Mədəniyyət

Cavanşir Quliyev: “Qəfildən bıçağı qızların yanaqlarına yapışdırdım...”

31 Avqust 2010 08:46
Baxış: 577
Bu dəfəki müsahibimiz tanınmış bəstəkar, iki operettanın - "Məhəbbət oyunu" və "Yeddi məhbusə", dörd simfoniyanın, habelə xeyli sayda irili-xırdalı musiqi əsərlərinin, 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə yazılmış 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifi, hazırda Kuzey Kıbrıs Türk Cümhuriyyətindəki (Şimali Kipr Türk Respublikası) Yakın Doğu Universitetinin professoru Cavanşir Quliyevdir.

Öncə müsahibimiz öz tərcümeyi-halı barədə qısaca bunları danışdı:

-    Mən Quliyev Cavanşir Rəhim oğlu 1950-ci il noyabrın 22-də Şəki şəhərində anadan olmuşam. 1975-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmişəm. 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında, 1994-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmişəm. Habelə, 1993-2005-ci illərdə Milli Dram Teatrının musiqi hissə müdiri vəzifəsində çalışmışam. 2005-ci ildən Kuzey Kıbrıs Türk Cümhuriyyətindəki (Şimali Kipr Türk Respublikası) Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsində dərs deyirəm. ABŞ, Almaniya, Finlandiya, Türkiyə, Polşa, Rumıniya, Slovakiya, Yuqoslaviya, İsrail, Bolqarıstan, Ukrayna, Estoniya, Rusiya, Gürcüstan, Ermənistan, Özbəkistan və Kıbrısda yaradıcı ezamiyyətlərdə olmuşam, həmçinin əsərlərim həmin ölkələrdə ifa olunub.

-    Gəlin uşaqlığınızdan başlayaq. Öz yadınızda necə qalmısınız?

-    O qədər də dəcəl olmayan, intizamlı, dərslərinə və tapşırıqlarına ciddi əməl edən sakit bir uşaq. Hətta sonradan musiqiçi olmaq qərarımı eşidərkən müəllimlərim çox təəccüblənmişdilər. Çünki məktəb illərində fizika, kimya, riyaziyyat və digər təbiət elmlərini çox yaxşı oxuyurdum. Uşaqlıq illərim əsasən rəvan və qeyri-adi hadisələrdən uzaq bir şəraitdə keçib. Bununla belə orta məktəbdə törətdiyim bir hadisə vardı ki, özüm də sonradan çox peşman olmuşdum. Qış vaxtı idi və sinifimiz dəmir odun sobası ilə qızdırılırdı. Tənəffüs vaxtı cibimdə karandaş yonmaq üçün gəzdirdiyim bıçağı sobaya basıb 5-6 saniyə qızdırdım. Sonra qəfildən həmin bıçağı sinifdəki qızların yanaqlarına yapışdırdım. Qızlar qışqırdılar, məni danladılar, özümə isə ləzzət verdi. Doğrusu buna bir yüngül zarafat kimi baxırdım və bıçağın 4-5 saniyəyə qızacağına inanmırdım. Sonra dərs başladı və oturduğum arxa partadan baxanda gördüm ki, qızların yanaqlarında bıçağın forması yaranmağa başlayıb. Açığı çox qorxdum. Özümdən yox, qızların əvəzinə qorxdum. Onların üzündə yuxarıdan aşağıya eybəcər bıçaq ləkəsi qalsaydı, məni heç vaxt bağışlamazdılar. Sən demə bıçaq çox qızıbmış. Getdikcə bu durumu sinifdəki digər uşaqlar və müəllim də gördü. Heç kim inanmırdı ki, xətanı mən törətmiş olarama. İş böyüdü və 4-5 gün ərzində neçə-neçə komsomol iclası keçirildi. Xoşbəxtlikdən 4-5 gündən sonra qızların sifətindəki bıçaq yeri silinməyə başladı. Ləkənin silinməsi iclaslara da son qoydu və məni danlayaraq, cəza vermədən işi bağladılar. Həmin hadisədən sonra bu cür pis zarafatlara birdəfəlik son qoyacağıma söz verdim.

-    Həmin qızların içərisində sevdiyiniz qız da vardımı?

-    Nəinki sinif qızlarının içərisində, heç məktəbdə belə sevdiyim qız olmayıb. Mənim bütün fikrim-zikrim dərs oxumaq olub. Bu məsələdə xeyli utancaq olduğumdan daha çox oğlan əyləncələri ilə baş qatırdım. Digər tərəfdən, sevmək üçün uyğun insan da yox idi.

-    Ömrünüzdə heç sevmədiniz?

-    Təbii ki, sevdim. Mən ilk məhəbbəti həyat yoldaşımla ilk tanışlıq vaxtı yaşadım. Ona qədər ötəri könül əyləncələri olub. Məsələn, kimdənsə xoşum gəlib, kiməsə qısamüddətli bağlanmışam və sair. Lakin qəlbimi qazanacaq səviyyədə həyat yoldaşımdan başqası olmayıb. 28 yaşımda ailə həyatı qurdum.

-    Ali məktəbə daxil olduqdan sonra hansısa ciddi seçim qarşısında qaldığınız olub?

-    Ali məktəb artıq insan həyatının ilk müstəqil pilləsi olduğundan istər-istəməz seçim anları başlayır. Xüsusilə, mənim valideynlərim rayonda olduğundan mənimçün daha çətin idi. Buna baxmayaraq, müstəqil qərarlar qəbul etməyə başladım və hətta yanlış qərarlarım da az olmadı. İlk müstəqil qərarım da məhz musiqiçi olmaq qərarımdır. Uşaqlıqdan musiqiyə meylim olduğundan valideynlərin düşünürdülər ki, ən uzağı hansısa musiqi alətində ifa edib, daha mədəni insan olaram, amma başqa peşəni seçərəm. Musiqini seçəcəyim ağıllarına belə gəlmirdi. Hətta atam məni yolumdan döndərmək və qıcıqlandırmaq üçün dedi ki, deyəsən sən başqa ali məktəblərə qəbul olmaqdan qorxursan, ona görə musiqini seçirsən. O zaman cavab verdim ki, buyurun gedək, hansı universiteti istəyirsinizsə qəbul olum, lakin sentyabrın 1-də ərizə yazıb oradan çıxacam. Çünki mənim sevgim və həvəsim musiqiçiliyə idi. Başqa heç bir peşə məni cəlb etmirdi. Nəhayət, valideynlər də qərarımla razılaşmalı oldular.

-    Bəs ilk yanlış qərarınız hansı olub?

-    Yenə musiqi ilə bağlı olub. İlk dəfə Konservatoriyanın tar fakültəsinə daxil oldum və iki il orada oxuduqdan sonra bəstəkarlıq fakültəsinə keçdim. Əslində birbaşa bəstəkarlığa qəbul ola bilərdim, amma olmadım. Beləliklə ilk iki ili boşuna itirdim. Yəni iki il qabağa düşərdim, sənətə daha erkən yiyələnə bilərdim, vaxta qənaət emiş olardım. Dərslərim çox asan olduğundan qısa müddətə hazırlaşıb gedirdim Mədəniyyət Evinin həyətinə. Orada təqaüdçülər oturub domino oynayırdılar, mən də onlara qoşulub oynayırdım. 17-18 yaşlı, ağlı-başı yerində olan, enerjili və böyük gələcək vəd edən bir gəncin o cür mənasız əyləncəyə vaxt itirməsini hələ də özümə bağışlaya bilmirəm.

-    Ailədə neçə uşaq olmusunuz?

-    3 uşağıq. Böyüyümüz bacımdır ki, hazırda ailəlidir və Mingəçevirdə yaşayır. Məndən 2 yaş kiçik olan qardaşımsa Şəkidə diş həkimidir. Üçümüz də xaraktercə bir-birimizə çox yaxınıq. Uşaq vaxtı da aramızda ciddi münaqişə yaşanmayıb. Sadəcə qardaşımla münasibətdə mən böyük olduğumçün mənim sözüm keçərli idi. Hətta o, haqlı olan zamanlarda belə kiçik olduğu üçün mən öz hökmümü yeridirdim. Qardaşım da buna etiraz edirdi ki, niyə kiçik olduğu üçün ona haqsızlıq olunur. Bəzən indi söz düşəndə deyir ki, uşaqlıqda ara-sıra sillələdiyim vaxtlar da olub. Təbii ki, bütün bunlar uşaqlıq təfəkkürünün bəhrəsi olub və bununla belə, aramızda daim pərdə olub. Bacımsa qız olduğundan bizim münasibətə qarışmazdı və onun bizimçün tamam başqa dəyəri var.   

-    Valideynləriniz həyatdadırlarmı?

-    Xeyr. Atam mənim gənc yaşlarımda - 18 yaşım olarkən dünyadan köçdü. Anamı isə 3 il bundan öncə itirdik. Bu mövzu mənim çox ağrılı yerimdir. Atamı çox erkən itirdim. O zamanlar gənclik həvəsinə, yaxud özümə qapılıb, atamla daha az ünsiyyət qururdum. Amma indi bunları düşündükcə çox mütəəssir oluram. Əgər zamanı geriyə qaytarmaq imkanım olsaydı, bir çox məsələləri mütləq atamla məsləhətləşərdim. Bəlkə də həyatımdakı çox məsələni atamla məsləhət edərdim. Elə şeylər var ki, onlar sırf şəxsi məsələlərdir və onları ictimaiyyətlə paylaşmaq olmaz. Bu tipdən olan həyatımda çoxlu sayda seçim anları olub ki, atam yaşasaydı, onunla məsləhətləşmədən qərar verməzdim. Bəzən həmin seçim anlarında yanlışlar etdim. Çünki məsləhət etdiyim insanlar arasında inandığım olmadı. Atam olsaydı, mütləq ən doğru məsləhəti verərdi və mən eyni yanlışı törətməzdim.

-    Ümumiyyətlə, valideynlərlə münasibətiniz necə olub: açıq, pərdəli, yoxsa tamam fərqli?

-    Bizə ən yaxın anam olub və onunla çox şeyi danışırdıq. Atamsa fərqli insan idi. Hərbçi olduğundan çox ciddi və hər şeyə diqqət yetirən insan idi. Hətta onunla danışan zaman sözlərimizi, cümlələrimizi dəfələrlə ölçüb-biçirdik ki, irad tutmasın. Bəzən atamla anamın vasitəçiliyə ilə hansısa məsələni müzakirə edərdik.

-    Atanız tərəfindən "hərbi qanunlarla" cəzalandırıldığınız vaxt olub?

-    Şəxsən mən xeyr. Çünki intizamlı və diqqətli olduğum, eləcə də özümü aparmağı bacardığımçün atam mənə güldən ağır söz deməyib. Uşaqlıqdan da bu fikirdə idim və indi də dostlarım bilir ki, münasibətdə olduğum insanlarla münasibət çərçivəsini mən müəyyənləşdirirəm. Əgər bir insan mənim cızdığım dairəni keçərsə, məni sonuncu dəfə görmüş olar. Yəni, özümü elə aparıram ki, kimsə mənimlə yersiz davrana bilməsin. Bəlkə də atamdan keçib bu cəhət. İkimizin münasibətində hər zaman bu prinsip və pərdə nəzərə alınırdı. Anama gəldikdə isə ciddi döyüldüyümü xatırlamıram. Sadəcə bir hadisə hələ də yadımdan çıxmır. Birinci sinfin ilk gününə getməliydik. Adətən uşaqlar ilk dəfə məktəbə ayaq basmağa tələsirlər ki, görsünlər ora necə yerdir. Mənsə əksinə səhər tezdən oyanan zaman dirəndim ki, getmirəm. Anam nə qədər dilə tutsa da, xeyri olmadı. Axırda səbri çatmadı və qulağımın dibinə bir sillə çəkdi. Həmin sillə məktəbə getməyimə bəs etdi və indiyədək cingiltisi qulağımdadır.

-    Adətən rayon uşaqları Bakıya təzə düşdükləri vaxt yerli cavanlarla münaqişə yaşayırlar. Bu cür durumla üzləşmisiniz?

-    Mənim oxuduğum Konservatoriya tamam başqa tipli təhsil ocağı olduğundan orada bu cür hadisələr heç vaxt yaşanmazdı. Oradan çıxıb metro ilə birbaş gəlirdim evə, başqa yerə burulmurdum. Gedəcək yerim də yox idi. Qoltuğumda tar, evdən dərsə, dərsdən evə. Dediyiniz tipli durumlar adətən əyləncə yerlərində, gəzinti zamanı yaşanır. Mənim də elə yerlərlə işim olmadığndan başıma hansısa münaqişə gəlməyib.

-    Sizdən edilən və indiyədək unutmadığınız bir oğurluq...?

-    Oğurlatdığım olmayıb, amma əlimlə verib, sonra ala bilmədiyim şeylər çox olub. Xüsusilə kitablarımın arxasına çox keçdilər. Adlarını çəkməyəcəm, çünki əksəriyyəti indi cəmiyyətdə tanınmış insanlardır. Bir dəfə Hollandiya rəssamı Van Qoqun qardaşı ilə yazışdığı məktubların toplu halda kitabı işıq üzü görmüşdü. Uzun müddət gözləyib, arayıb-axtardıqdan sonra həmin kitabı əldə etmişdim. Onu yaxın dostlarımdan biri və indi tanınmış şair olan bir şəxs oxuyub qaytarmaq adı ilə istədi məndən və verdim. Bir müddətdən sonra geri istəyərkən boynundan atdı ki, məndən elə bir kitab almayıb. Sonra etiraf etdi ki, başqasına verib və indi ala bilmir. Hətta misal da çəkdi ki, heç kimə oxumağa kitab vermə, sənə verilən kitabları isə geri qaytarma.

-    Hələ də özünüzə bağışlaya bilmədiyiniz hərəkətiniz var?

-    Təbii ki, xeyli sayda səhvlərim olub, yanlış addımlar atmışam. Lakin xarakterimdən gələn bir qəribəlik var ki, zaman təkrarlansa bəlkə də həmin səhvləri təkrarlayardım. Bu baxımdan indi peşmançılıq çəkdiyim və özümə bağışlamadığım hərəkətimi xatırlamıram. Xırda-para peşmançılıq hissləri zaman-zaman yaransa da, sonradan keçib.

-    Qız üstündə dalaşmısınız?

-    Mən heç vaxt əmin olmadığım işə girişmirəm. Bu prinsipə cavanlıqda da sadiq qalmışam. Məsələn, hansısa qızın mənə meylini və rəqib oğlanın qazanma şansını dəqiqləşdirmədən qarşı tərəflə heç bir münaqişəyə girməmişəm. Digər tərəfdən də mənim o cür yüngül əyləncələrlə aram olmayıb. Ara-sıra xoşuma gələn, diqqətimi çəkən qızlar olsa da, bu hiss tez keçirdi. Amma əksinə, mənə iddiası olan qızlar vardı. Hətta məni xeyli dərəcədə narahat edirdilər, canımı necə qurtaracağımı bilmirdim. Gecələr evə gələn vaxtsız zənglər, gündüzlər söz göndərmələr, məktublar və sair. Bəzən acılayırdım, amma xeyri olmurdu.

-    Deyilənə görə, qadınlarda qisasçılıq hissi daha güclü olur. Sevgisini cavabsız buraxdığınız qızlardan qisas variantına əl atan olmayıb ki?

-    Hələlik real olaraq qarşılaşmamışam o cür durumla. Bəlkə itirəcəyim bir şey olmadığı üçün başıma gəlməyib, bəlkə də intiqam zamanı hələ qabaqdadır. Hər halda mən də qarşımdakının haqqını yeməmişəm, sadəcə insan kimi "yox" cavabı vermişəm. Onlar da ağıllı, savadlı insanlar olduğundan bu mədəni "yox"u normal qəbul etməli idilər. Sevgi ikitərəfli hissdir. Mən qarşımdakına sevgi duymurdumsa, ona müsbət cavab verə bilməzdim.

-    Niyə gec evlənmisiniz?

-    Bu sualı o dövrkü hökumətə və dövlət başçısına ünvanlamaq lazımdır. Səhv etmirəmsə, Brejnevin zamanına düşürdü. Ev yox, iş yox, dolanışıq yox. Necə evlənim? Sonra işə düzəldim, eyni zamanda yavaş-yavaş mahnılarımı Mədəniyyət Nazirliyinə satmağa başladım. Lakin yenə də hələlik maddi durumum zəif idi. Hələ tanınmırdım, mahnılarım stabil satılıb gəlir gətirmirdi. O zaman mahnılara az pul verirdilər. 1 mahnıya təxminən 100 manat verirdilər, vergiləri çıxanda da 75-80 manat qalırdı. Bu dəhşətdir. Bir mahnının üzərində bəzən aylarla çalışasan, axırda 75 manata satasan. Gec ailə qurmağım bu səbəblərlə bağlıdır.

-    "Gec olsun, güc olsun" deyirlər. Gec də olsa, evliliyiniz davamlımı oldu?

-    Təəssüf ki, xeyr. 10 il evli qaldıqdan sonra yoldaşımla boşandıq. Heç bir ciddi səbəb olmadı, sadəcə xarakter uyuşmazlığı. Bu uyğunsuzluq arta-arta gəlib 10 ilə çatdı. Sonda davasız-şavasız ayrıldıq. Lakin insani münasibətlərimiz hələ də qalmaqdadır, əlaqəmiz davam edir. Bir qızımız var. O zaman körpə olduğundan anasında qaldı. Amma mən istədiyim zaman gedib görürdüm. Hazırda qızım İstambulda yaşayır, rəssamdır.

-    İkinci dəfə ailə qurmaq fikrinə nə əcəb düşmədiniz?

-    Əvvəla, insanın gözü bir dəfə qorxduqdan sonra bütün addımlarını ölçüb-biçirsən. Mən onsuz da ehtiyyatlı adamam, həmin hadisədən sonra lap ehtiyyatlı oldum. Başıma gələn hadisə artıq evliliyi mənimçün ağır və təhlükəli prosesə çevirmişdi. İkincisi, ayılmağıma baxmayaraq, ona bərabər bir qadına hələ də rast gəlməmişəm. Yəni indiyədək də keçmiş həyat yoldaşım mənimçün müqayisə obyektidir və çox adamla müqayisə etsəm də, ona tay görmədim. Bundan sonra ailə qurub-qurmayacağımı Allah bilər, amma ümidim yox dərəcəsindədir.

-    Kiprə niyə getdiniz, maddi sıxıntı ucbatından?

-    Əlbəttə xeyr. Görürsünüz mənim evimi, şəraitimi, studiyamı. Mən kasıb olmamışam, yaxşı gəlirim də vardı, nüfuzum da. Sadəcə məni sıxışdırmağa başladılar. Sözü üzə dediyim, hansı strukturlarısa tənqid etdiyim, kimlərəsə boyun əymədiyimçün mənə qarşı elan olunmamış müharibə başladı. Gizli şəkildə televiziyalardan, radiolardan, proqramlardan sıxışdırıldım, tədbirlərdən uzaqlaşdırıldım. Bu formada başa salırdılar ki, bura mənim yerim deyil, ölkəni tərk edim. Mən də qədrimin bilindiyi, insan kimi yaşayacağım bir yerə getməyə qərar verdim. Həmin ərəfədə Şimali Kiprdən təklif gəldi. 2 il düşündüm, nəhayət getməyə qərar verdim. 55 yaşlı bir insançün təzə-təzə ağır olsa da, sonradan alışdım. Bu gün oradan çox razıyam. Çox gözəl, rahat, mədəni və azad bir cəmiyyətdir. İnsanı əsəbləşdirəcək, qanını qaraldacaq heç nə yoxdur. Bakıda qapı-qapı gəzib, işıq-qaz pulu yığanlar da insanı əsəbləşdirir, dilənçilik və pulu mənimsəmə kimi hallar qanını qaraldır. Amma Kiprdə bu cür əsəbi, bir-birinə atma və qeyri-qanuni əməllər yoxdur. Bir sözlə, orada özümü daha rahat və əsl insan kimi hiss edirəm.

Tural Talehoğlu
Milli.Az
loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.