Beynəlxalq Muğam Mərkəzinin direktoru , Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyət Festivalında "Fəxri medal"a layiq görülüb.
Medal Əməkdar artistə Art Council təşkilatının Prezidenti Məhəmməd Əhməd Şah tərəfindən təqdim edilib. Mədəniyyətə verdiyi töhfələrə görə "Fəxri medal"a layiq görülən tarzən bu mükafata layiq görülən ilk sənətkardır. Qeyd edək ki, Sahib Paşazadə bugünə kimi çoxsaylı beynəlxalq layihələrdə Azərbaycanın şah aləti olan tarı uğurla təbliğ etdiyinə görə müxtəlif medal və fəxri titullara layiq görülüb.
Bu sıralamada Niaqara Beynəlxalq Musiqi Festivalında "Tarın Paqaninisi" xüsusi titulu (2008), Polşa və Azərbaycan arasında mədəni əlaqələrə verdiyi töhfəyə görə medal (2018 və 2021), 2022-ci ildə Yakutiya prezidenti tərəfindən təqdim edilən Yakutiya Respublikasının yaranmasının 100 illiyi münasibətilə təsis edilən qızıl medal, Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dünyanın bir çox ölkələrində həyata keçirdiyi layihələrdə yaxından iştirakına görə TÜRKSOY-un baş katibi Sultan Rayev tərəfindən "Nizami-880" medalı Və TÜRSOY təşkilatının 30 illik medalı, Fransanın "Karyer-su-Puassi şəhər" medalı (2019) və nəhayət "Özbəkistanın mədəniyyət elçisi" fəxri adı və medalını misal çəkə bilərik.
Həmçinin qeyd edək ki, tarzən dünyanın müxtəlif ölkələrində tar aləti üzrə ustad dərsləri və mühazirələr keçərək milli musiqi alətimizin dünyada geniş təbliğinə nail olub. Bu fəaliyyət sayəsində də Özbəkistanın bir neçə ali təhsil müəssisəsinin fəxri professoru adına layiq görülüb.
Milli.Az





