Mədəniyyət

"Məşhur tələbə yoldaşım": "Ceyhun kimi sənətkarın haqqı tapdandı" - FOTO

6 Dekabr 2014 15:28
4 Şərh     Baxış: 4 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az bildirir ki, modern.az saytının "Məşhur tələbə yoldaşım" rubrikası bu dəfə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə bu gün də sevilən aktyor, kinorejissor Ceyhun Mirzəyev haqqındadır. Mərhum sənətkar barədə onun tələbə yoldaşı, dostu, aktyor, kinorejissor, ssenarist Əbdül Mahmudov danışır:

"Ceyhundan avtoqraf alırdıq"

"Ceyhun Azərbaycan kino tarixində, mədəniyyətində o şəxsdir ki, barəsində gecə-gündüz danışmağa mövzu var. Çünki bu kişi gözəl bir məktəb qoyub gedib. Ceyhun Mirzəyevlə mən Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunu qurtarmışıq. 60-cı illərdən danışıram. O vaxt institutda cəmi 50-60 nəfər idik. 3 fakültə vardı: rejissorluq, dram və kino aktyoru fakültəsi və mədəni-maarif fakültəsi.
Ceyhun teatr rejissorluğu fakültəsində, mən isə dram və kino aktyoru fakültəsində oxuyurduq. Səhərdən axşama kimi bir yerdə idik. İnstitut balaca, cəmi 4-5 auditoriyamız vardı. O vaxt institutda çox sağlam, işgüzar, yaradıcı bir mühit vardı. Çünki orada böyük Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımov - kimlər-kimlər dərs deyirdilər.

Ceyhun Mirzəyev instituta gələndə artıq məşhur aktyor idi. Biz ilk dəfə Ceyhunu görəndə hamımız çaşıb qaldıq. Ondan avtoqraf alırdıq. Çünki o uşaqlıqdan filmlərə çəkilmişdi, "Ögey ana"da İsmayıl kimi sevilən obraz yaratmışdı. O vaxt kinoda adicə bir epizoda, ikinci dərəcəli bir rola çəkilən adam artıq populyar, hörmətli  olurdu.
Onu hamı tanıyırdı. "Ögey ana"da oynayan bir uşaq sonra "Lenfilm" kinostudiyasında çəkilən "Qara qağayı" filmində rol almışdı. Ceyhun sonraalr mənim "Qaçaq Nəbi" filmimdə də çəkildi. Tacirlərin birini oynayır. Tofiq Tağızadə Mermenin "Matteo Falkone" əsərindən qısametrajlı film çəkmişdi. Film ispan həyatından idi. Ceyhun orada ispan balasını - inqilabçının uşağını oynayırdı. Ceyhun çox istedadlı insan idi. İstedadlı olduğu qədər də səmimi, gözəl bir dost, qardaş idi".

"Teatr institutunda rusca danışmaq qadağan idi"

"Ceyhun bakılı idi, şəhər mühitində, mədəni mühitdə, çox ziyalı bir ailədə böyümüşdü. Onun yüksək intellektual səviyyəsi vardı, iki-üç dil bilirdi.

Ceyhun Mirzəyev həm də rusdilli idi. O vaxt şəhərdə əksər ziyalı ailələri rusca danışırdılar ki, guya desinlər bunlar şəhər adamlarıdır. Amma Ceyhun özü rusdilli olsa da, azərbaycanca təmiz danışırdı.

Teatr İnstitutunda rusca danışmaq olmazdı, hamı azərbaycanca danışırdı. Ona görə qəbul olunan rusdilli uşaqlar axırda institutu qurtaranda azərbaycanca yaxşı danışırdılar. Amaliya Pənahova orta məktəbi rus dilində bitirib, Şəfiqə Məmmədova da rusca oxumuşdu. Biz Ceyhunla auditoriyada, şəhərin küçələrində gəzəndə zarafatlaşırdıq. Ceyhun bizimlə rusca danışanda ona cavab vermirdik. Azərbaycanca danışanda da sözləri elə gülməli tələffüz edir, elə təhrif olunmuş deyirdi ki, onunla bağlı hətta bir neçə lətifə də düzəltmişdik. Cavanlıq illəri idi də... Yəni Ceyhun boyda ustad, tanınan bir azərbaycanlı gənc Azərbaycan dilində o vaxtlar bir az çətin danışırdı. Sonralar, Allaha şükür, hər şey yoluna düşdü.

Ceyhun çox zarafatcıl adam idi. Bu adam həm də qəribə bir fitri istedada sahib idi. Bircə dəfə kiminləsə görüşən kimi onu elə parodiya edirdi ki, dəhşətə gələrdiniz. Ceyhunda rus dilində parodiya da çox gözəl alınırdı. Azərbaycan teatr, kino mədəniyyəti tarixində iki nəfər əvəzolunmaz şəxs idi. Biri rəhmətlik Səməndər Rzayev, biri də Ceyhun Mirzəyev. Bax, onlar ikisi bir kursda, bizdən bir il aşağı oxuyurdular.

Ceyhunla ailəvi dost idik. Hətta tələbəlik vaxtı mənim toyumu Ceyhun Mirzəyev başda olmaqla dostlarım ediblər. Təşkilatçılar Elxan Qasımov, Ceyhun Mirzəyev, bir də rəhmətlik Şahmar Ələkbərov idi. Ağsaqqalımız, bizə rəhbərlik edən də Həsənağa Turabov idi. Rəhmətlik Həsənağa Turabov mənim ailə işimin elçisi olub". 

"Ceyhun çox gec, amma böyük sevgiylə ailə qurdu"

"Kino bir az bu teatr mühitindən, musiqi aləmindən, şou aləmindən fərqlidir. Çünki kino daha ciddi təşkilat və çox yüksək intellektual səviyyə, yüksək qabiliyyət, savad, dünyagörüş, elm, bilgi tələb edən sənətdir.

Ceyhun o qəbil dostlarımızdan, yaradıcı insanlardan idi ki, onunla həm aktyor seçimində, həm rejissor seçimində, həm də ssenari seçimində çox yüksək səviyyədə məsləhət etmək olurdu. Çünki çox hazırlıqlı insan idi.

Ceyhun əvəzsiz dost idi, onunla 40 il sərasər bir qapıdan girib-çıxmışıq. Ömrümüzün yarısı kinostudiyada keçib. Kinostudiya elə təşkilatdı ki, bəzən həftələrlə bayıra çıxmırdıq. Qəribə mühit idi. Heyf, heyf...
İndi sizinlə danışıram, qəhər boğur məni. Bütün səmimiyyətlə deyirəm ki, o boyda, 3-4 min adamın işlədiyi kinostudiyada fəhlədən tutmuş direktora kimi bir adam da Ceyhundan inciməmişdi.

Ceyhun çox gec evləndi, rus milliyəti ilə qarışıq bir xanımla ailə qurdu və bir qızı dünyaya gəldi. Həmin xanım prokurorluq sistemində işləyirdi. Ceyhun dünyasını dəyişəndən bir müddət sonra uşağını da götürdü, doğmalarının yaşadığı Rusiyanın Stavropol diyarına getdi.
Ceyhunun anası sağ idi, qohumlarının çoxu isə dünyasını dəyişmişdi. Yaxın adamlarının çoxu Bakıdan kənarda yaşayanlar idi. Və o xanım da tək qaldı, qızını da götürdü, Rusiyaya köçdü.
Onların ailəsi çox böyük məhəbbətlə qurulmuşdu. Ceyhunla o xanımın çox böyük sevgisi var idi".

"Ceyhun kimi böyük adam haqqını ala bilmədi"

"Ceyhun Mirzəyev həm aktyor, həm də rejissor kimi özünü tam göstərə bildi. Onda Allah vergisi vardı.
"Fəryad" filmi "Ögey ana" filminin davamı kimi çəkilmişdi. Ceyhun özü həm "Fəryad"ı çəkdi, həm də orada baş rolu oynadı. Və şükür Allaha ki, o film çəkildi, Ceyhundan son yadigar qaldı. "Fəryad" Azərbaycan kinosunun tarixinə böyük  sənət əsəri kimi düşdü.

Ceyhun eyni zamanda uzun illər "Mozalan"ın aparıcı rejissoru idi və oranın bütün təşkilatı işlərinə rəhbərlik edib. "Mozalan"da yüzlərlə sujetin çəkilməsi bilavasitə Ceyhunun xidməti idi.

Ceyhun kinoda az yaşında öz işini gördü, böyük bir məktəb qoyub getdi. Amma o boyda böyük sənətkar haqqını ala bilmədi. Son illər o Azərbaycan kinosunda rejissor kimi fəaliyyət göstərir, "Mozalan" jurnalında rəhbərlik edirdi, 2-3 film çəkdi. Bu cür adama heç "əməkdar artist" adı da verilmədi. Hansı ki ona gərək birbaşa "xalq artisti" verəydilər.

Son günlərində mənə çox giley-güzar edirdi. Deyirdim, "sən fikir vermə, bu gün "zvaniya"nı gərəksiz, istedadsız adamlar, kimlərinsə qohum-əqrəbaları alır. Sən isə başdan-ayağa istedadsan. Sənə ad versələr, olacaqsan onların tayı".
Bunu zarafata salıb deyirdim, ona təsəlli verirdim. Amma Ceyhun çox xiffət edirdi. İnsan istəyirdi ki, haqqını alsın, layiq olduğu yerdə otursun.
Kim də bu işdə haqsızdırsa, Allah onun bəlasını inşallah verəcək. Çünki həm bu dünyada, həm axirətdə hər kəs layiq olduğu cəzanı alacaq.

Ceyhun iki dəfə çox ağır xəstəlik keçirtdi. Ürəyi ilə bağlı müalicə olunmuşdu. Sonra Ceyhun elə ürək tutmasından dünyasını dəyişdi.

Azərbaycan teatr, kino mühitində rəhmətlik Fazil Salayev, Ceyhun Mirzəyev kimi sənətkarlar fəxri ad almadan öldülər... Mən bunları deməkdən, danışmaqdan yorulmuşam. Axı niyə deməyim ki? Neyləyim? Haqsız bir dövrə gəlib çıxmışıq, hər kəs öz yerində olsa, hər kəs öz işiylə məşğul olsa, bu şeylər də olmaz.

Mən yaltaq adam deyiləm. 70 yaşım var, yaltaqlıq etsəydim, vaxtında mənim də hər şeyim olardı. Bu şeyləri etməmişəm, edə də bilmərəm.

Mən əlim çatmır ki, gedim yuxarılara deyim ki, vallah, bu Fazil Salayev, Kamil Rüstəmbəyov kimi nəhəng sənətkarlar, Fərman Kərimzadə kimi nəhəng yazıçı, Ceyhun Mirzəyev kimi nəhəng aktyor yaddan çıxıb. Axı vaxtilə onlara salam verməyi özünə fəxr sayan, onların yanında balaca epizod oynamaq istəyən adamlar, bu gün prezident təqaüdü, xalq artisti, nə bilim, ev-filan alırlar. Allah hamının işini avand etsin, amma haqqı da unutmasınlar..."

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.