"Dolu" filminin "Pələng"i, aktyor-rejissor Elvin Əhmədovun Milli.Az-a müsahibəsi.
- Elvin, sizi əksəriyyət "Dolu" filmindən tanıyır. Özünüz özünüzü necə təqdim edərdiniz?
- 1990-cı il fevralın 3-də Salyan rayonunda anadan olmuşam. 20 Yanvar hadisələri ilə bağlı ailəmiz Salyana gedib və orada dünyaya gəlmişəm. Əslən salyanlı olsam da, Bakıda böyümüşəm. 2007-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər rejissoru ixtisasına daxil olmuşam. İşləmək üçün qiyabi təhsil almışam. Bəlkə də qiyabi oxumasaydım, "Dolu" filminə çəkilməyəcəkdim. Birinci kursu bitirib hərbi xidmətə yollandım. Əsgərliyim sərhəd qoşunlarında keçib. 2010-cu ildə kinostudiyaya getdim. Ənvər Əblucun "Tərsinə çevrilən dünya" filmində rejissor assistenti işlədim. İşim xoşlarına gəldiyi üçün "Dolu" filminə rejissor assistenti kimi təsdiqləndim. Məni Əliqulu Səmədov çağırmışdı. "Dolu"nun hazırlıq prosesini aparmışam. Pələng roluna özüm beş nəfər gətirmişdim.
- Kimlər idi?
- Cövdət Şükürov, Şəhriyar Əbilov, Nurlan Rüstəmovu kastinqə gətirmişdim. Şəhriyar o vaxt indiki kimi bəzənib-düzənmirdi, sadə idi.
- Elxan Cəfərov onların heç birini bəyənmədi?
- Heç birini bəyənmədi, mənim də xəbərim yox idi. Axşamüstü işdən çıxırdım, dedilər ki, gödəkçəni çıxart, bir dənə şəklini çəkək. Videosınaqdan sonra baş rola təsdiqləndim.
- Bu film dövlət sifarişiydi, ətrafında yetərincə ajiotaj var idi. Bütün bunlar səni narahat etmirdi? Çünki Pələngi oynayanda cəmi iyirmi yaşın vardı.
- Vəziyyəti tez dərk elədim. Ancaq deyim ki, mənə dəstək olanlarla yanaşı, dəstək olmayanlar da oldu. Filmdə komandiri oynayan Məmməd Səfa mənə dəstək olmurdu. Ancaq "Drakon" rolunu oynayan Rza Rzayev əvvəldən axıra kimi mənə mənəvi dəstək oldu. O, mənim dostum, qardaşımdır. Ümumiyyətlə, çoxları Elvini o filmdə görmək istəmirdilər. Aktyor olmayan adamın birdən-birə baş rolda çəkilməyini qəbul edə bilmirdilər.
- Məmməd Səfa deyirdi ki, bu rol sizdə alınmayacaq?
- Mənə heç nə demirdi, amma üz-gözündən hiss edirdim də.
- O rolu oynamağınıza qarşı çıxan insanlar sonradan necə reaksiya verdilər?
- Elə adamlar oldu ki, mənə dedilər, elə bilirdik, yaxşı alınmayacaq. İnanıram ki, özləri də peşman olmuşdular. Ümumiyyətlə, hazırda Azərbaycanda kinoaktyorlar o qədər də populyar deyillər. Digər ölkələrdə kinoaktyorlar daha çox gündəmdədirlər.
- Etiraf edək ki, karyeranızda bu rolun və filmin çox böyük rolu oldu.
- Əlbəttə.
- Özünüz nə vaxtsa film çəkməyi düşünürsünüz?
- Bir ara kimin əlinə fotoaparat düşürdüsə, götürüb film çəkirdi. Amma rejissor olmaq üçün əvvəlcə assistent olmalısan, sonra ikinci planda işləməlisən, uzun müddət ikinci rejissor işləməlisən. Ondan sonra baş rejissor ola bilərsən. Bu gün kino çəkmək üçün nəyi necə etmək lazım olduğunu da bilirəm, yaxşı komanda yığmağı da bacararam. Ancaq indi ikinci rejissor və aktyor kimi işləməyə daha çox üstünlük verirəm. "İkinci bahar" serialını çəkən "Media master" şirkəti üç serial çəkib. Bundan sonra "Tufanlı səma" serialı mart ayından "Lider" telekanalında yayımlanacaq. O serialda böyük rolda deyiləm. Amma artıq həmin şirkətdə ikinci rejissor kimi işə başlamışam. Bu yaxınlarda Sain Qəhrəmanın rejissorluğu ilə 12 seriyadan ibarət daha bir serial çəkiləcək. Orada isə baş rolu oynayacağam. Hələlik həmin serialın adı müəyyənləşdirilməyib.
- Sosial şəbəkələrdə çox fəalsınız. Tez-tez gənc xanımlarla fotolar paylaşırsınız. Deyəsən, torbada pişik var...
- Gəlib haradasa otururam, bir xanım yaxınlaşıb şəkil çəkdirmək istədiyini deyir. Şəkil çəkdiririk, sonra paylaşıb, məni də işarələyir. Ancaq şəxsi həyatımda ciddi mənada heç kim yoxdur. Elə zəmanədə yaşayırıq ki, ciddi münasibət qurmaq çox çətindir.
- Pərəstişkarlarınız arasında xanımlar üstünlük təşkil edir, yoxsa bəylər?
- Xanım pərəstişkarlarım daha çoxdur. Kişilər isə məni "Dolu" filmindəki Pələng roluna görə çox istəyirlər. Sosial şəbəkələrdə bununla bağlı həddən artıq çox mesaj alıram.
- Sosial şəbəkədə yazışdığınız xanımlardan real həyatda görüşdüyünüz olub?
- Olub. Amma dərin münasibət olmayıb.
- İndi əksər gənc aktyorlar, rejissorlar özlərinə "fan page" açırlar.
- Bunu məndən soruşublar. Fan klubu aktyor yox, fanın özü açmalıdır. Bir-iki nəfər təklif edib ki, bəlkə, açım. Ancaq düşünürəm ki, bir az da işləmək, uğurlar qazanmaq, tanınmaq lazımdır. Bir seriala çəkilib fan-klub, fan səhifəsi açmaq iş deyil. Bəlkə də indiki halda "fan page" açsam, müəyyən sayda insanlar bəyənə bilərlər.
- Artıq 5-6 ildir ki, bu sahədəsiniz. Ən azı, peşəkar tamaşaçısınız. Bu müddətdə çəkilən seriallardan tamaşaçı kimi bəyəndiyiniz hansı olub?
- Xanlar Ağayevin çəkdiyi "Qanun naminə" serialını çox bəyənirəm. Onun altıncı seriyasında balaca bir rol oynamışam. Noyabrın sonlarında Pirallahıda o seriala görə plaşda, şalvarda, ayaqqabıda, corabda dənizə girmişdim. "İkinci bahar" serialını da bəyənirəm. Ancaq özüm orada çəkildiyim üçün demirəm.
- Bəs səbəb nədir?
- Ola bilər ki, ssenaridə qırıqlıq olsun, çəkiliş zəif alınsın. ATV kanalı bizə hər seriya üçün bir saat efir vaxtı söz vermişdi, sonradan bu vaxt 45 dəqiqəyə endirildiyi üçün məcbur olub müəyyən ixtisarlar etdik. Ona görə serial istədiyimiz səviyyədə alınmadı. Bir az tələskənlik oldu. Üstün tərəfi o idi ki, mahnıları türk bəstəkarı Murat Engin yazmışdı, bizim tamaşaçının bəyəndiyi stil idi. Rəngləri, stilistikası qaydasındaydı, aktyor heyəti də yaxşıydı. "İkinci bahar"dan sonra yayımlanan "Günahkar" serialıyla müqayisə edəndə fərqi adi adam da görür. O serialı çəkən Nicat Cəlilov pis uşaq deyil, amma orada Vidadi Əliyevdən başqa heç kimi tanımadım. O da yaşlı aktyordur, arada görünür, arada yox. Ondan başqa, orada heç kim yox idi. Elə bil ki, əmiuşaqlarımı yığıb serial çəkirəm. Sizi əmin edirəm ki, Nicat ikinci dəfə serial çəksə, yenə eyni adamlar olacaq.
Elçin Tağıyev
Milli.Az





