Mədəniyyət

"Karvan" qrupunun solisti: "Məni məcbur edirdi ki, başıma kitab qoyub nazikdaban tuflidə..." - EKSKLÜZİV

14 Mart 2012 09:00
0 Şərh     Baxış: 6 973
"Karvan" qrupunun solistlərindən biri Tamilla Ağamiyevanın Milli.Az-a eksklüziv müsahibəsi.

- Estradamızın ən yaxşı müğənnilərindən biri kimi tanınsanız da, həyat və yaradıcılıq yolunuz haqqında dinləyicilərinizə demək olar ki, heç nə məlum deyil.

- Sumqayıtda doğulub boya-başa çatmışam. Atam azərbaycanlı, anam isə ukraynalıdı. Hər ikisi zavodda çalışırdılar. Buna baxmayaraq məni musiqiyə alışdıran elə anam olub - skripka sinfində oxumuşam, bütün növ rəqslər üzrə dərnəklərə, həmçinin dram dərnəyinə də getmişəm. Ümumiyyətlə, uşaqlıq və yeniyetməlik dövrüm çox intensiv keçib. İdmanın demək olar ki, bütün növləri ilə məşğul olmuşam, bircə voleyboldan başqa, o da ona görə ki, bəstəboyam. Hətta əl topu üzrə Sumqayıt şəhərinin gənclərdən ibarət yığma komandasında çıxış etmişəm. Məktəbi bitirəndə Teatr İnstitutuna daxil olmaq istəyirdim. Moskvada, ГИТИС-də (Dövlət Teatr Sənəti İnstitutu- red.) təhsil almaq imkanı da yaranmışdı. Amma anam xəstə olduğu üçün gedə bilmədim. Sonralar, 80-ci illərin əvvəllərində Lev Leşşenko kimi sənətkarların təhsil aldığı Səhnə Sənəti üzrə Ümumrusiya Yaradıcılıq Emalatxanasında məşğul oldum. Deyəsən, bu təhsil ocağına düşən hələlik yeganə azərbaycanlıyam.

Buna qədər isə "Главпочтампт"da işə düzəlmişdim. Oranın özfəaliyyət dərnəyində oxuyurdum. Tez-tez tədbirlərdə çıxış edirdim. İndi fikirləşəndə görürəm ki, məni müğənniliyə həmişə başqaları cəlb ediblər, hətta məcbur ediblər. Onda Oqtay Kazıminin orkestri Sumqayıtda fəaliyyət göstərirdi. Onun ən məşhur mahnılarının əksəriyyəti eksperiment kimi əvvəl orda ictimaiyyətə təqdim edilirdi. Məsələn, "Ey həyat, sən nə qəribəsən" mahnısını ilk dəfə sumqayıtlılar dinləmişdilər. Məni Oqtay müəllimlə tanış etdilər, o, oxumağımı bəyəndi, orkestrin solisti oldum. Heç bir il tamam olmamış Bakıda Sumqayıt günləri keçiriləndə Rəşid Behbudov mənim səsimi, ifamı eşidəndən sonra Mahnı Teatrında çalışmağa dəvət etdi.


"İcazə verirdi ki, onun kölgəsinə çevrilim"



- Bəxtiniz elə əvvəldən gətirib - Oqtay Kazımi, Rəşid Behbudov kimi sənətkarların əhatəsində olmusunuz.

- Yeri gəlmişkən, Oqtay Kazıminin "Taleyim mənim" mahnısını birinci dəfə Cavan Zeynallı ilə mən oxumuşdum, amma təəssüf ki, bu ifa lentə alınmamışdı. Düzdü, bəxtim gətirmişdi. O biri tərəfdən də belə insanlarla rastlaşmaq, onlarla bilikdə çalışmaq çox böyük sınaq idi. Görünür, mən bu sınağa davam gətirmədim. Gərginlik çox böyük idi - yüksək planka, intriqalar, çərçivələr şəraitində əsl sənətin xidmətində olduğunun tam mənada fərqinə varmaq çox çətin idi. Mənə verilən peşəkarlıq dərslərinin əvəzi olaraq mən də sənətdə öz sözümü demək, məsələn, qrotesk elementləri olan konsert nömrələri hazırlamaq istəyirdim.

Amma sözsüz ki, Rəşid Behbudovun Mahnı Teatrında çalışmaq, ümumiyyətlə, onunla ünsiyyətdə olmaq mənim üçün ən ali incəsənət məktəbində təhsil almağa bərabər idi. Bu gün ona analoq olan şəxs yoxdu. Onun səhnəyə, musiqiyə, poeziyaya, sözə olan münasibəti müqayisəedilməzdi. Müğənnilərlə işləyəndə elə ağlagəlməz cəhətlərə diqqət ayırırdı ki, ən tələbkar dinləyici və tamaşaçı belə heç bir irad tuta bilməzdi. Müğənnilərə səhnə mədəniyyətinin bütün incəliklərini öyrədirdi. Məsələn, bizə səhnədə olanda üzümüzə düşən işığı vaxtında tutmağı öyrədirdi ki, foto, ya da videokameraya gözləri qapalı düşməyək. Deyirdi ki, əgər mahnıdan doğan hansısa obrazı canlandırmırsınızsa, məbadə zala kürəyinizi çevirəsiniz, bu, tamaşaçılara qarşı hörmətsizlikdir. Məni məcbur edirdi ki, başıma kitab qoyub nazikdaban tuflidə səhnədən zala və əksinə saatlarla addımlaym. Sonralar Mahnı Teatrı ilə birgə Xarkovda qastrolda olanda tamaşaçıların reaksiyasında bu vərdişimin necə gözəl alındığının təzahürünü gördüm. İcazə verirdi ki, işləməyinə mane olmadan onu müşahidə edim, kölgəsinə çevrilim. Bu, çox gözəl imkan idi. Rəşid Məcidoviç  özü çıxışından bir saat əvvəl heç kimlə danışmırdı - özünü bütünlüklə çıxışına kökləyirdi, yalnız ifası barədə düşünürdü.


"Məni intriqalara cəlb etmək istəyəndə Ceyran xanım mənəvi dayağım olurdu"


- Bütün bunlarla belə Mahnı Teatrında qərar tuta bilməmisiniz. Bəs Rəşid müəllim bu gedib-qayıtmaqlara necə reaksiya verirdi?

- Məsələ burasındadır ki, mən Mahnı Teatrından vaxtaşırı getsəm də, Rəşid Məcidoviçin evindən ayağımı kəsmirdim. Qızı ilə, xanımı ilə çox yaxşı münasibətlərimiz var idi. Günlərin bir günü isə Moskvaya getdim. Qərara gəlmişdim ki, incəsənətdən tamam uzaq sahədən özümə bir peşə seçəcəm. Orda isə biləndə ki, Bakıda, Rəşid Behbudovun Mahnı Teatrında solist olmuşam, məəttəl qalırdılar, deyirdilər, belə miniatür görkəmlə siz elə səhnədə olmalısınız, qayıdın Bakıya, müğənniliyinizi edin.

İrina Alleqrova da bir müddət Mahnı Teatrının solisti olub. Moskvada "Qaya"nın üzvləri ilə rastlaşdım, Yuli Qusman da onlarla idi. "Böyük şəhərin işıqları" proramının (1972-ci ildə "Qaya" kvarteti Dövlət Ansamblı statusu alanda öz proqramını hazırlamaq qərarına gəlir və bu işə Mark Rozovski, Yuli Qusman, Vyaçeslav Zaytsev və başqaları kimi sənətkarlar cəlb olunur - red.) çəkilişlərinə hazırlaşırdılar. Kvartetə iki qadın solist də axtarırdılar ki, təəssürat bir az fərqli olsun. Mən təklifdən boyun qaçırdım. Amma Tofiq Mirzəyev dedi ki, fikrini dəyişsən, bil ki, səni gözləyirik. Doğrudan da 1-2 aydan sonra fikrimi dəyişdim və "Qaya" kollektivi ilə çalışmağa başladım, "Böyük şəhərin işıqları" isə bildiyiniz kimi çox mükəmməl şəkildə ərsəyə gəldi.

- Sizin adınız estradamızda özünəməxsus yeri olan, "Bakı payızı - 85"in birinci mükafatını qazanmış "Karvan" qrupu ilə daha sıx bağlıdır. Yevgeni Baxtinlə duetiniz isə ən uğurlu duetlərdən biri kimi yadda qalıb. Hər şey necə başlamışdı?

- "Karvan"ı yaradan Sevil Kərimova ilə Mikayıl Vəkilov, onlar indi Amerikada yaşayırlar, əvvəlcə "Günel" adlı qrup təşkil etmişdilər, sonra "Karvan" meydana gəldi. Baxtinlə, o da Sumqayıtdan idi, elə əvvəldən duet oxuyurduq, dağılma da elə əvvəldən başlamışdı - hərə bir tərəfə getdi. Baxtin özü bir neçə ildi Moskvaya köçüb. Yeri gəlmişkən, o da Sumqayıtdan idi. Bizim duetimizin ömrü dörd il oldu. Onu Mahnı Teatrından tanıyırdım. "Zemlyane" qrupunun, Layma Vaykulenin keçmiş SSRİ-nin müxtəlif şəhərlərində keçirilən konsertlərinin əvvəlində 20-30 dəqiqəlik "razogrev"lərdə də gitaranın müşayiəti altında çox çıxış etmişik. Rusiyanın şəhərlərində tamaşaçılar çox vaxt "pank"lardan ibarət gənclər olurdu. Fikirləşirdik ki, yəqin bizim ifamızı qəbul etməyəcəklər. Amma əksinə olurdu, hətta alqışlardan görünürdü ki, bizi birinci dəfə dinləməklərinə baxmayaraq, 20-30 dəqiqə onlara azlıq edib.

- Həmin çıxışlarınızın repertuarı necə tərtib olunurdu?

- Repertuarın yarısı mütləq rusca olmalıydı. Mən nail olurdum ki, yarısı azərbaycanca olsun. Deyirdim ki, biz axı, məsələn, Sergiyev-Posaddan gəlmiş ifaçılardan seçilməliyik, yoxsa nə fərqi oldu - onlar da rusca oxuyacaq, biz də.

- Yəqin qulağınıza çatırdı ki, tamaşaçılar Baxtinlə sizi evli hesab edirdilər.

- Bəli,bəli. Amma belə deyildi. Həm də nəinki Baxtinlə. Evimə kimlərsə zəng edib təhqirlər söyləməklə məni əsəbiləşdirməyə, intriqalara cəlb etməyə çalışanda Ceyran xanım mənəvi dayağım olurdu, deyirdi ki, onlara da elə o lazımdı ki, sən əsəbiləşən, amma sən elə et ki, onlar əsəbiləşsinlər, de ki, hə, hamısını düz deyirsiniz, onda səndən əl çəkəcəklər. Baxıb, görürdüm ki, belə davranış doğrudan da təsir edir.


"Sən o mahnıları oxuyub pul qazanacaqsan, dinləyici də intihar edəcək?!"


- O vaxtın musiqi həyatı ilə müasir dövrü müqayisə edəndə hansı mənzərəni görürsünüz?

- Müqayisə etmək mümkün deyil. Məsələn, elə "Qaya"nın ilk çıxışı Hollivud səviyyəsində olan nömrə idi. Bundan başqa, biz o vaxtlar qastrola gedəndə mütləq həmin ölkənin dilini öyrənirdik, sadəcə, mahnının sözlərini o dildə əzbərləmirdik. İndi qastrol anlayışını hansısa tədbirlərdə çıxış etməklə səhv salan müğənnilər daha çoxdu. Gedib diaspor təşkilatlarının, ya da xaricdə yaşayan azərbaycanlıların korporativ tədbirlərində çıxış edib gələndən sonra kütləvi-informasiya vasitələrinə məlumat verirlər ki, qastroldan qayıtmışam. Qastrol odu ki, ən azı bir ay əvvəldən həmin ölkədə o müğənninin afişaları asılsın,konsertdən əldə olunan gəlir də yalnız ifaçıların cibinə getməsin.

Hər mənada o dövr tamam başqa idi. Hətta dedi-qodular da fərqli idi. Əvvəla, dedi-qodular, məişət söhbətləri müğənnilər üçün gündəmdə qalmaq alətinə çevrilməmişdi. Sadəcə, müğənnilər öz aralarında münasibətlərini aydınlaşdırırdılar. İndi müğənnilərin münasibətləri dönüb olub çirkli paltarların kütləvi şəkildə yuyulmasına. Çox iyrəncdi, adam belə verilişlərə baxanda xəcalət çəkir, onların yerinə utanıram. Artistlər populyar insanlar olduqları üçün davranışlarına daha artıq dərəcədə cavabdeh olmalıdırlar. Fikir vermisiniz, indiki repertuarlar daha çox neqativ, bədbin əhvallı mahnılardan ibarətdi. Belə olmaz axı, sən o mahnıları oxuyub pul qazanıb güzəranını yaxşılaşdıracaqsan, əsəbləri zəif, emosional dinləyicilər də səni dinləyəndən sonra intihar edəcəklər?! Belə mahnıları yazanlar da, oxuyanlar da həyatın yalnız  qara zolaqlarını görürlər. Əslində isə sənət adamları insanlara pozitiv, nikbin ovqat bəxş etməlidirlər.

- Yaradıcılığınız boyu keçmiş SSRİ-nin bir çox estrada müğənniləri ilə bu və ya digər dərəcədə ünsiyyətdə olmusunuz. Nələri müşahidə etmisiniz?

- Biz o vaxt ən yaxşı artistlərlə yığma konsertlərdə iştirak edirdik. Mən isə onları səhnədən kənar yerlərdə də müşahidə etməyi xoşlayırdım. Bu xüsusiyyəti bizə Rəşid Məcidovic aşılamışdı. O həmişə deyirdi ki, müğənni səhnədə olmayanda da sənət adamı olduğunu unutmamalıdı. Söhbət özünü başqalarından yüksək tutmaqdan getmir, sadəcə özünü elə aparmağı bacarmalısan ki, dünən səni alqışlayan tamaşaçı bu gün bunu etdiyinə görə heyfslənməsin. Bu mənada Layma Vaykule mənim üçün etalon idi. Deyim ki, həyatda çox ciddi insandı. Amma bir dəfə də olsun görmədim ki, hansısa situasiyada təmkinini itirsin, həmişə hamı ilə mədəni rəftar edən, səviyyəsini gözləyən xanımdı.

- Tamilla xanım, ola bilməz ki, kinorejissorlardan təklif almayasınız. Niyə sizi heç bir filmdə görməmişik?

- İki-üç dəfə kinoya çəkilməyi təklif ediblər. Bir dəfə Eldar Quliyevdən dəvət almışdım. Amma evdə rolu öyrənməyə şəraitim olmadığı üçün mənim çəkilməyim alınmadı. Rasim Ocaqov da məni bir filmində laborant roluna çəkmək istəyirdi, amma sınaq çəkilişlərindən sonra dedi ki, obrazın siması ilə mənim simam uyğun gəlmir, şəhər qızı olduğum çox qabarıq görünür.


"Amma tamaşaçılara heç vaxt bunu büruzə verməmişəm"


- O dövrün sənət adamlarından həmişə geyimlə bağlı, standartlara uyğun görünməkdən ötrü əl atdıqları vasitələr barədə maraqlı söhbətlər eşidirik. Sizin təcrübəniz nədən ibarətdir?

- Mən geyimimə görə həmişə müzakirə obyekti olurdum - parlaq geyinməyi xoşlayırdım. Görünür, həyatım o qədər də parlaq olmadığındadı. Xaricdə belə parlaq səhnə görkəmini çox bəyənirdilər. Bir dəfə bir modelyer mənə dedi ki, sən lap asılqan kimisən, bütün paltarlar yaraşır, əynində yaxşı görünür. Səhnə geyimi mədəniyyətini öyrənməyə imkanımız çox idi. Məsələn, "Böyük şəhərin işıqları" filmi çəkiləndə libaslarımızı Vyaçeslav Zaytsev kimi modelyer hazırlayırdı.

Ümumiyyətlə isə yığma konsertlərin iştirakçısı olanda səhnə arxasında başqa ölkələrdən olan müğənnilərin geyim tərzinə fikir verirdim. Bəzən görürdüm ki, ucuz materiallardan tikilmiş geyimlərdə də artistlər səhnədə çox effektli, nəzərdə tutduqları obrazlara uyğun  görünürlər. Amma kosmetikadan istifadə etməyi heç vaxt xoşlamamışam. Həmişə o fikirdə olmuşam ki, qadının sir-sifətində ənlik-kirşanın nəzərə çarpması yüngül əxlaqlı qadınlara xas cəhətdi. Mənim üzümü birinci dəfə Mahnı Teatrında qrim etmişdilər. Heç xoşuma gəlməmişdi. Amma Rəşid Məcidoviç dedi ki, bunu eləməsək, səhnədə yeniyetmə oğlana oxşayacaqsan.

- Yəqin ki, geyim tərzini, saç düzümünü sizə bənzədən xanımlara rast gəlmisiniz.

- Nə bilim, fikir verməmişəm. Amma bir-iki il bundan əvvəl bir xanım  mənə yaxınlaşıb dedi ki, oy, Tamilla xanım, sizin ifanızı da maraqla izləyirdik, görkəminizi də, özü də çalışırdıq ki, sizə oxşayaq.

- Dediniz ki, həyatınız parlaq olmayıb. Bilmək olar nəyi nəzərdə tutursunuz?

- Mən ömrü boyu anlaşılmamaq problemindən üzülmüşəm. İstər ailədə, istər dostlarım-yoldaşlarım tərəfindən. Hələ üstəlik uzun müddət maddi sıxıntım da olub. Amma tamaşaçılara heç vaxt bunu büruzə verməmişəm.

- Müəyyən zaman kəsiyində teleaparıcı kimi də tanınmısınız. İndi bu işi nəinki davam etdirmisiniz, heç telekanalların keçirdikləri müsabiqələrin münsiflər heyətində də sizi görmürük. Dəvət etmirlər?

- Teleaparıcı kimi "Şəhərimizin qonaqları" adlı verilişin, Rafiq Hüseynli ilə konsertlərin aparıcısı olmuşam. Münsiflər heyətinin üzvü kimi isə yox, dəvət etmirlər. Amma mən heç vaxt darıxmıram, hansısa başqa işi özümə yaraşdırmamaq xasiyyətim də yoxdu, hər işin qulpundan yapışa bilərəm. Çoxları kimi şəhərin görkəmini korlayan səkinin kənarına atılmış hansısa əşyaya biganə qala bilmirəm, götürüb zibilliyə tullayıram. Artıq dörd ildi yoqa ilə məşğulam. Mənəvi rahatlığıma kömək edir, daha dərindən anlayıram ki, özünü və ətrafındakıları sevməyi bacarmaq insanı necə güclü edir. Həyatın pis tərəflərini nəzərə almamağa çalışıram.

Sözsüz ki, yaş ötdükcə insan müdrikləşir, ömrü boyunca atdığı addımları yenidən nəzərdən keçirmək imkanı qazanır. İndi mənim üçün tam yəqindir ki, populyarlıq bir sınaqdı. Mən o vaxt vaxtaşırı estradadan uzqlaşırdımsa, deməli belə lazım imiş - həmin vaxt ərzində götür-qoy edib dəyərlərə fərqli baxışla baxmağa sərf olunurdu. Bu isə lazımsız mərhələ deyil. İstəyirəm bir şeyi unutmayaq ki, musiqi sahəsindəki potensialımız çox güclüdü.

Samirə Behbudqızı
Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.