20 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti, bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə parlaq musiqi gecəsi keçirildi.
Proqramın ilk hissəsində dünya musiqi ədəbiyyatının parlaq nümayəndəsi Sergey Raxmaninovun piano və orkestr üçün 1 saylı Konserti, fis-moll, op.1 (3 hissədə) səsləndirildi. Dərin lirizmi, virtuoz texnikası və emosional dramatizmi ilə seçilən bu əsərdə solist qismində Avstriyadan dəvət olunmuş pianoçu Kristina Miller çıxış etdi. İfa dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Gecənin ikinci hissəsində isə ingilis bəstəkarı Edward Elgar-ın orkestr üçün yazılmış məşhur "Enigma variasiyaları" op.36 əsəri təqdim edildi. Orkestrin yüksək peşəkarlıqla nümayiş etdirdiyi zəngin tembr palitrası və ifadə dərinliyi əsərin obrazlar aləmini dolğun şəkildə musiqisevərlərə çatdırdı.
Konsert proqramı geniş kütlə tərəfindən hərarətli alqışlarla sona çatdı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





