Mədəniyyət

Opera və Balet Teatrında 115-ci teatr mövsümündə ilk dəfə "Leyli və Məcnun" operasının tamaşası baş tutdu - FOTO

8 Dekabr 2023 13:17
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 115-ci teatr mövsümündə ilk dəfə  Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası baş tutdu. Teatrın əsaslı təmir və bərpaya bağlanması səbəbindən Ş.Məmmədova adına Opera studiyasında keçirilən tamaşanın özəlliyi ondan ibarət idi ki, ilk dəfə olaraq Məcnun rolunda Teatrın gənc solisti Xəyal Hüseynov çıxış edirdi. X.Hüseynov Azərbaycan Milli Konservatoriyası tərkibində Bakı Musiqi Kollecinin məzunudur. Kollecdə Respublikanın Əməkdar artisti Təyyar Bayramovun ən istedadlı və ümidverən tələbələrindən biri olmuşdur. Ötən mövsümdə "Leyli və Məcnun"da Şeyx rolunda səhnəyə çıxan gənc muğam ustası bir neçə aylıq gərgin məşqlərdən sonra nəhayət Məcnun ifaçısı kimi səhnəyə çıxdı. Tamaşada iştirak edən təcrübəli muğam ustaları və musiqi biliciləri Xəyalın ifasına çox yüksək qiymət verərək onun debütunun baş tutduğunu qeyd etdilər.

Tamaşada Leyli partiyasını Teatrın gənc, lakin artıq təcrübəli solisti  Rəvanə Əmiraslanlı ifa edirdi. 

Digər rollarda Əməkdar artist Təyyar Bayramov (İbn-Salam), solistlərdən Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dəmirov (Məcnunun atası), Mirəli Sarızadə (Şeyx), Rəşad Həsənzadə (Nofəl), Nəzər Bəylərov  çıxış etmişlər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.