- Sonaxanım xanım, təcrübəli aktrisalardan birisiniz... Hələ də "ad"a işləyirisiniz, yoxsa buna ehtiyac olmadığını düşünürsünüz daha?
- Mən heç bir zaman adı düşünüb işləməmişəm. Sadəcə olaraq, işimi çox istəyirəm, o ki qaldı ad məsələsinə həmin adı qoy mənə xalq versin.
- Xalq sizi necə adlandırıb bu vaxtacan?
- Yaratdığım hər bir obrazdakı daşıdığım adlarla... Yaxud da sevimli aktrisamız deyirlər mənə.
- Sevimli olmağı necə bacarmısınız?
- Məncə, səmimi olmağımla. Ancaq bu suala məni sevənlər daha aydın cavab verə bilərlər.
- Sizin səmimi olduğunuz qədər çevrənizdəki insanlar da səmimidirlərmi?
- Deməzdim hamısı, lakin bir hissəsi bəlkə də... Bir də ki, hamının bir-birinə qarşı səmimi olması mümkün deyil.
- Siz qeyri-səmimi olan insanları sezə bilirsiniz?
- Hərdən sezə bilirəm, hərdən isə yanılıram.
- Sizi sənətdə zirvəyə çatdıran kim və ya nə oldu?
- Bu sənətin "pik nöqtəsi" olmur. Mən də hələ pillə-pillə nələrəsə nail olmağa çalışıram. Sadəcə olaraq, mənə daha çox uğur gətirən "Pərvanələrin rəqsi" serialı və onun rejissoru Rövşən İsax oldu.
- Zirvəyə doğru gedən yolda qarşınızı kəsmək istəyənlər var?
- Əlbəttə, zaman-zaman çox olub, amma sonda haqq öz yolunu tapır.
- Siz öz yolunuzu tapa bilmisiniz?
- Çətin olsa da, məncə, tapmışam...
- Ailəlisiniz?
- Xeyr, boşanmışam.
- Çoxdan?
- Artıq yeddi ildir.
- Boşanmaq üçün ilk addımı siz atdınız, yoxsa yoldaşınız?
- Mən atdım, o, yalnız səbəbkar oldu.
- Niyə sizi bu addımı atmağa vadar etdi ki?
- Mənə xəyanət etdi.
- Deməli, sizi aldatdı...
- O, məni aldatmadı, özünü aldatdı, əslində. İnsan hər zaman düşünür ki, ay nə gözəl, mən kimisə aldatdım, amma əslində isə yalnız özünü aldatmış olur.
- Sizin özünüzü aldatdığınız məqamlar olmayıb?
- Xeyr, çünki mənim həyatda bir qanunum var. Ən böyük biclik düzlükdür.
- Bədən quruluşunuzdan razısınız?
- Razıyam, amma son zamanlar bir qədər artıq çəki atıram.
- Bunun üçün idman edirsiniz, yoxsa pəhriz saxlayırsınız?
- Hər ikisindən də istifadə edirəm.
- Hələ də fəxri ad almamısınız, sizcə, vaxtı gəlib çatmayıb?
- Məncə çatıb, amma...
- Amma nə?..
- Bu məsələni mən həll etmirəm axı...
- Hal-hazırda seriallarla bağlı vəziyyət necədir? Yeni təkliflər varmı?
- Təkliflər olur, amma mənim "Xəzər" televiziyası ilə müqaviləm var, ona görə də hələ ki, heç bir təklif qəbul edə bilmərəm.
Cavidan Abdullayev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

























