M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert baş tutub.
Dirijor Hakan Şensoyun (Türkiyə) rəhbərliyi, Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Şefika Kutluer (fleyta, Türkiyə) dinləyicilər qarşısında çıxış edib.
Musiqili gecədə fleyta ifaçısı Şefika Kutluer Arif Məlikovun fleyta, arfa və timpani üçün Konsertinosunu ifa edib.
Orkestrin ifasında Üzeyir Hacıbəyli "Arazbarı", Qara Qarayev iki rəqs, türk bəstəkarı Kenan Durul "Zulül" (işləyəni Oğuzhan Balcı) və Dmitri Şostakoviçin simli orkestr üçün Simfoniyası (op.110) səslənib.
Sonda isə solist Arif Məlikovun "İki qəlbin dastanı" baletindən "Komdenin arzuları" əsərini bis olaraq səsləndirib. Konsert musiqisevərlər tərəfindən böyük sevgi və gur alqışlarla qarşılanıb.