M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Xocalı - Unudulmaz yaddaş" adlı anım tədbiri keçirildi.
Tədbirdə Bakı Dövlət Kamera Orkestri baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə dərin məna və emosional məzmunlu xüsusi proqram təqdim etdi.
Proqramın əvvəlində Aqşin Əlizadənin səs və simli orkestr üçün 4 nömrəli "Muğamvari" simfoniyası səsləndirildi. Simfoniyanın son hissəsində vokal partiyanı tenor Ərəstun Quliyev ifa edərək əsərin dramatik kulminasiyasını daha da gücləndirdi.
Daha sonra tədbir Firəngiz Əlizadənin "Şüştər" ("Metamorphosis") əsəri ilə davam etdi.Dərin fəlsəfi məzmunu və ekspressiv musiqi dili ilə seçilən bu əsərlər milli musiqi təfəkkürünü simfonik janrın ifadə imkanları ilə üzvi şəkildə birləşdirərək Xocalı faciəsinin ağrı və iztirablarını musiqi dili ilə ifadə etdi.
İfaçıların yüksək peşəkarlığı və əsərlərin məzmun dolğunluğu dinləyicilər tərəfindən dərin diqqət və həssaslıqla qarşılandı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





