Mədəniyyət

"Yenilməz batalyon"un KADRARXASI: "Filmə çəkilən rus aktyorlar Şəkidə qarınağrısına düşmüşdülər" - FOTO

27 Dekabr 2014 15:21
2 Şərh     Baxış: 9 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, modern.az saytı "Kadrarxası" layihəsini davam etdirir. Bu həftə müsahibimiz Rafiq Dadaşovla birlikdə illərin yükünü çiynində daşıyan "Yenilməz batalyon" filmindən bəhs edirik. İnanırıq ki, 50 illik yaşı olan bir filmin tarixi, çəkiliş prosesi, baş verən yaddaqalan hadisələr sizlər üçün də maraqlı olacaq.
 

Arayış: 1946-cı il iyul ayının 20-də Bakı şəhərində anadan olan Rafiq Dadaşov 1953-1961-ci illərdə 171 saylı orta məktəbdə oxuyub, 1963-cü ildə 5 saylı fəhlə-gənclər gecə məktəbini bitirib.
1963-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunsa da, 1964-cü ildən rejissor köməkçisi kimi fəaliyyət göstərməyə başlayıb. Həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1970-ci ildə universiteti bitirib. 1969-1971-ci illərdə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali ikiillik kinorejissor və ssenarist kurslarında təhsil alıb. Bundan sonra III dərəcəli kinorejissor ixtisası adı alıb.
1972-1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor vəzifəsində çalışıb. 1995-ci ildən "Aztelefilm" birliyində işləyib. Daha sonra isə Teleradio Şirkətində "Sabah" yaradıcılıq birliyində rəhbər müavini vəzifəsində çalışıb. 1997-ci ildən yenidən "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. 2002-ci ildə Azərbaycan Televiziya və Radio verlişləri QSC-nin "Aztelefilm" birliyində kinorejissor vəzifəsində çalışıb.
Rafiq Dadaşov Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Hazırda "Region" TV-də Mədəniyyət şöbəsində çalışır. Ailəlidir, iki övladı var. Həyat yoldaşı "Fəryad", "Qəzəlxan", "Piverdinin xoruzu", "Yaramaz", "Qəm pəncərəsi" kimi filmləri montaj edən kinomontajçı Nelli Dadaşovadır.
 

Çəkilişlərinə 1964-cü ildə başlanılan "Yenilməz batalyon" filmi 1907-ci il Zaqatala hadisələrinə həsr olunub. Ekran əsərində Çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır.
 

Filmin ssenari müəllifi Qılman Musayev, quruluşçu rejissor Hüseyn Seyidzadə, operatorlar Xan Babayev, Rasim İsmayılov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Cahangir Cahangirov, "Teymurun mahnısı"nı ifa edən İslam Rzayev, filmin direktoru Nazim Ələkbərovdur.
 

Rollarda Tamilla Ağamirova, Vladimir Yemelyanov, İsmayıl Osmanlı, Anatoli Yurçenko, Müxlis Cənizadə, M.Orlov, İsanbet Prozat, Valentin Kulik, Ofeliya Məmmədzadə, Mixail Puqovkin, Ceyhun Mirzəyev, Pavel Vinnik, Hüseynağa Sadıqov, Zoya Çekulayeva və başqaları çəkilib.
 

"Şəkidə elə yağış yağdı ki..."



Müsahibimiz film haqqında məlumat verməyə başlayarkən öncə ekran əsərinə həsr olunan verilişlərdə gedən yalnış informasiyalara aydınlıq gətirib. O qeyd edib ki, "Yenilməz batalyon"la bağlı hazırlanan bir neçə televiziya verilişində filmin çəkiliş yeri olaraq Zaqatala rayonun adı çəkilib. Halbuki, ümumiyyətlə bu filmlə bağlı Zaqtalada hər hansı çəkiliş olmayıb.
 

Rafiq Dadaşov: "Deməli, "Space" telekanalında "Yenilməz batalyon" filminə aid hazırlanmış bir verilişə baxırdım. Aparıcı çəkiliş yeri olaraq Zaqatalanın adını vurğulayırdı. Halbuki, həmin rayonda çəkilişlərimiz olmamışdı.
 

Bütün çəkilişlər Bakıdakı köhnə kinostudiyanın pavilyonunda, eyni zamanda da Şəkidə həyata keçirilib. Əsas natura çəkilişləri elə Şəkinin adıyla bağlıdır. Səhnələr Şəkiətrafı, Oğuz (Qırxbulaq səhnəsi, arabanın partlaması), Xanabadda (final səhnəsi) ekranlaşdırılıb.
 

Deməli, 1964-cü ilin sentyabr ayı idi, bütün heyətlə Şəkiyə yollandıq. Biz iki ekspedisiya ilə Şəkiyə getmişdik. Çəkilişlər zamanı çox böyük çətinliklərimiz oldu. Biz Şəkiyə çatdıq, yerləşdik. Təsəvvür edə bilməyəcəyiniz qədər güclü yağış yağmağa başladı. Gözləməli olduq, bir gün, iki gün...
 

Demək olar ki, hər gün boşluq idi. Yuxudan durub nə edəcəyimizi bilmirdik. Gördük ki, bu yağış kəsən deyil. Bir ay ərzində boş yerə Şəkidə gözlədik. Nəhayət qərara gəldik ki, Bakıya qayıdıb pavilyon çəkilişlərini həyata keçirək. Bu gecikmələrdən dolayı filmin çəkilişləri bir ildən çox vaxt aldı.
 

Böyük səhnələrdən olan həyətdə ev tikilməsi, işçilərin yük daşıması, kazarma, dərzi Yusifin evi pavilyonda qurulmuş səhnələr idi".

Müsahibimiz qeyd edir ki, filmdəki dava səhnəsində çəkilənlərəsl idmaçılar olub.

Xavərin pianino çaldığı səhnə iki yerdə çəkilib. Böyük qonaqlıq yeri Nizami bağında yerləşən böyük bir klubda, tək başına pianinoda ifa etdiyi səhnə isə köhnə kinostudiyada ekranlaşdırılıb. İfa edən isə o özü deyilmiş. Kadrda görünən də onun əlləri olmayıb.
 

"Hüseyn Seyidbəyli çəkiliş prosesində çox qəddar idi..."

"Yenilməz batalyon" Rafiq Dadaşovun böyük filmdə ilk işi olub. Onun Həsən Seyidbəyli ilə birgə işi isə "Dağ meşəsindən keçərkən..." kinoalmanaxı ilə başlayıb.

"Yenilməz batalyon" filmində titrlərdə adı keçməsə də, o rejissor köməkçisi kimi iştirak edib. Müsahibimiz deyir ki, o vaxt rejissor köməkçisinin işi "Xlapuşka" vurmaq, gün ərzində baş verənlərlə bağlı hesabat hazırlamaq, kim işə gəlib, kim gəlməyib, çəkiliş üçün lazım olan avadanlıq, hansı səbəbdən çəkiliş gecikib, bunların hamsını qeyd etməkdən ibarət idi.

"Yəni, sabahısı gün filmdə gecikmə olardısa, yazılı şəkildə izahat verirdik".
 



Rafiq Dadaşov: "
O vaxt hər şey indiki kimi asan deyildi. Həm maddi, həm də texniki baxımdan çətinliklə vardı. Həmçinin nəzərə alın ki, bu filmdə kadrlar bir neçə dubla çəkilirdi. Təsadüfi hallarda olardı ki, hanısısa kadr 2-3 dubla çəkilsin. Hüseyn Seyidbəyli çəkiliş zamanı çox tələbkar və qəddar idi. Onun tələbkarlığı səbəbindən dublların sayı çox olurdu. Çəkilən səhnələr onu qane etməyəndə, əlbəttə ki, dublların da sayı artırdı. Sonda isə çəkilən dubllar arasından film üçün daha yararlı olanları seçilirdi.

Bakıdakı pavilyon çəkilişlərini bitirdikdən sonra yenidən Şəkiyə yollandıq. Əsas səhnələr Şəkidəki türmə-qalanın ətrafında reallaşdırıldı. Deməli, türmənin ətrafında dekorasiyalar tikmişdik. Qala çəkilişləri, əsgərlərin addımlaması, barabanların çalınması hamısı orda lentə alınıb".
 

"O vaxt asfalt yox idi, yerə "qəmbərlik" düzmüşdük"

Rafiq Dadaşov: "O vaxt asfalt yox idi. Buna görə də, Moskvadan "qəmbərlik" sifariş vermişdik. "Qəmbərlik" təxminən 1 metrlik bərk rezin idi. Onu yerə döşəyib üstündən də torpaq səpirdik ki, real yol görüntüsü yaransın. Qəmbərlik olmasa, çəkilişlərdə aktyorların yeriməsi, səhnələri qurmaq çətin olardı".

Aktyorların rolları müqabilində aldığı qonarara gəldikdə, müsahibmiz deyir ki, maaş stavkalarla verilirdi.
"Çəkildiyi metrajdan asılı olaraq aktyorun qonorarı müəyyən olunurdu. Gündəlik norma 35 metr idi. Ən böyük stavka xalq artistləri üçün 50-70 manat idi. Onları xüsusi dəvət edirdilər".
 

"Boğazındakı xərçəng Xan Babayevə sona qədər iştirak etməyə imkan vermədi..."



Çəkilişlərə start veriləndə filmin ilk operatoru Xan Babayev olur. Hər şeyin uğurla davam etdiyi bir vaxtda amansız xərçəng xəstəliyinə yoluxan Xan Babayev səhhətindən dolayı işini davam etdirə bilmir.
 

Rafiq Dadaşov: "Xan Babayev çox gözəl insan idi. Heyf ki, həyatının ən yaxşı çağlarında bizi tərk etdi. Çünki, boğaz xərçəngi ona nəfəs almağa imkan vermirdi.
 

Filmi yarımçıq qoymaq məcburiyyətində qaldı və kino ittifaqında çalışmağa başladı. Bundan təxminən bir ilə yaxın müddət keçdikdən sonra isə onu itirdik.
 

Xan filmdən gedəndən sonra operatorluq Rasim İsmayılova tapşırıldı. Rasim də çox güclü operator idi. Ona görə də operatorun dəyişməsi çəkiliş qrupu üçün heç nəyi dəyişmədi. Çəkilişlər start götürdüyümüz səviyyədə də davam etdi".
 

Xavərin sağollaşdığı şəkil

Rejissor qeyd edir ki, Xavərin Dobrovolski ilə sağollaşdığı səhnə üçün bütün günü hazırlıqlar görülüb: "Filmdə 30 saniyəlik yer alan bir kadr üçün səhərdən axşama qədər bütün heyətlə hazılıqlar gördük. Uşaqlar kranı qurdu, yerləri müəyyən etdi, real alınması üçün yeri dərə-təpə kimi düzəltdilər. Xüsusilə də ahənglik təşkil etməsi səbəbiylə Günəşin batmasını gözlədik. Və vida səhnəsi axşam saat 8-də ekranlaşdırıldı".
 

Filmin "Xavər"i hazırda Moskvada yaşayır



Nəzər yetirdikdə filmdə rus aktyorlarına üstünlük verildiyini görürük. Rafiq Dadaşov bunu filmdəki obrazların rus olması ilə əlaqələndirir: "Əsasən rus, tatar aktyorları Vladimir Yemelyanov, Pavel Vinnik, Anatoli Yurçenko, Mixail Puqovkin və başqaları filmdə çəkilmək üçün dəvət olunmuşdu. Onlarla bizim aktyorlar arasında hər hansı narazılıq olmurdu. Çünki, qrup peşəkarlardan ibarət idi. Hamı öz işinin öhdəsindən bacarıqla gəlirdi.
 

Müsahibimiz qeyd edir ki, Xavər rolunu canlandıran Tamilla Ağamirova hazırda Moskvada yaşayır. "Nikolay Sliçenkoyla ailə qurmuşdu deyə, filmlərdə çəkilməyi demək olarki dayandırıb Əsasən teatrda oynamağa başlayıb".
 

Tamilla Ağamirovanın 1952-ci ildə konsert vermək üçün yollandığı Sverdlovsk şəhərində (indiki Yekaterinburq) taleyini dəyişəcək görüş baş verir. Həmin vaxt Sverdlovskda tamaşa proqramı ilə çıxış edən və dünyaya yeganə qaraçı teatrı sayılan Moskvanın "Romen" teatr truppasının üzvlərindən olan Lyalya Çernaya şəhər mehmanxanalarından birində Tamilla Ağamirova ilə üzləşir və ona işləmək üçün təklif verir. Tamilla dərhal Çernayanın "Romen" teatrında işləmək barədə təklifini qəbul edir. Elə həmin gün teatrın bədii şurası azərbaycanlı xanımın truppaya qəbul olunması ilə bağlı müsbət rəy verir.
 

Beləliklə, 24 yaşlı Tamilla Ağamirova 1952-ci ildən etibarən qaraçıların "Romen" Musiqili Komediya Teatrının aparıcı aktrisası olur. Amma teratr kareyrası ilə yanaşı, Tamilla Ağamirova kino təklifləri də almağa başlayır. 29 yaşında böyük ekranda debut edən azərbaycanlı xanım kino karyerasını ikinci planda saxlayır və daha çox teatr tamaşalarında iştirak edirdi.
Təsadüfi deyil ki, uzun karyerası boyu Ağamirova cəmi 12 filmdə çəkilib.
Tamilla Ağamirovanın şəxsi həyatına gəlincə, o karyerasını "Romen" qaraçı teatrı ilə bağladığı kimi, həyat yolunu da qaraçı oğlanla - SSRİ Xalq artisti (1981), tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə bölüşüb. Onlar uzun illər birgə çalışdıqları "Romen" teatrında tanış olublar. Hazırda Moskvada övladları, nəvələrilə birgə yaşayırlar.
 

"Rus aktyorlar Şəki qaymağından yeyib qarınağrısına düşdülər"



Rafiq Dadaşov
: "Moskvada mərkəzləşmiş aktyor şöbəsi vardı. Rejissor və assistentlər siyahıya baxaraq istədiyi aktyoru seçib filmə dəvət edirdi. Sınaq çəkilişlərindən uğurla keçənlər filmə təsdiq olunurdu. Müqavilə bağlanırdı və aktyorlar filmdə çəkilirdi".

Filmdə istifadə edilən kostyumlara gəlincə, rejissor deyir ki, onları, eləcə də digər lazımi avadanlıqları Moskvadakı sexdən sifariş veriblər.

"Vladimir Yemelyanov, Pavel Vinnik, Valentin Kulik ilk dəfə Şəkiyə gəlmişdilər. O vaxt Şəki bazarında ucuzluq idi. Bunlar fasilədə bazarın canına düşür, ucuz qaymaqdan görüb nəfslərinə güc gələ bilmirlər. Qaymaqdan o qədər yeyirlər ki, axırda qarınağrısına düşürlər. Elə onların qarınağrısından dolayı iki gün çəkilişlər ləngidi. Çünki, onlar bu müddət ərzində otaqda yatıb özlərinə gələməyə çalışırdılar".

R. Dadaşov daha bir rus aktyoru Puqovkinlə bağlı xatirsəni də bizimlə bölüşüb: "1964-cü ilin qışı idi. Puqovkin Bakıya gəlməli idi. Bulvar ərazisində böyük əyləncə mərkəzi vardı. Gözlədiyimiz reysdə o gəlmədi. Fikirləşdik ki, gecikir. Uşaqlarla birlikdə bulvar ərzisindəki həmin klubda oturduq, yeyib-içməyə başladıq. Bir də baxdıq ki, Puqovkin bizdən kənarda başqa qrupun uşaqları ilə əylənir, özü üçün yeyib-içir. Bakıda başqa uşaqlar onu qarşılayıb gətirmişdilər. O vaxt aktyora münasibət başqa cür idi. Tam təmannasız olaraq hörmət edirdilər".

Əksəriyyətinin gəlmələr olmasına baxmayaraq rejissor deyir ki, aktyorlar arasında münasibət çox gözəl olub. Hətta bizimkilər onlar üçün dəfələrlə qonaqlıqlar təşkil edib, vaxtlarının səmərəli keçməsinə çalışıblar. Xalqımız qonaqpərvərliyini burda da nümayiş etdirib. Onları istirahət evində qonaq ediblər. Onlar razılıqla Azərbaycandan ayrılıb.
"Məsələ burasındadır ki, bura gələndə də biz qonaqlıq verirdik, ora gedəndə də...".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.