Mədəniyyət

Böyük elm ocağı Şuşa Realnı Məktəbi

5 Sentyabr 2012 10:25
0 Şərh     Baxış: 979
Cənubi Qafqazda məşhur məktəblərdən biri

Azərbaycanda maarifçi bir nəslin yetişməsində xüsusi rolu olan məktəblər var. Belə təhsil ocaqlarından biri də XIX əsrdə Şuşada yaranan Şuşa Realnı Məktəbidir. Məlum olduğu kimi, XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər yaranmağa başlamışdı. Belə məktəblərin inkişafı və maariflənmə səyləri baxımından Qarabağ bölgəsi, nəinki Azərbaycanda, o cümlədən Cənubi Qafqazda da öncüllük edirdi. Böyük ruh yüksəkliyi ilə başlanan bu ənənə XIX əsrin sonlarında daha da güclənməyə doğru gedirdi. 1881-ci ildə Azərbaycanın Şuşa şəhərində yaranan 6 sinifli yeni tipli məktəb də belə təhsil ocaqları sırasına daxil idi.

Azərbaycanda maarifçiliyin böyük inkişaf yoluna qədəm qoyduğu bu dövrdə dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid də gücləndi. Bu dövrdə Azərbaycanda cəmi bir real məktəb (Bakıda) və bir klassik progimnaziya (Gəncədə) fəaliyyət göstərirdi. Belə bir mənzərə nə əhalinin orta təhsilə olan ehtiyacını, nə də sənaye və ticarətin artmaqda olan tələbini ödəməyə yetirdi. Zəruri tələb və ehtiyac Şuşada özünü xüsusi olaraq göstərirdi. Burada orta məktəbə olan tələb getdikcə artırdı. Şəhər əhalisi Şuşada progimnaziyanın təsis olunması tələbinin nəticəsiz qalmasını görüb, 1880-ci il iyunun 30-da Peterburqa-Qafqaz komitəsinə müraciət etmişdi.

Müraciətdə deyilirdi: "Şuşa şəhər sakinlərinin təhsilə olan cildd-cəhdinə, (Şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli realnı məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür".

Göstərilən səylər 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsasının qoyulmasına gətirib çıxardı. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edildi. Onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. 1886-cı ildə məktəbə 7.500 manat vəsait xərclənmişdi.

Şuşa real məktəbi həqiqətən də dövrünün nümunəvi maarif ocağı sayılırdı. Buna görə də, Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdir. Onlar burada tədrislə maraqlandıqda, aydın olmuşdur ki, məktəbdə üzrlü və üzrsüz dərs buraxanların faizi 7,64%-dir. Bu göstərici xalqın elmə-maarifə həvəsinin əvvəlki illərə nisbətən artdığını göstərirdi. Xalq xurafat əngəllərinə əhəmiyyət vermədən, başqa xalqların dillərini də öyrənir, həmin dildə danışmağa və oxumağa cəhd göstərirdilər. 1890-cı ildə Tiflis məktəblərində alman dili məcburi dil kimi öyrədilirdisə, Şuşa məktəbində bu, könüllülük prinsipi ilə aparılırdı. Yeni açılan bu məktəblərdə ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Şuşa realnı məktəbinin müfəttişini əvəz edən Şimanovskinin Qafqaz maarif nazirinin sərəncamlar bülletinində çap etdirdiyi "Bizim orta məktəblərdə, ədəbiyyat şagirdlərin əxlaq tərbiyəsdində, söhbətlərin aparılmasında əsas silahdır" məqaləsi bir daha bunu təsdiq edir. Ümumiyyətlə, o zaman belə məktəblərdə ədəbiyyata xüsusi diqqət yetirilirdi.

Böyük ziyalıların elm öyrətdiyi ocaq

Şuşa Realnı məktəbində o dövrün tanınmış maarifçi şəxslərindən Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Malikhaqnəzərov, Haşım bəy Vəzirov dərs deyirdi. Mirzə Salah bəy Zöhrabbəyov Fransada və Rusiyada təhsil almış görkəmli ziyalılardan idi. İbtidai təhsilini Şuşada molla yanında alan Mirzə Salah bəy sonra Fransaya yollanmış, burada 12 il təhsil aldıqdan sonra Rusiyaya gələrək, Sankt-Peterburq şəhərində təhsilini davam etdirmişdi. O, inqilabdan əvvəl Şuşaya qayıtmış, öz vəsaiti ilə burada məktəb tikdirmış və həmin məktəbdə rus dili dərsi deməyə başlamışdır. Bu tədris fənni üçün Mirzə Salah bəy Zöhrabbəyov "Azərbaycanlılar üçün rus dilinin tədrisi" dərslik vəsaitini yazmışdır. Bir müddət Şuşa Real məktəbində müəllim işləmişdir. O, Firidun bəy Köçərli ilə birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etmişdir.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu olan Yusif bəy Malikhaqnəzərov müəllim, aktyor və rejissor kimi məşhur idi. O da ibtidai təhsilini molla yanında almış, sonra xüsusi məktəbdə hazırlaşmış, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdi. Seminariyanı bitirdikdən sonra Zəngəzur qəzasında dərs demiş, sonra Şuşa şəhərinə dəyişilmişdi. Yusif bəy şəhər məktəbində riyaziyyatdan dərs deyir, həmçinin şəhər dumasının üzvü və həvəskar teatr truppasında fəal aktyor kimi iştirak edirdi.
Qarabağın görkəmli ziyalılarından biri Mir Haşım bəy Vəzirov da əvvəlcə molla yanında dərs almış, sonra şəhər məktəbini bitirmişdi. Irəvan Müəllimlər Seminariyasında oxumuşdu. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb müdiri işləmişdi.

Şuşada "müsəlman-rus" məktəbi yaradılanda Mir Haşım bəyi bu məktəbə direktor vəzifəsinə dəvət edirlər. O, məktəbdə işləməklə bərabər Şəhər bələdiyyə idarəsinə qlasnı seçilmişdi. Bundan başqa, o, Şuşa Realnı məktəbinin hazırlıq sinfində də ana dilindən dərs deyirdi.

Bu məktəb məşhur yazarlar yetirib

Mir Haşım bəy vətənpərvər bir millətçi olaraq, 1905-1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparmışdı. 1906-cı ildə hökumət tərəfindən tutulub, sürgün edilməsinə qərar verilmişdi. Lakin xəstə olduğundan Mir Haşım bəyin sürgünə göndərilməsi təxirə salınmışdı. Qubernatorun razılığı ilə sağalan kimi Şuşadan Stavropola sürülmüşdü. 1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axırınadək Bakıda qalır. Burada Əhməd Ağaoğlunun "Irşad" qəzeti ilə əməkdaşlıq edən Mir Haşım bəy sonra bir müddət qəzetin müvəqqəti redaktoru olur. "Irşad"ın on beş nömrəsi onun redaktorluğu ilə çıxmışdı. Buradakı fəaliyyəti ilə Mir Haşım bəyin professional jurnalistlik dövrü başlamışdır. Bundan sonra o özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşür və 1907-ci il aprelin 1-də "Tazə həyat" qəzetini nəşr etdirir. Bu qəzet uzun müddət yaşaya bilmir, 1908-ci ildə oktyabrın 7-də qapanır. Sonra Haşım bəy "Ittifaq" qəzetini nəşr etdirir. "Ittifaq" da 1909-cu ildə bağlanır. Həmin ildə o, "Səda" qəzetini nəşrə başlayır. Bu qəzet Haşım bəyin nəşr etdiyi mətbuat nümunələri arasında ən çox yayılanlardandır. Haşım bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin də rəhbəri idi. Bu jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən məşhur məzhəkə jurnalıdır.

Haşım bəy Vəzirov həm də yaxşı bir yazıçı idi. O, "Döymə qapımı, döyərlər qapını", "Evlənmək su içmək deyil", "Xan-xan" adlı komediyalar yazmışdır. Bu komediyalarında köhnə adətlərə, ailə-məişət məsələlərində xəstə əhvali-ruhiyyələrə gülmüşdür. Haşım bəyin rus dilindən bir neçə tərcüməsi də vardır. Bunların içərisində Şekspirin məşhur əsəri "Otello"nun tərcüməsini göstərınək olar.

Şuşa Realnı məktəbinin yetirmələri arasında isə məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminlini göstərmək olar.

1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılaraq xarabazara çevrilib. Halbuki, qeyd etdiyimiz kimi, bu məktəb ilk açılanda onun 159 şagirdindən 91-i erməni olmuşdu.

"Azadlıq"
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.