Mədəniyyət

"Onların bir çoxunun camaata əxlaq dərsi verməyə heç haqqı da çatmır, amma..." - FOTO

23 İyul 2013 16:48
0 Şərh     Baxış: 3 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Düşünürəm ki, nə vaxtsa məni də dəli kimi sevən olacaq"

Bu müsahibənin mənim üçün həm də bir imtahan mənası daşıdığını bilirdim. Çünki himnin sözünü bilməyən, əlifbadakı ilk beş hərfin sıralamasını qanmayan müsahiblərdən uzaqlaşıb,  həyatının 30 ilini jurnalistikaya həsr etmiş biriylə həmsöhbət olmaq gerçəkdən imtahandır.

...Deyilən vaxtda onun iş yerinin - AzTV-nin qarşısındayıq. Bizi yetərincə səmimi qarşılayır və gecikdiyimizə görə irad "payımızı" da verir. Yerimizi rahatlayandan sonra söhbətə başlayırıq və müsahibim, tanınmış telejurnalist Telli Pənahqızıdan daha bir irad da gəlir: "Niyə qeyd dəftərçən yoxdur?"

Deməli, diktofonu işə salmağın əsl məqamıdır.

- Bu, irad deyil, sadəcə, fikrimi deyirəm. Çünki mən belə danışmamışam, belə yazmamışam.

"Onun danışığında qədeşlik, bakılı ləhcəsi var idi"

- Yəqin ki, yetərincə məşhur həmsöhbətləriniz, müsahibləriniz olub.

- Əlbətttə. MaestroNiyazi ilə söhbət mənə ləzzət edib. Fikrət Əmirovçox şirin danışırdı, Ağabəy Sultanov deyirdi ki, "sənə söz verirəm ki, bu müsahibədən sonra Azərbaycan dilində fikrimi elə sənin qədər sərbəst ifadə etməyi öyrənəcəm", rəhmətlik sözünü tutdu, öyrəndi də. Şövkət Ələkbərovagözəl danışırdı. Mirzə Babayevlə iki dəfə müsahib olmuşam. Necə gözəl, necə məlahəhətli danışırdı, İlahi! Onun danışığında qədeşlik vardı, bakılı ləhcəsi ilə danışırdı, fikirlərini ifadə etməkdən çəkinmirdi, dediyi sözləri sığallayıb, tumarlamaq heç yadına da düşmürdü. Adam ondan ayrılmaq istəmirdi. Rəşid Behbudov rusdilli olsa da, o qədər şirin ləhcə ilə danışırdı ki, adam bu böyük sənətkara valeh olurdu..

- Amma Rəşid Behbudov mahnılarını bəzən elə ləhcəylə də ifa edirdi. Sizcə, belə ifa doğrudur?

- Mənə elə gəlir ki, doğrudur. Çünki o, Rəşid Behbudov idi, o, ustad idi, nəyi, necə və harada edəcəyini bilirdi.

- Yaddaşınızda qalan ən maraqlı müsahibiniz kim olub?

- İki dəfə Heyər Əliyevlə təkbətək müsahibəm olub.

- Həmin müsahibələri harada almışdınız, Bakıda, yoxsa Naxçıvanda?

- Bakıda. Ali Sovetə təzə gələndə və bir də prezident seçiləndə. Həmin müsahibələrin biri 1 saat 15 dəqiqə, digəri 1 saat davam elədi. Bu görüşlərdən sonra mən jurnalistliyin necə çətin, necə şərəfli və məsuliyyətli bir peşə olduğuna bir daha əmin oldum. O vaxt çoxları deyirdi ki, "Heydər Əliyevlə  üzbəsurət oturub danışmaq çətindir, onda qəribə bir mağiya var". Təbii ki, o nəhəng insan idi. 20-ci əsr Azərbaycan ədəbiyyatında, incəsənətində, mədəniyyətində çox böyük dahilərimiz olub. Amma siyasətdə ikinci Heydər Əliyevimiz yoxdur.

- Təbii ki, heç kimdən ikincisi də yoxdur...

- Biz sıradan biri olaraq, öz ailəmiz, çevrəmiz üçün bəlkə də təkrarsızıq. Amma söhbət millətin, ölkənin taleyini dəyişdirməyə qadir olan seçilmişlərdən, dahilərdən gedir! Bəli, o təkrarsız insan, böyük şəxsiyyət idi. Onu dostları da sevirdi düşmənləri də. Dostlar onun istedadını və şəx-siyyətini dəyərləndirdikləri, düşmənləri isə ona həsəd aparıb qorxduqları üçün. 

Bütün siyasətçilər bir-birlərinə bənzəyirlər, o isə fenomen yaddaşı, savadı, işgüzarlığı, ağlı, zəkası və ən əsası dəmir məntiqi ilə hər kəsi mat qoymağı bacarırdı. Bu insan ədəbiyyatdan danışanda ədəbiyyatçı, musiqidən danışanda musiqişünas, teatrdan danışanda ən gözəl aktyor və rejissor oyunlarını şərh edən bir teatr, səhnə bilicisi olurdu. Rəsamlar, memarlar, arxitektorlar onun tövsiyyə və məsləhətlərini həvəslə dinləyirdilər. Kənd təsərrüfatından danışanda  düşünürdün ki, yəqin nə vaxtsa Kənd Təsərrüfatı İnstitutunda oxuyub.

- Heydər Əliyevlə müsahibədənkənar ünsiyyətiniz olub?

- Heydər Əliyev özü o vaxt müsahibə almaq üçün mənim gəlməyimi istəmişdi. Çünki o vaxt üzdə olan jurnalistlərdən idim, hadisələr dövründə efirdə daha çox görünürdüm.

"Mənim üçün həqiqət hər kəsdən və hər şeydən yüksəkdədir"

- Ali Məclisin qarşısında çadır qurmuşdular, istefa tələbləri var idi. Həmin dövrdə AzTV-nin sədri də, müavini də Xalq Cəbhəsinin nümayəndələri idi. Mən də "Xəbərlər"də işləyirdim. Naxçıvandakı müxbirimiz ara-sıra materiallar göndərirdi. Bu materiallar da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin xarici qonaqlarla görüşləri zamanı lentə alınmışdı. Mən o materialları işləyib efirə vermək istəyəndə deyirdilər ki, "olmaz". Mən də dirəşirdim ki, bu material efirə getməlidir. Bunu kimisə müdafiə etmək üçün etmirdim. Mənimçün həqiqət, elə indi də, hər kəsdən və hər şeydən yüksəkdədir, haqqı söylə, yolun açıqdır-deyirəm...

O vaxtkı rəhbərliklə mübahisəm düşəndə deyirdim ki, "gücünüz çatırsa, onun Ali Məclisin sədri vəzifəsindən çıxarın, qoy gəlsin, ayrı adam otursun. Yəqin ki, onda  yeni gələn adam haqda materialların efirə getməsinə icazə verəcəksiniz". Susurdular. Deyirdim ki, sizin efirə vermək istəmədiyiniz şəxsin bu süjetin efirə getməsində heç marağı da yoxdur, amma əgər o kimisə qəbul edirsə, hansısa xarici ölkənin rəsmiləri onun qəbuluna gəlirsə, onunla görüşüb Naxçıvanın və Azərbaycanın taleyi ilə bağlı məsələlər müzakirə olunsa, bizim xəbər proqramı olaraq bunu efirə vermək haqqımız var.

"AzTV-nin qarşısında mənim üstümə cumdu"

- O vaxt AzTV-nin rəhbərliyində kimi idi?

- Bilirsiniz biz hamımız zəmanəmizə bənzəyən insanlarıq . Mən onlarda da günah görmürəm. Çünki o dövrün tələbi belə idi. İş elə gətirdi ki, 15 may mitinqini çəkib qayıdanda iki nəfər AzTV-nin qarşısında mənim üstümə cumdu. Əvvəlcə qorxdum. Dedilər ki, "niyə Heydər Əliyevi efirə vermirisniz?" Mən də dedim ki, "elə bilməyin ki, mən onu sizdən az istəyirəm". Həmin gün çox hadisələr baş verdi və məcbur oldular ki, Heydər Əliyev haqda balaca bir materialı efirə versinlər. Bu söhbət Heydər Əliyevə çatmışdı.

- Deməli, sizi şəxsən tanıyırdı?

- Bəli. Hələ illər əvvəl, məşhur rus bəstəkarı , SSRİ-nin xalq artisti Tixen Xrennikovun Bakıda Filarmoniyadakı konsertini çəkməyə getmişdik. Onda mən bəstəkardan müsahibə almaq üçün otağa dəvət olunanda içəridə Heydər Əliyevi və Zərifə xanımım görəndə heyrətimdən quruyub qaldım. Heydər Əliyev çaşqınlığımı görüb gülə-gülə məni Xrennikova təqdim elədi və dedi ki, "bu bizim çox gənc, amma çox istedadlı jurnalistimizdir, mən onu çox böyük maraqla izləyirəm". Mən  təəccüblə və heyrətlə bu müdrik insana baxdım və onun, hələ o qədər də təcrübəsi olmayan adi bir jurnalistə verdiyi qiymətdən gözüm yaşardı.
O dövrdə  "Günün ekranı"na bütün respublika baxırdı, çünki, ikinci bir telekanal yox idi axı...

- Ali Sovetdəki müsahibəniz necə keçdi?

- Ali Sovetdəki müsahibəyə iki operatorla - Nadir Zeynalov və Rüstəm Zülalovla getmişdik. Bəylər Əyyubov qapını açdı və bizi içəri dəvət etdi. Heydər Əliyev  bizi çox səmimi qarşıladı, o ümumiyyətlə jurnalistlərlə ünsiyyət qurmağı sevirdi və bunu çox məharətlə bacarırdı. Sonra mənə dedi ki, "eşitmişəm, sən mənə görə çox əziyyət çəkmisən". Dedim ki, "həqiqəti müdafiə eləmişəm."

Sonra ikinci dəfə yenə ondan müsahibə alduq. Mən ona dedim ki, "Siz böyüksünüz, yetərincə  hakimiyyətdə rəhbərlik təcrübəniz var, bunlar cavandırlar. Qapıları açıq qoyun, gəlsinlər". Müxalifətçilər onunla görüşmək istəyirdilər. O da dedi ki, "mənim qapılarım həmişə onların üzünə açıqdır".
Heydər Əliyevlə müsahibə aparmaq iddiasında olanların hamısı deyirdilər ki, "onun gözünün içinə baxıb danışmaq çox çətindir. Amma mən onunla şox rahat və sərbəst danışırdım, çünki bu səmimiyyəti o özü yaradırdı...

- Uzun illərdir rəsmi təşkilatda - AzTV-də işləyirsiniz. Amma bildiyimə görə müxalif cəbhədə olan bir siyasətçi haqda kitab yazmısınız...

- Hanı o kitab? Bəlkə verəsiniz mən də oxuyum.  Müxalif cəbhədə elə bir lider tanımıram ki, onun haqqında bir kitablıq söz demək mümkün olsun.

- Nə vaxtsa Heydər Əliyevin sizə bu xüsusi münasibətdən istifadə etmisiniz?

- Heç vaxt istifadə etməmişəm və bu haqda heç düşünməmişəm də.

- AzTV-də bir neçə verilişin aparıcısı olmusunuz...

- Uzun illər "Xəbərlər" proqramını aparmışam, 10 il qocalar evindən verilişlər çəkmişəm. Sonra "Mədəniyyət xəbərləri"ni apardım. Ardınca verilişin adı dəyişib "Mədəniyyət aləmində" oldu. Ondan sonra unudulan sənətkarlarla bağlı "Gümüşü yağışlar" verilişim oldu.

- AzTV-dən başqa haradasa işləmisiniz?

- İlk və yeganə iş yerimdir.

- Sizcə, "Mədəniyyət xəbərləri"nə teleməkanda ehtiyac var?

- Onu siz bilərsiniz.

- Məncə, var. Amma niyə məhz AzTV-də yoxdur?

- Mədəniyyət kanalında "Buta" mədəniyyət toplusu" var. Yetərincə də əhatəli və maraqlı verilişdir.

- Sizin səsinizi Həmidə Ömərovanın səsinə bənzədənlər var.

- Məni çox vaxt Şəfiqə Məmmdovaya və rəhmətlik Aida xanım İmanquliyevaya da bənzədirlər. Hətta onun bir şəklini gördüm və özüm də oxşatdım. Səsimsə anamın səsi kimidir...

- Nə vaxtsa filmdə çəkilmisiniz?

- Olasıydı, olmadı. "Qaçaq Nəbi" filmi çəkiləndə Həsən Seyidbəyli demişdi ki, "gedin o qızı çəkin". Həmin ərəfədə mən rayona ezamiyyətə getmişdim. O vaxt "Təbliğat qatarları" var idi. On gün mədəniyyət və incəsənət işçiləri ilə rayonlara gedirdik. Rejissor da hövsələsiz adam, vaxt da dar. Mənim qayıtmağımı gözləməyib çəkilişə başlamışdılar, bəlkə də başqa səbəblər da vardı, bunu bilmirəm.

"Böyüklü-kiçikli, deputatlı, süpürgəçili hamı belə danışır"

- Niyə efirdə yoxsunuz? Axı efirdə peşəkarlar azdır.

- Niyə, yavaş-yavaş çoxalırlar.

- Gənclərdə sizi qane etməyən nədir?

- Gənclərin danışığında yetərincə qüsurlar var. Eləcə də sizin danışığınızda qüsurlar hiss edirəm. Məsələn indi hamı "mentalitet" sözünü işlədir. Amma onu bilən də deyir, bilməyən də. Türklər fransızlardan bir "performans" sözü götürüblər. Bunun bizim dilimizdəki qarşılığı qabiliyyətdir. Amma bizim bu jurnalistciklər o sözü efirdə deyə-deyə adamın bütün əsəblərini korlayırlar. Həmin sözlərdən biri sizin də yeri gəldi, gəlmədi işlətdiyiniz "belə deyək də" ifadəsidir. Böyüklü-kiçikli, deputatlı, süpürgəçili hamı belə danışır. Bu sözü o vaxt işlədirsən ki, nəyinsə adını tapa bilmirsən. Əksər özəl telekanallarda çıxış edənlərin işlətdiyi 4-5 cümlədə səkkiz dəfə bu kəlmə işlənir. Efirə çıxan, müsahibə verən adam hazırlıqlı olmalıdır, dediyi sözün məsuliyyətini hiss etməlidir.

- Özünüzü bu məsələdə təqsirkar hiss etmirsiniz ki?

- Məndən öyrənənlər belə danışmırlar.

- Kimlərdir onlar?

- Məsələn Sevil Nuriyeva yetərincə tanınmış simadır. O deyir ki, "jurnalistikaya gəlməyimə səbəb Telli Pənahqızı olub". Atası deyib ki, "onun kimi jurnalist olacaqsansa, ol".
İlhamiyyə Rzayeva da, əgər belə demək mümkünsə, "mənim köynəyimdən" çıxıb. Kəmalə Mirzəyeva ilə, indi bizim radioda çalışan Məhyəddin Əsgərlə, Solmaz Əmirli ilə bir vaxtlar bərabər işləmişik, elə bilirəm ki, onlar yaxşı tələbələrim kimi bunu həmişə etiraf edirlər. Özü də bu insanların öyrənmək, nələrisə əxz eləmək üçün maraq və istəkləri var idi. İndi kimlərəsə nəyisə irad tutanda və ya məsləhət verəndə  acığı gəlir.

- Siz kimdən öyrənmisiniz?

- Kitablardan və həyatdan. Mən mütaliəni sevən adamam. Gözümü açandan evimizdə kitab görmüşəm. Anam oxuyub o kitabları. Sonra nənəm bizə bayatılar, nağıllar danışıb, laylalar oxuyub. Bizim evdə kitaba böyük hörmət olub, ailə üzvlərimiz, qonum-qonşularımız da elə təxminən mənim kimi danışıblar. Altı uşağıq, hamımıız ali təhsil almışıq. Bir vaxtlar Qərbi Azərbaycanda, erməninin içində yaşasaq da, din içində dinimizi, dil içində dilimizi saxlamağı bacarmışıq. 

"Onlar bizim yazdığımızı oxuyurdular"

- Bu mövzu çox müzakirə olunur: teleaparıcılıq və diktorluq. Bunların fərqi nədir?

- Teleməkanda o vaxt diktor deyilən anlayış var idi. Bizim diktorlar - məsələn, Roza Tağıyeva, Rafiq Hüseynov, Davud Əhmədov, Sabir Ələsgərov, Yusif Muxtarov, Aydın Qaradağlı və başqaları gözəl səs tembrinə, aydın tələffüzə, ifadəli danışıq qabiliyyətinə malik idilər. Onlar bizim yazdığımızı oxuyurdular və yazılan mətndən kənara çıxmağa ixtiyarları yox idi. Ora bir söz də əlavə edə bilməzdilər. Aparıcı isə daha sərbəstdir. Məsələn, mən ilk dəfə əlimdə qələm efirə çıxanda, çoxu çaş-baş qalmışdı. O vaxtın rəsmi xəbər proqramının aparıcısı üçün bu cəsarətli bir addım sayılırdı.

İndi isə hər kəs sərbəstdir, hətta saçın üzə tökülməsi və ya yaxası açıq paltar geyinmək belə, heç kəsi təəccübləndirmir, narahat etmir. Bizim vaxtımızdasa, saçımızın bir telinin üzə tökülməsi nə idi, ifrat makiyaj nə idi, dodaq şişirmək nə idi? Onda aparıcının sözündəki səmimiyyətə inanırdı  tamaşaçı və onu öz evinin yuxarı başına keçirirdi. Yəni televizor cihazını evinin ən baş köşəsinə yerləşdirirdi.

- Əgər aparıcı tamaşaçıya bir köynək yaxındırsa, niyə AzTV-də hələ də diktor sistemidir?

- İndi "Xəbərlər"in diktorları əməlli-başlı sərbəstdilər, onlar süjetlərin hazırlanmasında bilavasitə iştirak edirlər. Amma o illərin diktorları süjet hazırlamırdılar, çəkilişə getmirdilər, sadəcə, hazır mətni efirdə oxuyurdular. Özlərindən nə isə əlavə etməyə, mətndən kənara  çıxmağa ixtiyarları yox idi.

- Bu müddətdə sizə başqa telekanallardan dəvət olub?

- Olub, mən getməmişəm.

"Adamın bir iş yeri olar"

- Yüksək əməkhaqqı təklif olunub?

- Allaha and olsun ki, məni yüksək əməkhaqqı maraqlandırmayıb. Min manat maaş da təklif etsələr, razı olmaram.

- Buradakı məvacibiniz nə qədərdi?

- Mənə bəs edir.

- 300-400 manat?

- Bu, önəmli deyil... Mən heç vaxt var-dövlət hərisi olmamışam. Ümumiyyətlə, düşünürəm ki, Allah hər kəsin ruzisini harada olmasından asılı olmayaraq, özü bildiyi qədər yetirir. Bir də ki, mən dostlarımı, yaşadığım evi, illər boyu cilalanmış xasiyyət və vərdişlərimi dəyişməyi xoşlamıram. Bəlkə də yaxşı xüsusiyyət deyil bu, amma mən daimiliyi xoşlayıram. Məncə, adamın bir iş yeri olar. Gündə bir təndirin başında oturmağın nə mənası... İllərdən bəri işlədiyim bu kollektivdə çox şey dəyişsə də, burada mənə doğma olan divarlar, otaqlar, studiyalar, insanlar ki, qalır... Burda o qədər xatirələrim var ki. Burda mənim dilim qorunursa, istədiyimi deyə bilirəmsə, başqa yerə getməyin nə mənası...

- Bir az da bədii yaradıcılığınızdan danışaq. Son kitabınız nə vaxt çıxıb?

- Səkkiz kitabın ("Ömrün qoşa izi", "Ayrılıqdan sonra çəkilmiş şəkillər", "Tanrımla söhbət", "Səsində ay işığı var", "Sizi sevən Sərdaram", "Səsin xiffəti", "Uzun, incə bir yol varmış") müəllifiyəm. Sonuncu kitabım "Yaddaşım qaval daşı" bu ilin may ayının 24-də çıxdı.

- İrihəcmli əsər yazmaq haqda düşünürsünüz?   

- Mən "şairlik iddasına düşəndən" roman, povest yazmağı ikinci plana atdım. Hekayələr kitabımı çapa hazırlamaq istəyirəm. Məşhurlarla olan görüşlərimdən də xatirələr kitabı yaza bilərəm.

- Fərdi hazırladırdığınız tələbəniz var?

- Hərdən gəlirlər.

"Az qala məni öldürmüşdünüz"

- Teleməkanda bəyəndiyiniz aparıcı var?

- Öz aparıcılarımızı tərifləsəm - məsələn, Dilarə Səlimova, Rafiq Həşimov, Natəvan Osmanlı, Nailə Babayevanı - deyəcəksiniz tərəfkeşlik eləyir. "Xəzər" TV-də Anar Nəcəflini, ANS-də Qənirə Ataşovanı, İctimai TV-də Anar Yusifoğlunu bəyənirəm...

- Bu mənim şəxsi qənaətimdir. Anar Nəcəfli dilimizi yetərincə bilmir...

- Sizin öz qənaətinizdə qalmaq haqqınız var.

- Yəqin ki, sizin də başınıza efirdə maraqlı hadisələr gəlib.

- O vaxt bizim həftəlik "Komsomol nəsli" adlı bir verilişimiz vardı. Köhnə komsomolçuları dəvət edib xatirələrini danışdırardıq. Bir dəfə Əli Bayramovun həyat yoldaşı - ilk çadrasını atıb komsomol olmuş Ceyran Bayramovanı çağırmışdıq. Yaşı yetmişi keçsə də, çox yaraşıqlı qadın idi. İkinci studiyada canlı efirdəyik. Efirin bitməyinə az qalırdı, növbəti veriliş efirə çıxmalı idi, o vaxtlar verilişlər canlı gedirdi efirə, bu üzdən biz kiminsə efir yerinə girə bilməzdik. Ceyran xanım da ki, maşallah, dildən pərgar, danışdıqca danışır. Rejissor isə pultda özünü "öldürür" ki, tez olun vaxtımız bitdi. "Xəbərlər"in rejissoru Azər Babayev var idi. Aşağı düşəndə görüb ki, rejissorun səsi pultu götürüb. Bir də gördüm qapı açıldı, Azər girdi içəri. Barmaqlarının ucunda gəldi durdu kameranın yanında. Məni işarələrlə başa saldı ki, vaxt tamamdı, verilişi yekunlaşdır. Mən bir neçə dəfə Ceyran xanıma təşəkkür etdim, o isə çıxışına davam edirdi. Bir də görüm  ki, kamera məni iri planda göstərir, Azər də gəlib durub Ceyran xanımın  başının üstündə. O sözünü tamamlayan kimi Azər əli ilə  qadının ağzını qapadı. Arvad başladı çabalamağa...Yazıq heç nə başa düşmür axı. Tez-tələcik "hörmətli tamaşaçılar, bununla da verilişimiz başa çatdı..." deyib sağollaşdım və sonra Ceyran xanımdan ona yaşatdığımız narahatlıq üçün üzr istədik. Arvad dedi ki, "az qala məni öldürmüşdünüz ha!".

- Bir az da şəxsi həyatınız haqda danışardınız...

- Ailə qurmamışam.

- Bunu "sənət qurban tələb edir" prinsipi kimi qəbul etmək olar?

- Demək olar. Heç kimin var-dövlətini istəmirəm. Amma sevdiyim adamı dəli kimi sevə bilərəm. Amma onun cavabını görməyəndə sevgim nifrətə çevrilir.

- Deməli sevgi olub?

- Əlbəttə. Bu yaşıma qədər o qədər istəyənlər olub ki.

- Dəli kimi istədiyiniz olub və qarşılıq olmayıb?

- Dəli kimi deyə bilmərəm, amma olub, araya girənlərə görə alınmayıb. İlk gənclik illərimdən söhbət gedir. Sonra isə həyat mənə elə dərs verdi ki, mənimçün karyeram daha önəmli oldu.  Çox adamlar sonradan etiraf edirlər ki, "səni çox sevirdik, amma düşünürdük ki, ev arvadı ola bilməzsən". Maşından düşüb təyyarəyə, təyyarədən qatara, qatardan gəmiyə minirdim axı...

- (zarafatyana) Belə arvadı kim saxlayar?

- Mən də onu deyirəm də(gülür).

- İçinizdə "kaş ki" var?

- Sonradan bəzi yaşıdlarımla rastlaşanda düşünürəm ki, yaxşı ki, ailə qurmamışam. Amma təbii ki, o "kaş ki" var.

- Bu kitab bağlanıb?

- Niyə bağlanıb ki? Heç nəyi bilmək olmaz. Özümü hələ o qədər də böyümüş hesab etmirəm, içimdə bir uşaq xasiyyəti var. Bu barədə bir şeir də yazmışam. Düşünürəm ki, nə vaxtsa, məni də dəli kimi sevən olacaq...  

- Əslində bu qədər əndişələrin içində ümid etmək xoşbəxtlikdir.

- Əlbəttə. Mən heç kəsə paxıllıq etmirəm, kiminsə maşınına, var-dövlətinə  həsəd aparmaram...

- Sizin maşınınız neçə minlikdir?

- "Nissan Qashqai"dır, 30 min manatlıq.

- Sovet vaxtı avtomobiliniz olub?

- Olub. AzTV-də informasiya üzrə sədr müavini idim deyə, dövlət maşın vermişdi. 2-ci Proqramın direktoru olanda da maşınım vardı. Amma özüm maşın alandan və sürməyə başlayandan sonra bildim ki, sürücülər nə çəkir...

- Amma siz peşəkarsınız.

- Peşəkarlığın bu tıxaclara və bəzi üzdəniraq sürücülərə dəxli yoxdur...

- Teleməkanda yerində olmayan əsas meyar hansıdır?

- İnsan amili yoxdur. Bizim efirimizi artistlər, müğənnilər zəbt edib. Onların bir çoxunun  camaata əxlaq dərsi verməyə heç haqqı da çatmır, amma....

- AzTV-də verilişlərə o qədər də güclü sponsor lazım olmur. Niyə bir tok-şou yaratmırsınız?

- Reytinq deyilən bir şey var. İndi bütün telekanallar reytinq xatirinə işləyir. Təbii ki, belə bir verilişin olmasını istərdim. Sağlıq olsun!

Modern.az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.