümü ona həsr etdim. Qızım mənim bütün iztirablarımı unutdurur. Mən dostluqda da xəyanət görmüşəm, elə indi də mənə dostlarım xəyanət edirlər. Mənə yeganə xəyanət etməyən səhnədir. Hamı bilir ki, mən heç vaxt dublyorla oynamıram. Rəhmətlik Əlabbas Qədirov bir dəfə dedi ki, əmr yazanda aktrisalar otağıma hücum çəkirlər ki, necə olur, Bəstiyə dublyor vermirsiniz? Onsuz da sənin oyununun yanında zəif ifa göstərməklə özləri biabır olacaqlar, gəl sənə bir dublyor verim. Onda dedim ki, ya mən tək oynayacağam, ya da istəyirsiniz, rolu başqasına verin. Bu mənəm, başqa cür ola bilmirəm.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.