Motsartın vətəni sayılan Avstriyanın paytaxt şəhəri olan Vyanada "Sounds of the Land of Fire" adlı ikinci beynəlxalq musiqi müsabiqəsi uğurla başa çatdı. Bu möhtəşəm layihə Azərbaycanın klassik musiqisini Avropada tanıtmaq məqsədi daşıyırdı. Müsabiqə Azərbaycan klassik musiqisinin banisi, bütün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuşdur.
Müsabiqənin final mərhələsi və laureatların qala-konserti Vyana şəhərinin mərkəzində yerləşən Fortepiano Qalereyasının İmperator zalında və Azərbaycan Mədəniyyət Mərkəzində keçirildi.
Müsabiqənin təşkilatçısı və baş sponsoru 2002-ci ildə Avstriyada təsis edilən və hazırda Sahilə Rzazadənin rəhbərlik etdiyi Azərbaycan Akademik Birliyidir. İyirmi ildən artıq müddətdir ki, Birlik Avstriya və Azərbaycan arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Müsabiqənin digər sponsoru Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, tərəfdaşı isə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur.
Bu genişmiqyaslı layihənin hazırlanması və həyata keçirilməsi üzərində təxminən bir il ərzində çalışan komandanın xüsusi əməyi qeyd olunmalıdır:
- Sahilə Rzazadə - rəhbər və layihə direktoru
- Abuzər Manafzadə - müsabiqənin məsləhətçisi
- Sabina Rzazadə - incəsənət üzrə məsləhətçi
- Ramazan Nəbiyev - müavin və informasiya texnologiyaları üzrə məsləhətçi
- Elçin Bağırov - maliyyə məsləhətçisi
- Raul Məmmədzadə - mədəni təşkilatlarla əməkdaşlıq üzrə köməkçi
Komandanın səmərəli fəaliyyəti yüksək səviyyədə təşkilatçılıq və müsabiqənin uğurlu nəticəsini təmin etmişdir.
Müsabiqənin təntənəli açılışında Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova və Azərbaycan Akademik Birliyinin rəhbəri Səhilə Rzazadə çıxış etmişdir. Leyla Qasımova çıxışında bildirdi ki, Mədəniyyət Mərkəzi bu mötəbər tədbirin qala-konsertinə ev sahibliyi etməkdən qürur duyur. O, yarışmanın artıq ikinci dəfə keçirilməsindən və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmasından məmnunluq duyduğunu ifadə edərək, təşkilatçılara, münsiflər heyətinə və iştirakçılara uğurlar arzuladı. Sahilə Rzazadə çıxışında münsiflər heyətinə, sponsorlara, tərəfdaşlara və xüsusilə də öz komandasına dərin təşəkkürünü bildirdi. O, iştirakçıların həm istedadlı, həm də cəsarətli olduqlarını vurğuladı.
Rəsmi çıxışlardan dərhal sonra qonaqlara 2022-ci ildə keçirilmiş birinci müsabiqənin tarixini, layihənin missiyasını, məqsədlərini, mükafatlarını və finalçılarını əks etdirən video təqdim olunmuşdur. Videodakı klassik musiqi ilə süni intellekt texnologiyalarının vəhdəti xüsusi maraq doğuran yaradıcı yanaşma olaraq yadda qalmışdır. Bu ideya rəmzi məna daşıyırdı, çünki növbəti il Azərbaycanda süni intellekt ili elan edilmişdir. Bu video təqdimat mərasimin bədii bəzəyinə çevrilərək bütün axşama xüsusi bir ab-hava qatmışdır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli münsiflər heyətinə sədrlik etmişdir. O, çıxışında müsabiqənin əhəmiyyətini vurğulamış və daha sonra münsiflər heyətinin üzvləri və Sahilə Rzazadə ilə birlikdə laureatlara diplom və mükafatlar təqdim etmişdir.
Müsabiqənin əsas fərqləndirici xüsusiyyəti azərbaycan bəstəkarlarının əsərlərinin ifasının əsas şərtlərdən biri olması idi. Müxtəlif ölkələrdən olan gənc pianoçular ilk dəfə olaraq Qara Qarayev, Cövdət Hacıyev, Əşrəf Abbasov, Tofiq Quliyev, Qalib Məmmədov, Fərhad Bədəlbəyli və digər müəlliflərin zəngin irsinə müraciət etmişdir. Bu layihə çərçivəsində dünya musiqi ictimaiyyətini Azərbaycan mədəniyyətinə daha da yaxınlaşdırmaq missiyası tam şəkildə həyata keçirilmişdir.
Müsabiqənin nəticələri:
- I dərəcəli laureat - Eunseon Ahn (Cənubi Koreya, 27 yaş)
- II dərəcəli laureatlar - Nanase Kuroki (Yaponiya, 29 yaş) və Naoe Sasaki (Yaponiya, 24 yaş)
- III dərəcəli laureatlar - Hidayət Sadıqbəyli (Azərbaycan, 21 yaş) və Tomiris Bekturova (Qazaxıstan, 25 yaş)
- Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifasına görə xüsusi mükafat - Daniel Boura (Çexiya, 23 yaş), hansı ki, Əşrəf Abbasovun "Folk Song (6 Miniatures)" və "Humoreska" əsərlərini, həmçinin Cövdət Hacıyevin "Joke" və "Fairy Tale" əsərlərini yüksək peşəkarlıqla ifa etmişdir.
Münsiflər heyətində görkəmli musiqiçilər yer almışdır: SSRİ Xalq artisti Fərhad Bədəlbəyli (fəxri sədr), Milan və Linz konservatoriyalarının professoru, Bakıda doğulmuş Oleq Marşev, Vyana Rixard Vaqner Konservatoriyasının professoru Ştefan Möller, pianoçu və bəstəkar Abuzər Manafzadə, pianoçu Kamalə Əhmədova və musiqişünas, pedaqoq, Vyanadakı "Musiqi sevinc gətirir" məktəbinin rəhbəri Fərəh Tahirova.
Yaxın gələcəkdə qalibləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə ölkənin aparıcı orkestləri ilə birgə konsert gözləyir.
Münsiflərin fikrincə, müsabiqə əsl kəşf oldu. İştirakçıların hazırlıq səviyyəsi çox yüksək idi. Azərbaycan musiqisinin ifası isə bir çoxları üçün ilk dəfə olmaqla yanaşı, böyük maraq və dərin emosional təsir yaratdı.
"Sounds of the Land of Fire" artıq Avropanın mədəni həyatında öz layiqli yerini tutmuş və Azərbaycan musiqisinin xaricdə tanıdılmasının parlaq bir səhifəsinə çevrilmişdir.
Müsabiqə haqqında daha ətraflı məlumatı müsabiqənin rəsmi saytından əldə edə bilərsiniz: www.lofmc.com
Milli.Az