Tanınmış aktyor, xalq artisti, prezident təqaüdçüsü Valeh Kərimov tələbəliyi başa vurduqdan sonra taleyini Sumqayıt Dram Teatrı ilə bağlayıb. Özünün dediyi kimi, "Bəxt üzüyü" onun bəxtinə düşüb, ona xoşbəxtlik gətirib. Teatrda işlədiyi dövrdə 70-ə yaxın obraz yaradıb.
Yetmiş illik yubileyini bu yaxınlarda qeyd edən aktyor bu yaşda da özünü cavan və gümrah hiss edir.
- Valeh müəllim, 70 yaşda geriyə boylananda nələri görürsünüz?
- Uşaqlığımı xatırlayıram. 1944-cü il mart ayının 21-də Cənubi Azərbaycanda anadan olmuşam. Atam inqilabçı olduğu üçün Azərbaycana gəlmişik. Uşaqlıq illərim indiki Samux rayonunun Qara Arx kəndində keçib. Orada bağçaya, məktəbə getmişəm. Yeddinci sinfi bitirib texnikuma girmişəm. İnsanın məktəb illəri ən gözəl illərdir. Yaddaqalan illərdir. Çünki qayğı, fikir, ailə yox... Bilmirsən ailə necə dolandırır, necə yaşadır səni. Hər bir uşaq kimi gündüzlər oynamağa qaçmışıq, çalışmışıq çox oynayaq. Mən çox utancaq uşaq olmuşam. Hətta bu sənətə gələndə atamın dostları məəttəl qalmışdılar ki, bu uşağın ömründə bir səsini, sözünü eşitməmişik, utancağın biri idi, nə təhər oldu, bu sənətə getdi?
Utandığımdam "sevirəm" sözünü də istədiyim qıza deyə bilməmişəm. Öz sinif yoldaşım olub. Nə bilim... Cürətim, hünərim çatmayıb. Elə içimdə yana-yana qalmışam...
- Bəs teatra marağınız necə yarandı?
- Biz kənddə olanda, ora tez-tez Gəncədən teatr kollektivləri gələrdi. Biz də uşaq idik, qapıdan-pəncərədən girib o tamaşalara baxardıq. Kəndin uşaqları özləri də tamaşa hazırlayardılar. O vaxt Səməd Vurğunun "Vaqif" pyesi dəbdə idi. Cavan uşaqlar onu hazılayıb səhnədə oynayırdılar. Özümü öldürürdüm ki, məni də ora buraxın, qoymurdular. Çünki uşaq idim. Amma mənə maraqlı idi ki, görəsən, bu uşaqlar başlarına qoyduqları tacı haradan tapırlar? Sonra öyrəndim ki, sən demə, tacı parıldayan çay kağızından düzəldirmişlər. O vaxtdan da məndə teatra maraq yarandı...
- Kəndə kino da gətirirdilər?
- Kinonu kəndə maşınla gətirirdilər. O vaxt müharibə filmlərinə çox baxardıq. Sözsüz ki, Moskvanın filmlərini gətitrirdilər, rusca verirdilər. Heç onu dublyaj da eləmirdilər. Qanmırdıq nədir. Elə şəkillərinə baxırdıq. "Bizimkilər, bizimkilər gəldilər, vurdular" qışqırırdıq...
- Bildiyim qədər atanız sizin aktyor olmağınıza razılıq verməyib...
- Düzdür. Onda mən Göyçayda texnikumu qurtardım. Amma ailəmiz Bakıda yaşayırdı. Gəlib Bakıda dərnəklərə girdim. İndi fikirləşirəm ki, o dərnəklər teatrlar üçün əməlli-başlı baza olub, aktyor yetişdirib. O dərnəklərdə biz teatrın nə olduğunu öyrənirdik. İndi o dərnəklər, təəssüflər olsun ki, yoxdur. Mən Razin qəsəbəsində dram dərnəyinə gedirdim. Sonra başladım evdə hazırlaşmağa ki, teatr institutuna girəcəyəm. Evdən xəbərsiz ora girdim. Evdəkilərə dedim, onda atam əlini yellədi, çıxdı getdi...
Atam inqilabçı olmuşdu. O vaxt artistə birtəhər baxırdılar. Atam da düşünmürdü ki, artistin yaxşı keyfiyyəti də ola bilər. Xoşu gəlmirdi artistdən, teat işçisindən. Amma sonralar mən tamaşada çıxış edəndə, ədəbi-bədii gecələrdə şeir deyəndə gəlib baxırdı, xoşu gəlirdi. Mənə demirdi, amma görürdüm ki, tamaşa ürəyinə yatır...
- Bir az da oynadığınız Moşu rolundan danışaq. Bu rolla çox məhşurlaşdınız. Bu rol sizə uğur gətirdi...
- Bu teatrda (Sumqayıt Dram Teatrı - red.), əyləşdiyimiz bu otaqda mən 46-cı ildir ki, işləyirəm. Bu aktyor otağında mən çox rollarımı qrim eləmişəm. Moşuya qədər mən çoxlu dramatik, faciəvi rollar - Fəxrəddini, Balaşı, Gəray bəyi oynayırdım... "Müsyo Jordan" və başqa komediyalarda da oynayırdım. "Bəxt üzüyü"nü isə Musiqili Komediya Teatrının baş rejissoru Yusif Əkbərov gətirmişdi teatra. O bizdə işləyirdi. Məşq edə-edə gördük ki, maraqlı bir şeyə oxşayır. Bu səviyyədə seviləcəyini, şöhrət qazanacağını təsəvvürə gətirmirdik.
Bəli, bu rol mənə xoşbəxtlik gətirdi. "Bəxt üzüyü" mənim bəxtimə düşdü. Bəxtimdə bir işıq yandırdı. 30 ilə yaxındır bu tamaşa bu teatrda qoyulub. Mən indi də konsertlərə, tamaşalara dəvət alanda həmin tamaşadan parça oynayıram.
Rejissorun uğuru ondadır ki, tamaşanı düzgün bölsün. Afaq Bəşirqızı bizdə işləyəndə ilk dəfə Humayı oynayıb, mən Gəray bəyi. O, "Almaz"da Fatmanisəni, mən isə Ocaqqulunu oynayırdım. Demək olar ki, biz çox tamaşalarda Afaq xanımla tərəf müqabili idik. "Yaşar"da Əmirqulunu mən, Şərəbanını o oynayırdı. Artıq bir-birimizə alışmışdıq. Rejissor o nöqteyi-nəzərdən rollarımızı çox düz bölüb. Mənə belə gəlir ki, sabah o teatrda o tamaşanı təzədən hazırlasalar, mənimlə Afaqın rolunu dəyişmək olmaz.
- Siz Afaq xanımsız bu tamaşanı oynayarsınız?
- Bir neçə il bundan qabaq belə bir fikir oldu ki, Afaq xanım Musiqili Komediya Teatrının aktrisasıdır, bizim teatra gəlmir. Bu tamaşa da bizə çox xeyir verir. İndi o gəlmir, başqa aktrisa hazırlayaq, yenidən tamaşaya qoyaq. Mən razılıq vermədim. Bizdən yaxşı oynayanlar da olacaq bu rolu. Amma hələlik yaddaşlarda bizik.
- Valeh Kərimov 70 yaşda özünü necə hiss edir, nə düşünür?
- Mən həmişə teatrla nəfəs alan adamam. İki ay əvvəl rejissor kimi Axundovun "Molla İbrahimxəlil kimyagər" əsərini tamaşaya qoydum. Özüm oynadım Molla İbrahimi.
Keçən həftə gedib İmişlidə tamaşa oynadıq. Mənə baxan adam deyir ki, "70 yaşında kişisən, buradan gedib rayonda tamaşa oynayırsan". Bu mənim sənətimdir də...
- Nədən Bakıya getmirsiniz, Sumqayıt Dram Teatrında qalmısınız?
- Məndə sədaqət var. Çox aktyorlar var ki, 2-3 dəfə evlənirlər. Mən bir dəfə evlənmişəm. Ailəyə, işə mənim sədaqətim var. Eləcə də teatra. Cavanlıqda istəmişəm gedim, amma alınmayıb. Tanınandan sonra məni Bakıya dəvət etdilər, açığı, getmədim. Dedim, "müqavilə ilə sizdə tamaşa oynayaram, amma belə gəlmək istəmirəm". Mənim adım Sumqayıt Teatrı ilə çox bağlıdır. Elə mənim adım gələndə də Sumqayıt Teatrı yada düşür.
- Hər hansı bir filmə dəvət almısınızmı?
- Bir dəfə bir filmə dəvət etmək istəyiblər. Amma rejissor deyib ki, o, Moşu kimi tanınıb. Sifətini görən kimi Moşu deyəcəklər... Halbuki aktyora nə Moşu, nə Fəxrəddin? Belə söhbətlər olub...
- Şairliyiniz də var?
- Mənim şairliyim olmayıb, şeir yazmamışam. Ancaq uşaq vaxtı yalandan qafiyələr fikirləşmişəm, sonra yadıma düşürdü ki, Səməd Vurğunun şeiridir. İndi hamı xoşbəxtliyə qafiyə axtarır. O vaxt xoşbəxtliyi adam sevdiyi qıza salam verməkdə, əlindən bir dəfə tutmaqda görürdü...
- Eşitdim ki, sizə teatrda rol vermirlər...
- Rejissorlar əsər qoyurlar 3-5 günlük, bir aylıq tamaşaya. Fikirləşirlər ki, heç 5 dəfə getməyəcək tamaşada nəyə görə mən iki ay məşq eləməliyəm? Yoxsa mənim rejissorla konfliktim, düşmənçiliyim yoxdur. Özümün də şükür Allaha, ağlım, danışığım yerində.
- Müəllimlik fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
- Mən 9-cu ildir ki, Mədəniyyət və İncəsənət Universitetində işləyirəm. Estrada aktyorlarına dərs deyirəm. Bu il 14 tələbəm var. Onlardan heç biri bizim sənətə gedən deyil. Axı bu institutdan ötrü sənətdə dəli olanlar, sinov gedənlər var. Tələbələr isə deyirlər ki, "nə edim, testlə gəlib düşdüm bura. Mənə diplom olsun, heç nə maraqlı deyil". Bunu mənim üzümə deyirlər. Mən buna çox pis baxıram. Ona görə də bizim sənət müəyyən illər axsayacaq. Arxa, cavan kadr gəlmir axı. Biz yaşlı nəsil qırıldıq, getdik. Orta nəsil var Akademik Teatrda, amma cavan nəsil yoxdur axı. Keçən əsrin əvvəllərində, ortalarında 50 yaşlı artistlər oynayıblar Romeonu, Cülyettanı. Çünki cavan yox idi. Sonra cavanlar gəldilər. İndi həmin dövr gəlib çıxıb. Orta nəsil cavan rolları oynayır. Çünki arxadan gələn yoxdur.
- Sizin arzuladığınız, oynamaq istədiyiniz elə bir rol varmı?
- İstəyərdim yaxşı klassik rollar oynayım. Amma gərək rejissorlar yaşıma uyğun rollar fikirləşsinlər. Mən özüm rejissor kimi götürərəm rol. Amma özüm götürüb özüm oynamağım çox çətindir. Aktyor nə qədər özü bacarıqlı olsa da, ona mütləq rejissor lazımdır. O çətin rolu qoy rejissorlar mənə həvalə eləsinlər.
- İnsanlar getdiyiniz yerlərdə sizə necə müraciət edirlər?
- Mənə "Moşu əmi", "Moşu dayı", "Moşu müəllim" deyə müraciət edirlər. "Şair" də deyirlər. Deyirəm ki, "ay kişilər, mən 45-50 ildir bu sənətdəyəm, aktyor, artist deyən yoxdur". Amma onların hamısı mənə əzizdir, doğmadır. Çünki tanıyırlar. Hərə öz sevdiyi obrazı yadına salır.
- Bəs "Moşu" deyəndə sizə necə təsir edir?
- Adicə, tutaq ki, küçədə gedirik. Bir də görürsən, biri o birinə deyir "əyə, əyə". Bu, adama çox pis təsir edir. Deyiliş tərzi var da. Mənə hörmətlə "Moşu", "Moşu müəllim" deyəndə xoşum gəlir. Bir də görürsən kənarda bir cavan, bir nadan "əyə, Moşu" deyəndə, adamın yeddi qatından keçir.
Elə adamlara cavab versən, sən də onun tayı olacaqsan. Ona gərək cavab verməyəsən. Qoy yana-yana qalsın...
- Bu gün də özünüzü xoşbəxt hiss eləyirsiniz?
- Demək olar ki, xoşbəxtəm. Çünki məni tanıyırlar. Tamaşaçılar sevirlər, hörmət eləyirlər. Ailəm, balalarım, nəvələrim var.
- Aralarında sənətinizi davam etdirən varmı?
- Özüm də istəməzdim. Çünki bu sənətdə tanınmaq çox çətindir. 50 il işləyirsən, hamını tanımırlar, hamını sevmirlər axı. Əlli-yüz adamın içindən biri çıxır. Bu da bəxtdən asılıdır. Amma zəhməti, əziyyəti çox olur. Bizim ailədən mənəm, bir də qardaşım Loğman Kərimovdur bu sənətdə.
- Heç qocalıq haqqında düşünmüsünüz?
- Dünyada qocalıqdan pis şey yoxdur. O ki deyirlər ki, qocalığın öz gözəlliyi var, yalan şeydir. Bu özü-özünü sakitləşdirmək, təskinlik vermək üçün deyilən sözlərdir. Qocalığın heç bir gözəlliyi-zadı yoxdur. Arzu edirəm ki, həmişə ürəyiniz cavan olsun.
- Bəs deyirlər ki, "yaşın nə fərqi var?"...
- Küçədə gedəndə sənə qəşəng, gözəl qızlar "əmi-dayı" deyirsə, bunun necə fərqi yoxdur? Vəssalam. Onunla da sənin belini qırırlar. Yəni, deyir ki, uzaqda dayan, mənə baxma... Ona görə də cavan olmaq yaxşıdır. Cavanlıqdan gözəl şey yoxdur.
- Sirr deyilsə, istirahətinizi necə təşkil edirsiniz?
- Mən istirahət eləyən insanlardan deyiləm. İnsan var ki, istirahət eləməyi xoşlayır. Mən evdə boş olanda nəyisə təmir edirəm. Bağ kimi yerim var. Oraya gedəndə əlləşirəm. O ağacın dibində, bu ağacın dibində qurcalanıram. Məndə sakit oturub istirahət etmək söhbəti yoxdur. Gedim, bulvarda oturum istirahət edim, bu mənə yad bir şeydir. Doğrudan, iş adamın cövhəridir. Baxıram mən yaşda adamlara, məndən cavanlara, hıqqıldaya-hıqqıldaya gəzirlər, bulvarda oturub domino vururlar. Mənim belə şeylərdən xoşum gəlmir. Mən gah tamaşa hazırlayıram, gah radioya, televiziyaya gedirəm. Buradan rayona gedib tamaşa oynayıram. Mayın 20-də Gəncəyə rejissor dostum, xalq artisti Vaqif Şərifovun yubileyinə çağırmışdılar. Gedib orada "Bəxt üzüyü"ndən bir parça oynadım...
- Xoşbəxtliyə bir qafiyə tapılmadı. Siz xoşbəxtliyə hansı qafiyəni uyğunlaşdırardınız?
- Mən Vaqif Səmədoğluya can sağlığı arzulayıram. Qoy o fikirləşib xoşbəxtliyə qafiyə tapsın.
- Yəqin, arzularınız var...
- Arzu edirəm, bizim teatr həmişə gözəgörünən teatr olsun. Teatra tamaşaçı gəlsin. Tamaşaçılara da can sağlığı arzulayıram. Arzu edirəm ki, teatra həvəsləri çox olsun. Teatra gəlib-getmək insanın öz daxili aləmini zənginləşdirir, həyata gözünü açır. Çox maraqlıdır ki, aylarla, illərlə insanlar tamaşaya gəlmirlər. Təşkil edirsən, gəlib baxırlar. Hamısı "bəh-bəh" deyirlər. Ancaq gedirlər, bir də gəlmirlər. Hamı istəyir ki, onu təşkil edib aparasan...
Ekspress.az
Mədəniyyət
"Moşu müəllim": ""Sevirəm" sözünü deyə bilmədim, yana-yana qaldım"
7 İyun 2014 15:26
1 Şərh
Baxış: 2 363
DİGƏR XƏBƏRLƏR
- Xalq artisti: "Sən, heç "sənətin qapısı" nədir, onu görməmisən" - VİDEO
- COP 29 mədəni tədbirləri çərçivəsində ”Sərhədsiz musiqi” konsert proqramı keçirildi - FOTO
- Məzardan dünya tarixini dəyişə biləcək əşya tapıldı - FOTO
- Filarmoniyada COP29-a həsr olunmuş növbəti konsert keçirilib - FOTO
- CINEMO və TikTok əməkdaşlığı inkişaf edir
- Leyla və Arzu Əliyevalar COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
- Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
- Aysel Balidə dekolteli geyimdə FOTOlarını paylaşdı
- Qışda əllərin dərisini qorumaq üçün nə etmək lazımdır?
- Əməkdar artist vəfat edən anasını paylaşıb bunları yazdı - FOTO
- Berbok boşanır
- Azərbaycanda qardaş bacısını döydü - qeyri-adi səbəb
- Paşinyan onları istefaya çağırdı
- “Ərim mənə bacı deyirdi” - məşhur aktrisa - FOTO
- Paşinyan: Bu tarixədək Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm
- Efirdə müğənniyə sevgi etirafı etdi - VİDEO
- Günün qoroskopu: Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin
- Faraya "plyonka" çəkənlərin nəzərinə!
- Təmirə bağlanan "Ukrayna dairəsi"ndə hansı yeniliklər olacaq? - VİDEO
- Diplomat olduğunu deyən azərbaycanlı saxlanıldı - maşınından 70 kq qızıl çıxdı
- Netanyahu Britaniyaya daxil olarsa həbs olunacaq
- COP-un dəqiq bitəcəyi vaxt açıqlandı
- Müğənni 3+3-ün cavabını bilməsə olar - Əməkdar artist
- “Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” - VİDEO
- Şəkidə itlər üç nəfəri dişlədi - ikisi azyaşlıdır
- İnsanların ən böyük peşmanlıqları - Altı ay ömrünüz qalsaydı...
- Xatirə anası ilə Moskvada - FOTO
- Sosial şəbəkədə yeni dələduzluq - Dostunun nömrəsi ilə yazıb pulunu mənimsədilər - VİDEO
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü - FOTO
- Naxçıvana maneəsiz keçid belə olacaq: Məqbul variant tapıldı