Mədəniyyət

Azərbaycan Dövlət Xor Kapellasının konserti keçirilib - FOTO

28 İyun 2024 15:26
Baxış: 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində Azərbaycan Dövlət Xor Kapellasının konserti keçirilib.

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, konsertmeysterlər Eldar Məmmədov, Nərmin Rzayeva və Elxan Niftiyevin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, Respublika və beynəlxalq müsabiqələr laureatı Elnur Hüseynov, Şakir Məmmədov, Emin Məmmədov, Ərəstun Quliyev, Fərhad Ələkbərov və Adil Baxışlının ifasında  spiriçuels və caz kompozisiyaları səslənib.

Qeyd edək ki, Azərbaycan Dövlət Xor Kapellası 1926-cı ildə Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyli tərəfindən çoxsəsli xor, 1966-cı ildə isə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Xor Kapellası yaranmışdır. Yarandığı vaxtdan uzun illər boyu kollektivə Əməkdar İncəsənət xadimi, xormeyster Eduard Novruzov rəhbərlik etmişdir. Kollektivin diapazonu böyük, yaradıcı maraqları isə geniş və rəngərəngdir. Kapellanın repertuarında 1000-dən çox əsər var, onların sırasına V.A.Motsartın "Rekviyemi", İ.Bramsın "Alman rekviyemi", C.Verdinin "Rekviyemi", İ.Stravinskinin "Psalmlar simfoniyası", S.Raxmaninovun "Vesna", "Liturgiya" və s. əsərlər daxildir. Xor kapellası dəfələrlə Azərbaycan musiqisini ölkəmizin sərhədlərindən kənarda təbliğ etmiş, bir çox festivallar, dekadalar, mədəniyyət günlərinin iştirakçısı olmuşdur (Türkiyə, Rusiya, Ukrayna, Fransa, Almaniya, İspaniya, Gürcüstan). 1999-2000-ci illərdə kollektiv Doğubəyazit şəhərində (Türkiyə) beynəlxalq festivalda iştirak edərək türk bəstəkarı Çətin İşıkgözlünün "Ağrı dağı əfsanəsi" operasını ifa etmiş, solo-konsert vermişdir. 2021-2024 illərdə Şuşa şəhərində keçirilən "Xarı bülbül" festivalında uğurla çıxış etmişdirlər.

Hazırda Azərbaycan Dövlət Xor Kapellasının xormeysteri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Yulizana Kuxmazovadır. 1996-cı ilin fevral ayından Kapellanın bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, professor, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xor dirijorluğu kafedrasının müdiri Gülbacı İmanovadır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.