Mədəniyyət

Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunacaq

9 Sentyabr 2025 17:08
Baxış: 301
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ilk günündə Hüseyn Cavidin "İblis" əsərinin simfonik orkestr musiqiçilərinin və  Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olacaq.

Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində nümayiş olunacaq yeni quruluşun baş rejissoru Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycan Respublikasının Xalq Artisti Bəxtiyar Xanızadədir.
Əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir. Tamaşa boyu musiqiçiləri, Pantomim Teatrının aktyorlarını və hadisələri isə dirijor idarə edəcək.

Yeni quruluşda baş rolun ifaçısı və dirijor Prezident mükafatçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovdur. Simfonik orkestrin musiqiçiləri tamaşada dirijorun idarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasına qarışaraq plastik düşüncələrin iştirakçısına çevrilirlər.

Əsərdə həm bəşəri, həm də əbədia problem olan insanlıq və iblis arasında bitməyən mübarizə yer alır. 
"İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Faciə ilk dəfə 1920-ci ildə Sovet Azərbaycanının opera, teatr və səssiz kino aktyoru, kinorejissor Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulub və bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə idi. Əsər ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Mehdi Məmmədov tərəfindən səhnələşdirilib. 2024-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda "İblis"ə üçüncü dəfə səhnə həyatı verilib. Nəsimi festivalı üçün isə tamaşanın yeni təqdimatı hazırlanıb. 

Sentyabrın 23-dən 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı və Şamaxıda keçiriləcək Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı digər özəl təqdimatlarla da yadda qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.