Atası Ağaməmməd adi fəhlə idi. Bəlkə də, elə bu səbəbdən oğlunun da özü kimi fəhlə olmasını, ailəsini zülm-zillətlə saxlamasını istəmirdi. Zəhmətkeş ata istəyirdi ki, oğlu əli portfelli bir müəllim olsun. Çörəyini təmiz əllə qazansın. Elə oğlu da əvvəllər ata sözündən çıxana oxşamırdı. Sakit, uyumlu xarakteri sayəsində öz istəklərini kənara qoyub atasının istəyini yerinə yetirmiş, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə sənədlərini vermiş, qəbul olmuşdu.
Riyaziyyatın çətinliklərinə iki il tab gətirən gələcək aktyor 2-ci kursda təhsilini yarımçıq qoyur. İçində gəzdirdiyi sənət eşqi onu teatra aparır. Müxtəlif teatrlarda yardımçı heyətin tərkibində bir müddət aktyorluq edir. Nəhayət, 1958-ci ildə tale onun yolunu Azərbaycan Dövlət Teatr İnstitunun dram və kino aktyorluğu fakültəsindən salır. O, 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir.
Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlayır.
Yüzə qədər filmdə irili-xırdalı obrazlar yaratmasına baxmayaraq, heç kim onun dilindən "mənim yaratdığım" ifadəsini eşitməmişdi. Onu insanlara həlim səsi, mülayimliyi ilə yanaşı, təvazökarlığı sevdirmişdi.
Aktyorun yaratdığı obrazlar aləminə nəzər salsaq, görərik ki, o aləmdə bir-biri ilə daban-dabana zidd xarakterlər var. Onları birləşdirən ən önəmli cəhət isə obrazların qəhrəman insanlar olması idi. Bu qəhrəmanların tarixi şəxsiyyət, ya da çağdaş bir insan olması o qədər böyük əhəmiyyət daşımırdı. Çünki Həsən Məmmədov onu öz ifası ilə xalqın qəhrəmanına çevirmişdi.
Həsən Məmmədovun çəkildiyi filmlərin böyük əksəriyyəti "Azərbaycanfilm"in istehsalı idi. O, "Arşın mal alan"da Əsgər, "Gün keçdi"də Oqtay, "Arxadan vurulan zərbə"də Qəmərlinski, "Bizi bağışlayın"da Nəriman, "Dədə Qorqud"da Dədə Qorqud, "Axırıncı aşırım"da Abbasqulu bəy, "Sevil"də Balaş, "Yeddi oğul istərəm"də Bəxtiyar, "Alma almaya bənzər"də Qurban, "Qəm pəncərəsi"ndə Məhəmmədhəsən əmi, "Papaq"da Mirzə Səfər obrazlarını canlandırmışdı.
Başqa-başqa dünyalardan gələn obrazları öz simasında bütövləşdirərək Həsən Məmmədov olmağı bacarmaq asan deyildi. Bir az düşünsək, ziddiyyətlərin fərqinə varmaq çətin olmaz. "Arşın mal alan"da adətləri tapdalayaraq, yeni meyillərin, yeni başlanğıcların tərəfdarı olan, köhnəlmiş qaydalara qarşı çıxan bir gənc Dədə Qorqud olaraq qarşımıza çıxır, bizə ulu keçmişimizdən danışır, "gəlimli-gedimli dünya, son ucu ölümlü dünya" deyir. Oğuz elinin məsləhət yeri olur. Sonra həmin Dədə Qorqud qarşımıza ilk komsomollardan , yeddi oğuldan biri kimi çıxır. Bu dəfə daha zəhmlidir, sərtdir. Bir qadını - Humayı döyəcək qədər sərt bu gənc komsomol Cəlalı - bir bəy oğlunu öz kiçik qardaşı kimi sevəcək qədər genişürəklidir. Həsən Məmmədovun sənətkar dünyasında ağalar dünyasına boyun əyməyən əzmli, qürurlu Mirzə Səfər Xudayar bəy kimi bir miskinə boyun əyəcək qədər aciz Məhəmmədhəsən əmiyə çevrilir.
Mövhumatçı, tək arzusu Kəbəni ziyarət etmək olan Məhəmmədhəsən əmi öz atasına ölü paltarı geyindirən, dini inancları olmayan Balaş da ola bilir. Bütün bunlarla yanaşı, o, bəy olmağı da yaxşı bacarır. Abbasqulu bəy Şadlinski olmaq asandırmı?! Həm Kərbəlayi İsmayılın, həm kəndlinin yanında hörmətin olacaq. Hər iki tərəf sevəcək səni. O qədər sevimli olacaqsan ki, kəndli düşmən gözündə gördüyü bəy oğlunun meyitini təkcə sənin xətrinə geri qaytaracaq. Asan deyildi, əlbəttə. Amma bunu bacaran bir insan idi Həsən Məmmədov...
Yaratdığı onlarca obraz onu xalqın sevimlisi etmişdi. Ancaq bir insana xalqın sevgisi yetməz ki! Bir insan gəncdirsə, hələ yaşadığı yerdən hər gün hündür boylu bir dilbər keçirsə, ona aşiq olmamaq ehtimalı azalır.
Bir gözəlin sevimlisi olmaq üçün böyük fədakarlıqlar etməmişdi, amma hər gün onu uzaqdan izləməsi, onu uzaqdan sevməsi ilə sevdirmişdi özünü. Gələcək həyat yoldaşı Lətifəyə aşiq olanda qız hələ məktəbdə oxuyurdu. Aralarında səkkiz yaş fərq var idi. Qıza ilk görüşdən aşiq olur. Onu izləyərək evlərinə kimi gedir. Ancaq bir gün qız fərqinə varır ki, hər gün onun ardınca yaraşıqlı bir gənc gəlir. Ondan heç gözlərini çəkmir. Bu vəziyyət üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi bu səssiz oğlana uzaqdan bağlanır. Uzaqdan sevirlər bir-birlərini. Onu görərkən ürəyi sürətlə döyünməyə başlayır, həyəcanlanır, əlləri əsir. Onu görə bilmədiyi günlərdə darıxır, narahat olur.
Və elə bir gün gəlir ki, artıq Həsən sevimli Lətifəyə qəlbini açır. Onlar 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur və Əvəz...
Çox mülayim, qayğıkeş insan olan Həsən Məmmədov övladlarına qarşı çox diqqətli idi. Ancaq əksər atalar kimi qızına daha çox bağlı olan sənətkar qızı ilə dərd ortağı imiş sanki. Onu narahat edən məsələlərdə qızı ilə məsləhətləşər, bəzən saatlarla öz otaqlarına qapanıb söhbət edərmişlər. Getdiyi hər səfərə övladlarını və həyat yoldaşını da aparırmış. Uşaqları ilə Moskva, Riqa, Tallin kimi şəhərlərə getmişdilər. Həyat yoldaşı Lətifə xanım onun haqqında danışanda qeyd edirdi ki, uşaqlar nə qədər nadinclik etsələr də, əsla onlara əl qaldırmayıb.
Onun ən yüksək keyfiyyətlərindən biri də sədaqəti idi. Hələ təzə evləndikləri zamanlarda Həsən Məmmədov gənc aktrisalarla filmlərə çəkilirdi. Ancaq Lətifə xanımın ona inamı elə güclü idi ki, bu, aralarında heç bir narazılığa səbəb olmamışdı. Həyat yoldaşı ona hər zaman dəstək olmuşdu. Elə, bəlkə də, onu dayanmadan fərqli obrazlar yaratmağa, fasiləsiz işləməyə ruhlandıran bu inam, bu ailə sevgisi idi.
Lətifə xanım bir hadisəni də xatırlayır: "Arif Babayev "Birisi gün, gecə yarısı" filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində də kabab və çörək. Məndən xahiş etdi ki, bəlkə, evdə sulu xörək olar. Demə, bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə nəsə ona tanış gəlib və deyib: "Ay bala, bu yemək mənə tanış gəlir". Arif Babayev də ondan soruşur ki: "Hə, xörək necəydi, xoşuna gəldi?" Həsən də cavab verir: "Hə, yaxşı idi. Amma bilmirəm nədənsə bizim xörəyə oxşayır". Arif Babayev də gülərək "elə sizin evin xörəyidir", - deyib.
Hər kəsin sevimlisi olan bu adamın ən yaralı yeri bəzi insanların çəkildiyi filmlərə görə onu qınaması idi. Belə ki, oynadığı Abbasqulu bəy Şadlinski, Bəxtiyar kimi obrazlar müstəqillik illərindən sonra zamanın tələbinə cavab vermirdi. Aktyor buna görə özünübilməz insanların qınaq obyekti olmuşdu. O, ağrı ilə deyirmiş ki, mən zamanının insanını oynamışam, dövrün insanını canlandırmışam...
Gördüyü haqsızlıqlar, yaşadığı çətinliklər onun qocaman qəlbini yormuşdu artıq. Yaşının o çağında hələ də ailəsi ilə rahat yaşayacağı geniş bir evi də yox idi. Başqaları kimi öz nüfuzundan istifadə etməyi sevməzdi. Onda "Mirzə Səfər" qüruru vardı.
Bir gün onun haqsızlıqlara dözməyən ürəyi durdu. Bu "gəlimli-gedimli dünyadan" əbədi köçdü. Artıq "gün keçmişdi". "Onun nazı ilə çox oynayan" ürəyi isti bir yay günü - 26 avqust 2003-cü ildə dayanmağı seçdi...
1937.az
Böyütmək üçün şəkillərə klikləyin.


