M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş möhtəşəm konsert proqramı keçirildi.Klassik musiqinin təntənəsi və bayram əhval-ruhiyyəsinin vəhdətində dinləyicilərə unudulmaz anlar yaşatdı.
Bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunan əsərlər yeni ilin musiqili müjdəsi kimi dinləyicilərin yaddaşına həkk olundu.
Proqram Pyotr İliç Çaykovskinin bayram mövsümünün simvoluna çevrilmiş "Şelkunçik" baletindən süita ilə açıldı.
Digər səslənən nömrə Sergey Raxmaninovun piano və orkestr üçün 3 saylı d-moll konserti (op. 30) oldu. Bu mürəkkəb və eyni zamanda dərin emosional yükə malik əsəri istedadlı pianoçu Cəmil Sədizadə böyük ustalıqla ifa etdi.
Musiqili gecə həm klassik musiqiyə, həm də milli həmrəyliyə və yeni ümidlərə həsr olunmuş əsl sənət bayramına çevrildi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





