Mədəniyyət

Panturalı: “Xanımların məndən zəhləsi gedir” - FOTO

29 Aprel 2011 14:05
Baxış: 2 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"OK!" Azərbaycan jurnalının məşhur Azərbaycan kompyuter animatoru Panturalı ilə müsahibəsi.

Özünüreklamı sevməsə də, yetərincə reklam rolikinin yaradıcısıdır. Öz sahəsinin bilicisi hesab olunur. Elə buna görə də iddialıdır, Azərbaycanda özünə rəqib görmür. Tanınmış kompüter qrafikaçısı Panturalı eyni zamanda özünü böyük kinoda da sınamaq niyyətindədir. Yaxın vaxtlarda Hollivud səviyyəsində film çəkməyi planlaşdırır. Filmin büdcəsi də nə az, nə çox, 20-25 milyon manatdır. Yeri gəlmişkən, Panturalını itirmək təhlükəsi də qaçılmazdır. Bizimlə söhbətində bildirdi ki, tezliklə xaricə üz tutmaq niyyətindədir. Dəvət də elə-belə yerdən yox, Hollivuddun özündən gəlib.

- Maraqlı adın var, bunun bir tarixçəsi var, yoxsa?

- Sözün düzü, mən əvvəldən panteranın vurğunuyam, qara rəngdə olur, tək gəzir... Buna görə də fikirləşdim ki, "Panter" adlı bir  prodakşn yaradım, amma sonradan gördüm ki. belə bir prodakşn artıq var. Odur ki, mən də panterlə Turalı qarışdırdım və beləliklə, Panturalı alındı.

- Dedin ki, panteri həm də yalqız olduğuna görə xoşlayırsan. Həyatda da özünü belə yalqız və tək hiss edirsən?

- Bəli, baxmayaraq ki, ətrafımda mənə yaxın olan insanlar var, amma yenə də tək və yalqızam.

- Bunu kompleks adlandırmaq olar?

- Olar, özü də bu məndə uşaqlıqdan qalma kompleksdir.

- Səbəb?

- Uşaq vaxtı məni ciddi, qapalı rejimdə saxlayıblar. Üzərimdə xüsusi nəzarət olub. Bunun da səbəbləri var; valideynlərimin dost-tanışları arasında pis vərdişlərə meylli olan insanlar olduğundan, ata-anamın gözü qorxub. 16 yaşına qədər məni hətta balkona belə çıxmağa qoymayıblar. Beləcə cəmiyyətdən kənar olmuşam. 18 yaşımda hərbi xidmətə yola düşdüm, yalnız əsgərlikdən qayıdandan sonra mənə bir balaca azadlıq verdilər. Bundan sonra 2-3 il çox sevdiyim qrafika işi ilə məşğul oldum. Son 2-3 ildə isə özümə dost-tanış tapdım.

- Amma belə deyirlər ki, yasaq olunan işlərə maraq daha çox olur.

- Mən də dayandım, dayandım, birdən partladım. İnsanlar daha çox yeniyetməlik dövründə istədiklərini edir, 25 yaşa çatanda isə hər şey artıq arxada qalır. Amma məndə bir az fərqli oldu. 23 yaşa çatdım və ona kimi etmədiklərimi 2 ildə etdim.

- Məsələn?

- Hər şey! Həm yaxşı mənada, həm də pis ... (Gülür).

- Nə vaxtsa azadlığını əlindən aldıqlarına görə indi valideynlərinə minnətdarsan, yoxsa, əksinə?

- Minnətdaram, ona görə ki,  hazırda düz yoldayam; nə narkoman oldum, nə də içki düşkünü. Pis cəhəti də budur ki, ətrafımda dostlarım azdır. İki yaxın dostum var, Elmar və Dövlət, onlar da həmişə yanımda olur.

- Dostluqda ən çox nəyi qiymətləndirirsən?

- Diqqəti, sadiqliyi. Mən özüm dostlarımla hər bir sirrimi paylaşıram, onlardan da bu münasibətin qarşılığını görmək istəyirəm.

- 25 yaşın var, yaraşıqlı oğlansan, yəqin ki, sevgidə də bəxtigətirənlərin sırasındasan...

- Yox. Xanımların hamısının məndən zəhləsi gedir. Zarafat edirəm. Hələ indiyə qədər xanımların mənə qarşı antipatiyasını hiss etməmişəm. Amma bəyənənlər çox olsa da, indiyə kimi dərdimdən ölən olmayıb. Yəni, zəhləsi gedən də olmayıb, lap belə dəli-divanə olan da.

- Bəs sən özün hansısa xanımın dərdindən dəli-divanə olmusan?

- O qədər... (Gülür). Amma gəl, şəxsi həyatı bir kənara qoyub, işimdən danışaq. Çünki özəl həyatımda depressiyadan, mənfi məqamlardan başqa maraqlı heç nə tapmayacaqsan.

- Niyə belə pessimistsən?

- Dedim axı, uşaqlığımın qapalı şəraitdə keçməsi mənə çox təsir göstərib... İndi-indi adam arasına çıxıram.

- Yaxşı, keçək işə, bacarıqlı kompüter qrafikaçısı sayılırsan. Bu işin incəliklərini kimdən öyrənmisən?

- Öz-özümə öyrənmişəm. Bu işə böyük həvəsim vardı, buna görə də evdə azadlıq aldığım gündən başımı bu işlə qarışdırdım. Elə indi də. Kompüter mənim həm dostum, həm övladım, həm də sevgilimdir.

- Qarşıda hansı möhtəşəm layihənlə bizi təəccübləndirmək fikrindəsən?

- Dostum Elmarın təşkilatçılığı ilə dünyamiqyaslı bir film çəkmək fikrindəyik. Filmin üç - Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi nəzərdə tutulub. Məqsədimiz Azərbaycanı dünyada tanıtmaqdır. Film komediya janrında çəkiləcək.

- Yəni, "Məhəllə", "Toy" və başqa komik filmlər kimi?

- Yox, onlar film deyil, teatral üslubda görülmüş işlərdir. Ümumiyyətlə, Azərbaycanda film anlayışı hələ formalaşmayıb.

- Səncə, niyə?

- Nə qədər ki, dövlət tərəfindən bir filmə 1 milyon manat pul ayrılacaq, amma cəmi 250 min manat sərf olunacaq, bizdə kino inkişaf etməyəcək. Ad olur ki, film çəkirik.

- Sirr deyilsə, sizin filmin büdcəsi nə qədər olacaq?

- 20-25 milyon dollar.

- İlin-günün bu vaxtında, bu məbləği sizə kim verəcək?

- Dostlar. Bu filmi çəkəndə mən fikirləşməyəcəm ki, Azərbaycanda hansısa rejissor işimə baxıb qiymət verəcək. Məqsədim filmimizi xaricdə hər hansı bir tanınmış rejissora göstərib, onun rəyini almaqdır.

- Filmin adı necə olacaq, ssenarini kim yazacaq?

- Adı hələ dəqiqləşməyib, ssenari müəllifi isə mən və Vüqar Hüseynovdur. Filmin təqdimatı əvvəlcə xarici ölkələrdə keçiriləcək. Yenə də vurğulayıram ki, əsas məqsəd ölkəmizi tanıtmaqdır. Pul qazanmaq sonrakı işdir.

- Çəkilişə nə vaxt başlayacaqsınız?

- Gələn ilin əvvəllərində. Onu da deyim ki, filmin çəkilişi istədiyim kimi getməsə, xaricə üz tutacam. Ümumiyyətlə, filmin alınıb-alınmamasından asılı olmayaraq, fikrim xaricə getməkdir. Hollivudan dəvət almışam.

- "Maşın" tele-şousunda da maraqlı işlərinin şahidiyik...

- Muradla çox işləmişəm. Çünki o insanla işləmək mənə xoşdur. Düzgün, təmiz insandır.

- Bəs kompüter qrafikaçısı kimi hansı işlər üzərində çalışırsan?

- Samir Kərimoğlunun çəkdiyi "Onun ürəyi" adlı filmdə qrafist kimi çalışıram. Amma adımın o filmin titrlərində getməsini istəmirəm. Çünki biabırçı, tələm-tələsik çəkilmiş bir filmdir. Yaradıcı heyət tələsdirildi və nəticədə də yaxşı olmadı. Ona görə mən də yola verdim, getdi. Məni tanıyanlar o filmdən heç nə gözləməsinlər. Amma mən nə Vüqar Camalzadəni, nə də Samir Kərimoğlunu günahlandırmıram.

- Səncə, kompüter qrafikaçılarının yetişməsi üçün bizdə ayrıca təhsil ocağına ehtiyac varmı?

- Yox, insanın canında, qanında bu işə həvəs olmalıdır. İncəsənətdə təhsilə ehtiyac yoxdur. Mən bu sahə üzrə heç bir təhsil müəssisəsini bitirməmişəm.

- Özünə rəqib görürsən?

- Yox, Azərbaycanda rəqibim yoxdur. Sizə bir söz də deyim ki, mən yalnız pul barədə düşünmürəm. Zövqümü korlayan işləri götürmürəm, lap mənə 100 min manat versələr də.

- Puldan söz düşmüşkən, işindən yaxşı qazanc götürə bilirsən?

- Qazanc deyəndə ki, pulum kontura və benzinə çatır.

- Niyə belə az?

- Çünki bizdə çox pul verən yoxdur. Bu saat Azərbaycanda 30 min manata dünya səviyyəli bir reklam roliki çəkmək olar. Amma bizə maksimum 2 min manat verirlər ki, qəşəng bir reklam çək. Mən də yola verirəm gedir.

- Arzularını da bilmək maraqı olardı?

- Üç arzum var: "Oscar" almaq, yarıma qovuşmaq, xoşladığım xarici avtomobilə sahib olmaq!










Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.