Mədəniyyət

"Sehirli xalat"ın sirli tərəfləri: "Rəşidin "gülə bilməməsi" rejissor Əlisəttar Atakişiyevi çox əsəbiləşirdirdi" - FOTO

29 Noyabr 2014 17:44
0 Şərh     Baxış: 12 718
Modern.az saytının "Kadrarxası" layihəsinin növbəti sayını sizlərə təqdim edirik. Bu dəfə həmsöhbət əməkdar mədəniyyət işçisi Yusif ŞeyxovSolmaz Hətəmovadır. Onlarla birlikdə "Sehrli xalat" filminin maraqlı məqamlarından, çəkiliş meydanlarında baş verən məzəli anlardan və çətinliklərdən söhbət açırıq.

Arayış: Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. 23 saylı orta məktəbi bitirib. 1969-1970-ci illərdə Neft-Kimya İnstitutunda, 1970-75-ci llərdə İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Sonradan "Azərbaycanfilm" kinostudiyasında, 1979-1985-ci illərdə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1990-2001-ci illərdə "Azərkinovideo" birliyində baş direktor müavini vəzifəsində çalışıb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin kinomatoqrafiya şöbəsinin sektor müdiri vəzifəsində çalışır.

Arayış: Solmaz Hətəmova 1950-ci ildə Bakıda anadan olub. 150 saylı orta məktəbi bitirib. Azərbaycan Neft Akademiyasının (AZİ) iqtisadiyyat fakultəsini bitirib. Uzun müddət Rabitə Kollecində dərs deyib. Və ixtisası üzrə çalışıb. İqtisadçı xanım hazırda təqaüddədir. "Sehrli xalat" filmində Zərifə rolunun ifaçısı olub. Ailəlidir, 2 oğlu, 3 nəvəsi var.

"Sehrli xalat" filmi 1964-cü ildə istehsalata buraxılıb. Filmdə uşaqlar illüziyaçı İo Kio babaının vasitəsilə sehr dünyasına səyahət edir, nağıllar aləminin sevincini, marağını birgə yaşayırlar.
Filmin sseanari müəllifləri A.Tarasov, Əlisəttar Atakişiyev, quruluşçu rejissor Əlisəttar Atakişiyev, quruluşçu operator Teyyub Axundov, quruluşçu rəssamlar Məmməd Hüseynov, Cəbrayıl Əzimov, bəstəkar Arif Məlikov, səs operatoru Paşa İbrahimov, dirijor Niyazi, geyim rəssamı Qəzənfər Xalıqov, qrim rəssamı V. Bereznyakov, montaj Tahirə Babayeva, redaktor Ədhəm Qulubəyov, operator Əlihüseyn Hüseynov, quraşdırılmış səhnələrin rəssamı Eduard Abdullayev olub.
Rollarda Azər Qurbanov, Solmaz Hətəmova, Yusif Şeyxov, Kolya Loginov, Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı, Hüseynağa Sadıqov, Məmməd Sadıqov, Anatoli Falkoviç və başqaları çəkilib.



"Yüzlərlə uşaq Zərifə Eldar, Rəşid olmaq üçün kinostudiyaya gəlmişdi"

Yusif Şeyxov: "Bir qayda olaraq filmlərə uşaqları bağça və məktəblərdən seçirdilər. Çəkiliş qrupunun üzvləri, assistentlər, rejissor köməkçiləri həmin yerlərə gedir, quruluşçu rejissorun tapşırığına əsasən, uşaqlar arasında seçim edirdilər. Bir gün mənim də oxuduğum 23 saylı orta məktəbə gəldilər. Sinif-sinif gəzib uşaqlara baxırdılar. Məni də həmin uşaqlar arasından seçdilər və kinostudiyaya dəvət etdilər. 4 ya 5-ci sinifdə oxuyurdum. O vaxt kinostudiya indiki Hökumət evi ilə üzbəüz səkkizmərtəbəli binaların yerində yerləşirdi. Mən kinostudiyanın həyətinə gələndə orda yüzlərlə uşaq gördüm. İndiki kimi yadımdadır. Onların hamısı bir neçə saniyəliyinə rejissorun gözünün qarşısından keçirdi. Sonra başa düşdüm ki, Əlisəttar müəllim işarə ilə "hə", "yox" cavabını verirdi. Yəni, assistentlərinə bildirirdi ki, bu uşaq sabah gəlsin, o biri gəlməsin. Və beləcə mən sabah dəvət olunanlar sırasına düşdüm. Ertəsi gün uşaqların sayı xeyli az idi və bizi fotosınaq çəkilişi gözləyirdi. Bizi qrimlədilər, saçımızı daradılar, bir neçə fotomuzu çəkib əlaqə telefonlarımızı aldılar. Bir neçə gün sonra zəng vurub dedilər ki, "siz fotosınaq mərhələsindən keçdiniz, indi kinosınağına dəvət edirik"".

"Elə bildim "çolka"ya görə bizi tənqid edəcəklər"



Solmaz Hətəmova: "Mənim "Sehrli xalat" filminə çəkilməyim tam təsadüf oldu. O vaxt 150 nömrəli rusdilli məktəbdə 6-cı sinifdə oxuyurdum. Günlərin bir günü bizə dedilər ki, məktəbə komissiya gələcək hamı səliqəli olsun, mütləq saçınıza bantik vurun. Biz də çox qorxurduq. Bir də gördük direktorla bərabər iki nəfər sinfə daxil oldu. Onlardan biri o vaxt rejissor köməkçisi işləyən rəhmətlik Hamlet Qurbanov idi. Mən də sinifdə birinci partada otururdum. Elə fikirləşdim ki, komissiya gəlib, bizi yoxlayır, nəsə irad bildirəcəklər. Oturduğum yerdə yavaş-yavaş aşağı əyildim ki, məni görməsinlər.
Onu da deyim ki, həmin vaxt qızların təzə-təzə "çolka" kəsən vaxtları idi. Mən də kəsmişdim, amma anamdan xəbərsiz. Fikirləşirdik ki, komissiya bunu görüb bizi tənqid edəcək.

Sonra başa düşdük ki, film üçün uşaq axtarırlar. Bizim sinifdən məni və Afət adında bir qızı sınaq çəkilişi üçün kinostudiyaya dəvət etdilər. İlk olaraq Afəti baş rola, məni isə Səidə roluna çağırdılar. Biz foto və kino sınağını keçdik, bir aya yaxın sınaq çəkilişləri oldu.Əvvəl anam sınaqlara getməyə icazə vermirdi. Sonra birtəhər razılıq əldə olundu. Səidə rolu balaca idi, məhz bu səbəbdən evdə icazə verdilər. Həm də yay tətilində olacaqdı deyə, valideynlərim bildirdi ki, tətil olduğu üçün çəkilsin, məktəbdən də geri qalmaz. Fotosınaqlar yekunlaşandan sonra Əlisəttar müəllim mənə ssenarini verdi. Soruşdu ki, "sən hansı rolda oynamaq istəyirsən". Əslində bütün rolları, amma daha çox Zərifə rolunu bəyənmişdim. Bu istəyimi bildirəndə rejissor güldü və dedi ki, "Bədii Şura səni elə Zərifə roluna təsdiq edib". Sevindim, həm də düşündüm ki, axı məni evdən qoymayacaqlar. Mənə bildirdilər ki, sabah anamla birlikdə kinostudiyaya gəlim. Əlisəttar müəllim anama baş rola təsdiq edildiyimi və çəkiliş üçün icazə istədi. Anam qərarsız idi, vaxtın dərslərimə mane olmayacağını biləndə razılıq verdi. Çünki o istəmirdi ki, mən dərslərimdən geri qalım. Həmin vaxt həm də musiqi məktəbində oxuyurdum. Rejissor sentyabra qədər çəkilişlərin yekunlaşacağını deyəndə birtəhər razılığa gəldi və mən filmə çəkildim".

Rəşid roluna namizədlər sırasında Yaşar Nuri, Ramiz Əzizbəyli...



Yusif Şeyxov: "Kinosınaqda mən baş rol üçün nəzərdə tutulmuşdum. Bu rola bir neçə namizəd çağırılmışdı. Onların arasında Azər Qurbanovla yanaşı, Yaşar Nuri, Ramiz Əzizbəyli də vardı. O vaxt Yaşar Nuri, Ramiz Əzizbəyli və Fuad Poladov Azərbaycan televiziyasının uşaq ulduzları idi. Onlar "Piri babanın nağılları", "Qaranquş" və s. kimi verilişlərin qəhrəmanlarına çevrilmişdi. Sınaq çəkilişlərinin nəticəsində baş rola - "Rəşid"ə Azər Qurbanov, "Eldar" roluna isə mən təsdiq olundum.
Əlisəttar Atakişiyev bu filmdə böyük rollara, özünün geyim rəssamı kimi çalışdığı "O olmasın, bu olsun" filminin aktyor ansambılının iştirakçılarını dəvət etmişdi (bunu sonradan təhlil edərkən bildim). Ağahüseyn Cavadov, Əliağa Ağayev, Möhsün Sənani və bir çox başqaları həmin filmdə çəkilmişdilər və bu filmdə də öz rollarının öhdəsindən çox ustalıq və rahatlıqla gəldi".

Uşaqların əskəriyyətinin rusdilli olması çəkiliş zamanı maraqlı anların yaşanmasına da səbəb olub.



Yusif Şeyxov: "Uşaqların əksəriyyəti rusdilli idi. Amma böyük aktyorların hamısı azərbaycanca danışırdı. Maraqlı situasiya yaranmışdı. Deməli, uşaqlar Əliağa Ağayevə replikanı rusca deyirdi, o azərbaycanca cavab verirdi. Yəni dialoqlar rus və Azərbaycan dillərində gedirdi. Bəzən gülməli də alınırdı, amma beləcə filmi yekunlaşdırdıq. Çəkilişlər bitdikdən sonra təbii ki, səsləndirilmənin hamısı azərbaycanca gedirdi. Azər azərbaycanca bilmədiyindən onu mən səsləndirdim, məni isə Əminə Yusifqızı. Rəşid rolunu səsləndirməyim Əlisəttar Ağayevin o qədər xoşuna gəlmişdi ki, məni Moskvada Qorki adına kinsotudiyaya apardı. Film dublyaj olunanda da istədi ki ruscada da mənim səsim getsin. Amma həmin dövr mənim elə vaxtıma düşdü ki, alınmadı. Çünki bildiyiniz kimi oğlan uşaqlarında 13-14 yaşında səs sınır və bu bir neçə ay davam edir. Tərslikdən də mənim həmin dövrlərimə düşdü".

"Böyük adamlar kimi səhər 8-dən işə gəlirdik"

Filmin "Zərifəsi" də Eldar kimi çəkilişlərdə əziyyət çəkdiklərini deyir:



Solmaz Hətəmova: "10-13 yaşlı uşaqlar idik. Çətin idi təbii ki. Mən, Yusif, Almaz digər uşaqlardan 1-2 yaş böyük idik. Hamımız səhər tezdən böyük adamlar kimi işə gəlirdik, ta axşama qədər çəkilişlər davam edirdi. Bu vaxt hamı tək gəlirdi, yəni çəkiliş vaxtı valideyinlərimiz yanımızda olmurdu.
Mənim keçmişdə çəkilişim yox idi. Gələcək və ümumi çəkilişlərim olub. Ayın səthindəki kadrların çəkilməsi üçün Minskə yollandıq. Azərbaycandakı kinostudiya köhnə idi, yenisi isə hələ tikilirdi deyə, pavilyon sarıdan çətinliklər mövcud idi. Ona görə ayın səthindəki çəkilişlər üçün ora gedəsi olduq. Minsk kinosdiyasında çəkildiyimiz pavilyonun ərazisi 1200 kvadratmetr idi. Ordakı çəkilişlər təxminən 1 ay davam etdi. Çətinliklər çox oldu. Çəkisizlik səhnələrində, raketlərdən düşməyimiz hamısı çətinliklə başa gəldi. Filmdə gördüyünüz raketlər kiçik maketlər idi. Raketdən düşdüyümüz an, həm qarşıdan həm də altdan çəkiliş zamanı üst-üstə düşməli idi. Çox çətin idi həqiqətən. Onu gah qarşıdan çəkirdilər, gah altdan.
Mənim səhnələrimin olduğu çəkilişlər 5 ay davam etdi. Azərin keçmişlə bağlı çəkilişləri vardı deyə, onun çəkilişləri bir ay məndən artıq oldu".

"Anam dedi ki, "bala, əldən gedirsən axı...""



Yusif Şeyxov: "Əslində, çəkilişdə iştirak edən uşaqların hamısının təxminən 10-13 yaşı vardı. Kinostudiyada istehsalat prosesi çox gərin və qrafik əsasında qurulur. 8 saatlıq iş günü, çöldə-bayırda reallaşan natura çəkilişləri, yay ayları, qızmar günəş altı... Hamısı çox çətin idi. Təsəvvür edin ki, azyaşlılar eyni zamanda fiziki əməklə məşğul idi. Yadımdadır, biz hamımız arıqlamışdıq, hətta anam deyirdi ki, " daha səni çəkilişlərə buraxmayacağam. Nə kino istəyirəm, nə də başqa bir şey, sən əldən gedirsən".
Çəkilişlər, əsasən, yay tətili vaxtına salınmışdı. Mənim kadrlarım avqust ayında ekranlaşdırıldı. Ona qədər isə böyük aktyorlarla olan səhnələr, sentyabr ayında isə Minsk şəhərində ayın səthilə bağlı kadrlar çəkildi".
Müsahibim deyir ki, indi özündə də tamaşaçılar Xxan sarayının hara olması ilə maraqlanır:
"Hələ indiyə qədər məndən soruşurlar ki, "xanın sarayı haradır, hansı saraydır?". Demək istəyirəm ki, həmin saray kinostudiyanın əməkdaşlarının quraşdırdığı dekorasiyalarda çəkilib. Taxtadan, kartondan, fanerlərdən düzəldilmiş pavilyon idi. Hansı ki, işçilər onu saraya çevirmişdilər.
Film əsas etibarilə "Çkalov" parkı deyilən (red: indiki Milli İncəsənət Muzeyinin aşağısındaa, Qubernator bağı ilə üzbəüz Niyazi küçəsinə gedən yoldakı bağ), Göyçay rayonunda, Maştağa ilə Nardaran arasındakı Ovdanda, Bakıda, İçərişəhərdə, Minsk kinostudiyasında, İsmayıllının Cülyan kəndində ekranlaşdırılıb.
Ekran əsərindəki ilk kadrlarda Eldarın işıq dirəyinə çıxaraq naqilləri bir-birinə bağlaması, işığın partlaması həmin "Çkalov" parkında lentə alınıb. Əslində çətin bir səhnə deyildi mənim üçün. Çünki, dirəyə kameranın görməyəcəyi tərəfdən pillələr qoyulmuşdu, yəni rahatlıqla ora çıxıb-düşə bilirdim".

"Möhsün Sənani bizə atalıq qayğısı göstərirdi"



Solmaz Hətəmova: "Çəkisizlik şəraitində kosmik gəminin içərisində uçduğumuz yerdə bizə korset tipli köynək geyindirmişdilər. Korsetə nazik, sap qalınlığında polad simlər bağlanırdı. İşıq seli altında simlər görünməz olurdu. Çətin idi, bəzən simlər qırılırdı. Hər səhər simləri kəmərlərə, kəmərləri də yuxarıya bağlayırdılar. Amma biz o çətinlikləri başa düşmürdük. Mənim üçün çox maraqlı idi. Ümumi ab-hava çox yaxşı idi. Böyüklü-kiçikli hamı arasında olan münasibət əla idi.

Deməli, filmdəki ilk kadrlar - uşaqların bayraqları asması, işıqları quraşdırması Flarmoniya bağının yanında idi. Təxminən iyul ayı olardı. Həm də orada iri planlı çəkilişlər olmuşdu. Bir tərəfdən günün istisi, o biri tərəfdən isə projektorların istisi vururdu. İri planlar çəkiləndən sonra bizi yelləməyə başlayırdılar. Möhsün Sənani də bizimlə çəkilirdi, bizə qarşı ata qayğısı göstərirdi. Hamı bu fikirdə idi, çünki, onun nəvazişi daha çox nəzərə çarpırdı. Öz avtomobilində bizi dənizkənarına aparırıdı, bizə dondurma alırdı, güldürürdü və s. Yorulanda, inciyəndə könlümüzü alırdı".
Qaydalara əsasən, filmdə oynayacaq bütün uşaqların valideynlərilə müqavilələr bağlanıb. S.Hətəmovaya ilk qonorar veriləndə isə anası onun üçün hələ də qoruyub saxladığı bir yadigar alıb: "Yadımdadı, mənə ilk qonorar veriləndə anam güldan aldı. Özü də o vaxt bu güldanlar çox baha idi. Hətta o boyda pulu güldana verdiyinə görə anamı qınayanlar da oldu. Amma anam dedi ki, "uşağın öz qazandığı puldur. Aldım ki, Solmaza yadigar qalsın". İndi fikirləşirəm, anam nə yaxşı ki, o güldanı almışdı. Mənim üçün çox yaxşı xatirədir. İndi övladlarıma deyirəm ki, bu, mənim 13 yaşımdakı qazancımdır".
S.Hətəmova deyir ki, övladları kiçik yaşlarda olanda onlara nəyəsə görə acıqlandığı zaman "Zərifə, gülümsə", hərdən işıqlar sönüb qaranlıq olanda "Uşaqlar, qorxmayın, məndə fənər var" deyə zarafat edirmişlər.

"Rəşid heç cür gülə bilmirdi"



Əməkdar mədəniyyəti işçisi bildirir ki, film rejissor ssenarisində necə ,ləcə də çəkilib.
Yusif Şeyxov: "Səhnələr çətinliklə alınırdı. Çünki uşaqların sayı çox idi. Hətta 7-8 dubla çəkilən kadrlarımız da olurdu. Bəzən yaxşı alınırdı, tez çəkilirdi. Mənim üçün ən çətin yer çəkiliş vaxtı deyil, səsləndirmə vaxtı oldu. Kadrların birində Rəşidlə Zərifənin ayın səthində qaçdı-tutdu səhnəsi vardı. Rəşid gülürdü. Həmin gülüşü ifadə etmək məndə heç cür alınmırdı. Əlisəttar Atakişiyev çox əsəbiləşirdi. Dublyaj vaxtı yanımda olan təcrübəli aktyorlar mənə gülməli əhvalat və hadisə olmadan necə gülmək lazım olduğunu öyrətdilər. Mənim üçün filmdə ən çətin olan bu idi. Nəhayətdə səslənmə Əlisəttar müəllimin istədiyi kimi alındı. O, Azərbaycan kinosunun nağılçısı, uşaqlarla da, böyüklərlə də işləməyi bacaran bir insan idi.

Əliağa Ağayev, Antoli Falkoviçin (İo Kio baba) hər ikisi böyük sənətkar idilər. Anatoli sovet filminin "Derjinski"si idi. Xüsusilə Möhsün Sənani uşaqlara böük qayğı ilə yanaşırdı. Böyüklərin hamısı biz yorulanda fikrimizi dağıtmaq, əyləndirmək üçün əlləridən gələni əsirgəmirdi. Onlar səhnədə, kinoda saç ağartmışdılar. Amma biz balaca , həm də dözümsüz idik, tez yorulurduq. Həmçinin çəkiliş zamanı onlar necəsə bütün təcrübələrini bizimlə bölüşürdülər.
Filmdə bir neçə fokus məsələsi vardı - qapının açılması, kiçik şariklərin partlaması, mücrünün içindən nələrinsə çıxması və s. filmin rəssamı tərəfindən reallaşdırılmışdı.
Yadımdadır, tanınmış rəssam Rafiz İsmayılov o vaxt deyirdi ki, 1960-cı illərin ikinci yarısında "Sehrli xalat" filmi çəkildikdən sonra Ümumittifaq Kinematoqrafiya İnstitutunda rəssamlıq fakultəsində oxuyarkən həmin filmi onlar dərs vəsaiti kimi istifadə edib. Quraşdırılmış səhnələrin çəkilməsilə bağlı, xüsusilə ay çəkilişləri, fokus səhnələri onlara misal olaraq göstərilirmiş".



Solmaz Hətəmova: "Gələcəkdən bəhs edən muzey çəkilişləri də kinostudiyanın pavilyonunda ekranlaşdırılıb. Yəni pavilyonumuzda dekorları dəyişərək gah saray edirdilər, gah pioner sarayı, gah da muzey. Zərifənin böyüyüb-kiçilməsi - fokus səhnəsi çətin oldu mənim üçün. Hansı ki, yeşiyin içindən çıxıram. Onu relslərin üzərinə qoyurdular uzaqdan başlayaraq, kameranı yaxınlaşdıraraq çəkirdilər. Həmin vaxt mən tərpənməməli idim. Amma istər-istəməz çəkəndə silkələnirdim, heç cür alınmırdı. Yadımdadır, həmin səhnənin çəkilişi bir neçə gün davam etdi. Ümumiyyətlə, çəkilişlərdə bir deyil, çox sayda uşaq iştirak etdiyindən dublların sayı çox olurdu. Mümkün deyildi ki, kadrlar 1-2 dubla çəkilsin. Start işarəsi veriləndə bir də görürdün uşaqlardan kimsə yorulub, kimsə meydandan çıxmaq istəyirdi, kimsə gülümsəyirdi, düz dayanmırdı və s. Belə çətinliklər də qaçılmaz idi".
S.Hətəmova uzun illər keçməsinə baxmayaraq filmdə çəkilən uşaqlardan bəzisilə əlaqə saxladığını desə də, Amerikada yaşayan Azər Qurbanovla (baş qəhrəman Rəşid rolunun ifaçısı) heç cür münasibbət qura bilmədiklərini deyir:

"Hazırda uşaqlarla uzun illərdən sonra heç olmasa sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilirik. Azər nəysə əlaqə yaratmaq istəmir. Digərlərilə əlaqə saxlamımağa çalışımışam".

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.