Mədəniyyət

Bakı Musiqi Akademiyasında “Azərbaycan cazı: tarix və müasirlik” mövzusunda dəyirmi masa keçirildi - FOTO

7 May 2024 15:35
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və təşkilatçılığı, ADA Universitetinin, eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Caz Günü tədbirlər silsiləsi çərçivəsində "Azərbaycan cazı: tarix və  müasirlik" mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə bir sıra tanınmış musiqişünas və tədqiqatçılar, ifaçılar, müəllim-tələbə heyəti iştirak etdi.

İlk məruzə ilə tədbiri açan musiqişünas, tədqiqatçı, Dövlət Marionet Teatrının aktrisası Fərizə Babayeva "Caz musiqisi notlarının bəzi nəşrlərinə dair" mövzusunda maraqlı mülahizələri ilə çıxış etdi. İştirakçıların nəzərinə "Azərbaycanda caz standartlarının notlaşdırılması işi lazımdırmı?" məsələsini formalaşdırıb, iştirakçılarla bir sıra faktları və Azərbaycan caz musiqiçilərinin əsərlərinin not yazılarının olmaması səbəbindən yaranan çətinlikləri sadaladı. BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Lalə Rzayeva caz musiqisində "parafraz", "transkripsiya", "aranjiman", "interpretasiya" kimi anlayışların fərqi barədə öz məruzəsi ilə bölüşdü. BMA-nın dosenti, Turan Məmmədəliyeva öz məruzəsini əfsanəvi "Qaya" kvarteti və onun üzvü Rauf Babayevin fəaliyyətində heyətin yaratdığı ənənələrin davamı mövzusuna həsr etdi. Bakı Xoreoqrafiya Akademiyasının konsertmeysteri, musiqişünas və pianoçu Arif Ağayevin çıxışında "Muğamın incəlikləri" mövzusuna dair maraqlı qeyd və fikirlər səsləndi. Niderlandda fəaliyyət göstərən azərbaycanlı musiqişünas Natəvan Hüseynovanın çıxışında "Azərbaycanda caz-muğam təzahürünün yaranması" barədə tarixi faktlara əsaslanan maraqlı prezentasiya baş tutdu.

Tədbirin gedişatı məruzələr ilə musiqi çıxışlarının növbələşməsi prinsipi üzrə istiqamətlənirdi. Bakı Musiqi Akademiyasının tələbələri Cəmalə Abdinzadə, Fatimə Vəliyevanın çıxışında akademik üslubda caz əsərlərinin ifası, Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi Nurlan Hüseynzadənin solo ifasında caz standartı, Dövlət "Qaya" Ansamblının a kapella ifasında kompozisiyalar səsləndi. Tədbirin xüsusi qonağı, Azərbaycan caz musiqisinin veteranlarından biri, keçmiş "Bakı alovları" və "Qız qalası" heyətlərinin bədii rəhbəri, pianoçu Vitaliy Volkov öz virtuoz və lirik ifası ilə parlaq təəssürat bağışladı.   

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.