Kamera və Orqan Musiqisi Zalında abonement konsertləri çərçivəsində təqdim olunan "Musiqi terapiyası: Səsin toxunuşu" adlı konsert baş tutdu. Fərqli konsepsiyası və dərin məzmunu ilə seçilən bu tədbir klassik konsert çərçivəsindən kənara çıxaraq, səsin insan ruhuna toxunan incə təsirini ön plana çəkdi.
Konsert boyunca sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aynur İsgəndərova hər bir ifadan öncə çıxış edərək musiqi terapiyasının mahiyyəti, müxtəlif alətlərin insan psixologiyasına və emosional dünyasına təsiri barədə dinləyicilərlə dəyərli fikirlərini bölüşdü.
Proqramda Əşrəf Abbasovun "Heyran olmuşam", Fikrət Əmirovun "Lirik rəqs", Tofiq Quliyevin "Ləzginka", Fərhad Bədəlbəylinin "Dəniz", Astor Piazzollanın "Café 1930", Frédéric Chopinin "Noktürn №2" (op. 9), Scott Joplinin "Ragtime", Cesare Cesarinini "Firenze sogna", Jules Massenetin "Meditasiya" əsəri, eləcə də Vaja Azaraşvilinin "Noktürn" əsəri səsləndi. Klassik və müasir musiqi nümunələrinin bu incə sintezi konsert proqramına xüsusi ahəng və fəlsəfi dərinlik bəxş etdi.
Musiqi terapiyası tədbirində Əyyub Əliyev (violonçel), Elina İsmət (violin), Rəfiqə Quluzadə (piano), Nərgiz Əliyeva (fleyta), Şəhla Əlizadə (arfa), Nurcan Rzayeva (piano), Zərif Kərimova (piano), Ərtoğrul Balayev (piano), Aylin Hüseynzadə (piano), Fidan İslamova (piano), Talıb İsgəndərli (bariton), Ömər Əlizadə (bariton), Əzizə Məhərrəmova (soprano) dinləyicilər qarşısında çıxış edərək musiqinin duyğusal təsirini yüksək peşəkarlıqla təqdim etdilər.
Bu konsert bir daha sübut etdi ki, musiqi yalnız səslərdən ibarət deyil - o, insanın daxili dünyasına toxunan, ruhu sakitləşdirən və düşüncələri işıqlandıran güclü bir terapiyadır. "Musiqi terapiyası: Səsin toxunuşu" adlı bu proqram dinləyicilərin yaddaşında uzun müddət qalacaq mənəvi bir musiqi təcrübəsinə çevrildi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





