Mədəniyyət

Lütfəli Abdullayevin yadigarı: "Dedi, mən də olsaydım, qızımı verməzdim" - FOTO

5 Yanvar 2014 13:52
1 Şərh     Baxış: 16 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atam deyirdi ki, əgər bilsəm, aktrisalığı seçmisiniz, qəbirdən çıxıb sizi öldürərəm"

Bir neçə aydan sonra Azərbaycanın görkəmli sənətkarı Lütfəli Abdullayevin 100 illik yubileyi olacaq. Milli.Az sənətkarın qızı Xurşud Abdullayevanın "Qafqazinfo"ya müsahibəsini təqdim edir:

- Böyük sənətkarımız dünyasını dəyişəndə  ilk dilimə gələn kəlmə Şəid Qurbanovun illər öncə Lütfəli Abdullayev haqqında dediyi "Gülüş kralı" ifadəsi oldu. Dünyada  bu gün də adları çəkiləndə  üzlərdə təbəssüm  yaranan komik  sənətkarlar olub ki, onlar ailədə  çox ciddi, hətta bəzən həddən ziyadə ciddi olublar. Maraqlıdır, ekranlarda ani görünüşü ilə əhvalımızı müsbət enerjiyə kökləyən Lütfəli Abdullayev evdə, ailədə hansı ampulada idi?

- Atam evdə tamam başqa insan idi. Uşaq vaxtı atamla tez-tez gəzintiyə çıxardıq. Yoldan keçənlərin atama baxıb gülmələri mənə o qədər pis təsir edirdi ki, evə gələndə. "Axı onlar niyə atama baxıb gülürlər? O gülməli deyil axı" deyib ağlayırdım. Çox ciddi olsa da, nə mənə, nə də bacıma heç vaxt "yox" sözü deməzdi. Bütün "yoxlar" anamdan gəlirdi. Anam da çox ciddi xanım olub. Anam tərəfdən elə münasibətlər qurulmuşdu ki,  "atanız icazə vermir" deyib bizi inandırırdı. Atam rəhmətə gedəndən çox sonra anamla söhbətlərimdə bildim ki, atam anama "lsun" deyərmiş. Tez-tez qonaqlarımız olardı, qonaqla bir süfrədə əyləşib, ucadan danışmamışıq.  Bəlkə, mən tez köçdüm bu dünyadan, qızlarımın toyunu görmədim, qoy bütün "yox"lar sən tərəfdən olsun. Evimiz həmişə qonaqlı-qaralı olub. Ancaq nə həddimizə ki, onlarla bir masada əyləşək, səsimiz çıxsın. Qonaq üçün pianoda çalıb, şeir deyib öz otağımıza çəkilərdik. Atam baxıb fərəhlənərdi bu  səhnədən.

- Lütfəli Abdullayevin vəfatının 40 ili tamam oldu. Həmin günü necə xatırlayırsınız?

- Həm uşaq vaxtı, həm də indi paradları çox sevirəm, özü də hərbi paradları. Atamın heç səhər tezdən qalxması ilə arası olmazdı. Parad doqquzda başlayırdı, seçilmış yerlərdə əyləşənlər saat səkkizdə orada olmal idilər. Atam düz doqquzun yarısına qədər yatardı. Hər dəfə gecikərdik. Hər dəfə əsgərlərin iri yük maşınlarıyla yolu bağladıqları səmtdən keçməli  olurduq. Mən və bacımı maşınların altından, atamı isə əsgərlərin qolları üstə küçənin o biri səmtinə keçirdərdilər. Birinci katibə qədər hamı tribunada olardı biz yerimizə keçəndə. Ancaq birinci şəxsdən tutmuş digər  vəzifəlilər də gəlib bir-bir atamla görüşərdilər. Gecikməyimizə göz yumulardı həmişə.

- Demək ki, tez-tez xatırlayırsınız.

- Günüm yoxdur... (kövrəlir)

- Ailədən söz düşmüşkən.  Sevda xanımla Lütfəli müəllimin sevgisi dillərdə əzbər olub. Uzun zaman elçilərə  " yox"   cavabı verilsə də, bir-birilərinə qovuşmaq nəsib olub. Bu sevgi axıra qədər öz yerində möhkəm oturdu, yoxsa  illər sonra sadəcə qarşılıqlı hörmətə çevrildi? Nə qədər yaşınız az olsa da, isti, yaxud soyuq münasibətləri hiss etməmiş olmazsınız...

- İnsan yaddaşı qəribədir. Keçən il nə olub - yadımda deyil, ancaq otuz il əvvəl, atamla, anamla bağlı nə varsa, hamısı yadımdadır.  Anam deyərdi ki, məni axırıncı günə qədər qısqanırdı və biz bir dəfə də aralarında söz- söhbət eşitmədik. Anam ümumiyyətlə heç vaxt səsini qaldırmayıb, onun bir baxışı bəs edirdi ki, mən otaqdan "rədd olum".

- Övladlarından heç olmasa birini teatr sənətində görmək arzusu var idimi?

- Yox. Atam deyirdi ki, əgər bilsəm, aktrisalığı seçmisiniz, qəbirdən çıxıb öldürərəm. Atam bilirdi ki, aktrisa necə deyim, çox çətin, asılı bir sənətdir. Rejissordanmı, şəraitdənmi, uğurdanmı... Qadın üçün səhnə çox mürəkkəb bir yoldur. Ancaq  o istəyirdi biz sənətdə olaq. Mənim beş yaşım var idi, apardılar fortepianoya. İstəyirdi ki, peşəkar musiqiçi olaq. Mən də, bacım da. Ancaq bacım səkkizinci sinfə qədər Bülbül adına musiqi məktəbində oxudu, sonra qəti şəkildə dedi ki, getməyəcəm daha...

- Azərbaycan teatr sənətində Lütfəli müəllim yeganə adamdır ki, sənətə on dörd yaşından başlayıb. Bu bir təsadüf idi, yoxsa içdən gələn sevgi, teatra  vurğunluq idi?

- Həmişə deyirdi ki, lap uşaq vaxtından dərnəyə gedərmiş. Şəkinin mərkəzində yaşayırdılar. Anam deyir ki, bir gün Mərziyə Davudova və Əhməd Anadolu Şəkiyə qostrola gəlirlər. Atamın on üç yaşı var idi. Tamaşadan sonra atam onlara yaxınlaşıb arzusunu bildirir. Ə.Anadolu deyir ki, "belə olmaz, aktyor olmaq istəyirsənsə, Bakıya gəlib oxumalısan". On dörd yaşında gəlir Bakıya, Üzeyir bəyi tapır və o, atamı Konservatoriyaya götürür.  Üç il oxuyur. Eyni zamanda bilir ki, işləmək lazımdır. Xora daxil olur, güclü səsi olmasa da, gözəl səsi var idi.

- 1939-cu ildən bünövrəsi qoyulan Musiqili Dram Teatrımız barmaqla sayılası sənətkarların çiyinlərində  indiki səviyyəyə çatıb. Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli, Nəsibə Zeynalova, Bəşir Səfəroglu. Akademik Teatrın qranit sütunları olublar. Olmazın əzab-əziyyətlərini  içlərində daşısalar da, teatrın bağlanmasının qarşısını alıblar. Lütfəli Abdullayev yaradıcılığını özlüyümdə  üç mərhələyə ayırdım. Klassik operettalarda oynadığı rollar, tərcümə əsərlərində ifa etdiyi səhnə əsərləri və çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar. Xurşud xanım, təsəvvür edin, sizə bir imkan verilib ki, Lütfəli Abdullayevin ifasında yalnız bir tamaşa göstərəsiniz. Bir-birindən fərqlənən canlı, dinamik obrazlar qalereyasından hansını seçərdiniz? Necə deyərlər,  dünyanı gəzə biləcək bir əsərin adını deyin.

- Heç bir an da fikirləşmədən deyərdim. "Arşın mal alan", Vəli obrazı...

- Elə belə də bilirdim.

- "Arşın mal alan" filminin çəkilişinə çoxlu sayda aktyorlar dəvət olunurdu və bu işə Üzeyir bəy rəhbərlik edirdi. Üzeyir bəyin göstərişi ilə təkcə Vəli obrazına heç kəs  sınaq çəkilişinə dəvət olunmamışdı.  Vəli klassik obrazdır. Atam onu elə yaratdı ki, indi də kim bu rolu ifa edirsə, yeni heç nə göstərmir. Yerişi, gülüşü, jestləri eyni atamda olduğu kimi ifa olunur.

- Rejissor əslində aktyorun  imkanlarını nəzərə alıb onu istiqamətləndirir, nəyi necə, hansı məqamda  demək. Vəlini sözün tam mənasında  yaradan məhz Lütfəli Abdullayev olub.

- Atam Stanislavski sistemi haqqında heç nə bilmirdi. O, aktyorluq fakültəsində təhsil almamışdı. Ancaq anadangəlmə aktyor idi. Komik aktyor və evdə  bir o qədər ciddi idi. Anam ciddi olmayan adama vurulmazdı. İndi anlayıram ər-arvadın səviyyəsi uyğun olmazsa, bir yerdə yaşamaq mümkün olmaz. Anam tərəf üç yüz il tarixi olan zadəganlar nəslindən olub. Nəslimiz ana tərəfdən 1 Pyoturun şəcarəsinə gedib çıxır. Anam dörd dildə sərbəst danışa bilirdi (Sevda xanım Dillər Universitetində dərs deyib)  Əhməd bəy Pepinovun (Azərbaycan Xalq Cumhuriyyətinin dördüncü - Əmək və əkinçilik naziri olub) qızı, Həsən bəy Ağayevin (Azərbaycan Demokratik Respublikasının parlamentinin sədr müavini olub) nəvəsi olub. Və birdən Lütfəli ortaya çıxır. Anamı nənəsi Xədicə xanım böyüdüb. 1944-cü ildə atam anamla tanış olanda  nənəm qəti etiraz edib. "Heç olmaya dram aktyoru  olaydı, komik aktyor?" deyib heç toya da gəlmir. Bilirsiz ki, atamla anamın izdivacına razı olmurlar. Anam ərə gedir, atam da evlənir, bir müddət keçir, hər ikisi çox çətinliklərlə üzləşirlər. Hər ikisi birinci ailəsindən ayrılır (Lütfəli Abdullayevin birinci izdivacından Turqut adlı bir oğlu var). Və atamla anam  ev şəraitində toy ediblər. Bu indi əyləşdiyimiz evdə  olub toyları.  Xədicə xanım toyda iştirak etməsə də, toyun səhərisi gündən ömrünün sonuna qədər atam hər səhər Xədicə xanımım eyvanının altında maşını saxladıb "nə lazımdır" deyə soruşardı. Xədicə xanım dünyasını dəyişəndə  demişdi ki, "heç kəsə bir pislik etmədim. Allah qarşısında bircə Lütfəlini incitdiyim üçün peşmanam, mən bu adamı hələ də başa düşmədim".

Atamla  anam evlənəndən iki ay sonra nənəmlə atam iki can bir qəlbdə kimi dolandılar. Anam danışırdı ki, atamdan soruşanda: "Xədicə xanıma çoxmu acığın tuturdu?" - "Mən də olsaydım, qızımı verməzdim" deyirdi. Hər bir insanın alın yazısı var, ancaq atam çox tez 59 yaşında köçdü bu dünyadan. Mənim 54 yaşım var, elə bilirəm hələ bundan sonra nə qədər işlər görəcəm.

- Həm də yaradıcı bir insan üçün bu yaş  çox azdır. Lütfəli Abdullayev məktəbi deyəndə kimlər xatırlanır?

- Siyavuş Aslan,Yaşar Nuri. Düzdür, Yaşar tam komik deyil, trogikomik aktyor idi. O da uşaqlıqdan  tamaşalarda iştirak edirdi. Atam Siyavuşu çox istəyirdi. Oğlu kimi...

- Hamımızın bildiyi və sevdiyi  üçlük haqqında - Nəsibə Zeynalova, Bəşir Səfəroğlu , Siyavuş Aslan - yaddaşınızda nə qalıb?

- O gözəl insan, gözəl sənətkar Şəmsi Bədəlbəyli olmasaydı, heç bir üçlükdən danışmaq olmazdı. Onun əməyi sayəsində yaranmışdı hər şey. Hər zaman başlarının üstündə olub, ideoloqları, rejissorları, müəllimləri, yolgöstərəni olub...

- Səhv etmirəmsə, Bəşir Səfəroğlunun da  ağır xəstə yatdığı zamanda  məhz Lütfəli və Şəmsi müəllimin sayəsində  xalq artisti məsələsi həll olunub...

- Bəşir Səfəroğlu xəstəxanada idi... 50 yaşı tamam olurdu. Atamla  Şəmsi  müəllim Mərkəzi Komitəyə zəng etdilər. O vaxtlar   da müəyyən vaxtlarda  təqdimatlar hazırlanardı. Şəmsi  müəllim: "Özünüz bilərsiniz, siyahıda Bəşirin adı var, ya yox. Biz bu gün  səhnədə tamaşadan sonra onu xalq artisti kimi təqdim edəcəyik", - deyib dəstəyi asıb. Xəstəxanadan gətirdilər. Üstündən bir az keçməmiş  təqdimat da gəldi...

- Xalq arasında Lütfəli müəllimin  "yaxşı adam" statusunun  haradan  qaynaqlandığından  bir az  danışasınız?

- Nə qədər özümü xatırlayıram səhər tezdən yuxudan duran kimi (məktəbə səhər saat yeddidə qalxardıq) baxırdıq ki, qapının qabağında düz aşağı qədər adam doludur. Ən müxtəlif xahişlərə gələrdilər. Atam da heç kəsi qırmazdı, təmənnasız  əlindən gələni edərdi. Anam danışardı, elə olub gecə yarı saat üçdə xahişə gəliblər, onlara yemək də hazırlatdırıb. 

Aşağıda Ağami deyilən bir nəfər var idi. Atamın zənbilinə kömək edərdi evə qaldırmağa, maşınını yuyardı. Elə oldu, tutuldu, ona on dörd il iş kəsdilər. Atamın hüzüründə bilmişik ki, heç kəsə bir kəlmə də deməmiş on dörd il bu ailəni dolandırıb. Bir dəfə mənzil istismar idarəsindən anama dedilər ki:  "Sevda xanım  xəbəriniz var ki, sizdən başqa on dörd nəfər evinizdə qeydiyyatdadır?"   Rayondan gələrdilər, o vaxt çətin idi, qeydiyyatsız heç nə etmək olmurdu. Atam da müraciət edənlərə "yox" kəlməsi deməyib. Anam "atanız sanki kiməsə əl tutmaqdan zövq alırdı" deyərdi.

- Yəqin ki, bu minvalla övladlığa da kimlərisə götütüb, hələ ki xəbəriniz yox. (hər ikimiz gülürük. Xurşud xanım sanki bir bu cümləni gözləyirdi)

- Atam bir dəfə gecə tamaşadan qayıdanda Molokan bağından keçirmiş. Skamyalardan birində on beş yaşlarında bir qız uşağının başını aşağı salıb oturduğunu görür. Məlum olur ki, bu kimsəsiz uşağın adı Dusya, özü də Şamaxı molokanlarındandır. "Gecənin bu vaxtı nə edirsən?" sualının cavabını alar-almaz gətirir evə. Anam danışardı ki, qıza yaxın gəlmək olmurdu, bitin içində, yun çubuğu kimi arıq. Həmən bu Dusya oldu atamın birinci qızı. Ömrünün sonuna qədər bizimlə yaşadı, bizə analıq edirdi.

- Üç aydan sonra 2014-cü ilin mart ayının 22-də Lütfəli Abdullayevin dünyaya gəlişinin 100 illiyi tamam olacaq. İçinizdə bir rahatlıq olsun deyə nələri arzu edirsiniz?

- Bizim ailəmizə həmişə diqqət olub. Mənim də bacımın da ən böyük arzusu  şəhərimizdə onun adını daşıyan küçənin olması və  doğulduğu Şəkidə büstünün qoyulmasıdır.

P.S. Bir daha əmin oldum ki "ölməz sənətkar" statusunu  təkcə fitri istedadla, yüksək peşəkarlıqla qazanmaq  çox azdır. Yaratdıqlarını,sevdirdiklərini yaşatmaq üçün "ölməz"  tamaşaçıların" olmalıdır. Çətin anlarında qolundan tuta bildiyin, təmənnasız qapı açdığın, şirin təbəssüm əsirgəmədiyin insanlar, ölməz tamaşaçılardır. Sənin yaratdıqlarını yaşadan, nəsildən-nəslə əmanət kimi çatdıran ölməz tamaşaçılardır.

Milli.Az


Böyütməlk üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.