Mədəniyyət

Baloğlan Əşrəfov: "Cəmi üç dənə mahnı oxuyub, amma ona ad veriblər"

11 May 2010 10:28
Baxış: 1 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Baloğlan müəllim, deyəsən səsiniz kallaşıb, hər şey qaydasındadır?

- Hər şey yaxşıdır. Camaat hələ də mənə zəng edəndə necə olduğumu və səsimin vəziyyətini soruşur. Bir iş idi də oldu, getdi. Bəzi adamlara elə gəlir ki, xəstəlikdən sonra səsimdə problem yaranıb. Bəziləri də məni toylara aparmasınlar deyə guya səsimdə problem yarandığını uydururlar. Səsimlə bağlı hər şey qaydasındadır. Axşam toyda olmuşam, həm də səhər tezdən səs belə, yəni bir az kal olur. Amma bəziləri kimi özümü dartıb, söhbətdən qaçmaq üçün bəhanələr gətirmək istəmədim. Hər kəslə sadə davranıb, açıq olmaq lazımdır.

- Hazırda hansı işlərlə məşğulsunuz?

- Mən də bir Azərbaycan müğənnisi, ziyalısı kimi heç nəyə biganə deyiləm, cəmiyyətimizdə gedən hər bir şeynən maraqlanıram. Yeni mahnılar hazırlayıram. Heç nəyə müdaxilə etmədən Azərbaycanın bütün problemləri ilə maraqlanıram.


"Televiziyaya çıxmaq barədə heç kimin narahatçılığı yoxdur"


- Bəzi kürsülərdə müğənninin tez-tez efirə çıxması anormal hal kimi qeyd olunur və belə hesab edilir ki, telekanallar qapılarını açıq qoysa da, ora kimin daxil olmasına nəzarət edilməlidir. Bu məsələdə diqqətinizi çəkən nədir?

- Dövlətimiz istər gənc nəsil, istərsə də bizim yaşlı nəsl üçün hər cür şəraiti yaradıb. Yadımdadır ki, sovetlər vaxtında televiziyaya 6-7 aydan bir çıxırdıqsa buna şükür edirdik. İndi, Allaha şükür, Azərbaycanın telekanalları bütün cavan musiqiçilərin üzünə açıqdır. Adam var hər gün televiziyadadır. Televiziyaya çıxmaq barədə heç kimin narahatçılığı yoxdur.

- Siz niyə efirdə tez-tez görünmürsünüz?

- Mən istəmirəm ki, camaatın gözünü yorum. Efirə çıxanda da elə etmək lazımdır ki, yaddaşda qala biləsən. İstəsən lap hər gün televiziyaya çıxmaq mümkündür. Amma burda xalqın gözündən düşmək təhlükəsi də var. Mən rayonda yaşayan vaxt bizim məktəbdə, adını çəkməyəcəm, bir müğənninin valını hər gün fırladırdılar. O boyda gözəl müğənninin valını o qədər fırlatdılar ki, axırda ona qulaq asmaqdan bezdik. İndi bizim bəzi müğənnilərimiz elə bilir ki, onlar hər gün efirdə görünməklə böyük bir aləm yaradırlar. Amma yox. Bu xoşagəlməyən şeydir. Efirə çıxanda da yaxşı, tutarlı mahnılar oxumaq lazımdır. Mahnının sözləri də, musiqisi də xalqın yaddaşında qalmalıdır.

- Sizcə, müğənnilərin tez-tez efirə çıxmasında əsas rolu nə oynayır?

- Bilirsiniz, bizim camaatın qəribə bir psixologiyası var. Elə bilirlər ki, televizorda çox görünən müğənni daha yaxşıdır. Baxırsan, biri o birinə deyir ki, bu müğənni hər gün televizorda oxuyur, deməli yaxşıdır, bunu aparın toya. Və yaxud da kimsə desə ki, filan kəs əjdaha müğənnidir, o xalqın nəzərində qalır. Sənətə qiymət verənlər isə əsl müğənnini, yaxşını başqa cür qiymətləndirir. Mən çox istərdim ki müğənnilər sənət göstərsinlər. Müxtəlif yollarla özünü el şənliklərinə, toylara sırımaq, heç də qəbulolunan hal deyil. Amma bir məsələ də var ki, bizdə əsl sənətkarın təkcə kaset buraxmaqla pul qazanmaq sistemi formalaşmayıb.


"Gənclər istəyirlər ki, toy başdan-ayağa diskoteka şəraitində keçsin"


- Daim el şənliklərində, toy mərasimlərində olanlar insanların zövqlərinin korlanmasından şikayətlənirlər. Bu barədə sizin fikriniz nədir?

- Ən dəhşətlisi başqa şeydir. Sanki müasir dövrün gənclərinin dünyagörüşü, düşüncələri milli kökdən ayrılıb. Çox vaxt gənclərin təkidi ilə valideynlər onların sifarişini yerinə yetirirlər. Yəni toy edən gənc valideynindən elə şeyləri tələb edir ki, bu, milli ənənəyə xələl gətirir. Bəzi toy edən gənclər istəyirlər ki, toy başdan-ayağa diskoteka şəraitində keçsin. O uşaqlar başa düşməlidilər ki, 40 yaşına çatanda toy kasetlərinə baxmaq istəməyəcəklər. Çünki onun toyunda olan o takka-tuk, səs-küy, mili mentalitetə uyğun olmayan davranışlar, ifalar, rəqslər onu utandıracaq. Bir dəfə bir valideyn mənə bir toyun qiyməti qədər pul təklif edib, bir saatlıq oxumağımı xahiş etdi. Çox söz-söhbətdən sonra razılaşdım. Sonradan öyrəndim ki, valideyin mənim toyda iştirakımla düşdüyü pis vəziyyətdən çıxmaq istəyib. Çünki valideynin özünün dediyi kimi, onun biqeyrət oğlu hansısa vəzifəli şəxsin toyda 15 dəqiqəlik iştirakına görə, məclisə estrada quruppası gətirib. Cammat da belə musiqiyə oynaya bilməyib. Ona görə də qadın mənə yalvarıb xahiş etmişdi ki, onu vəziyyətdən çıxarım. Belə şeylər də olur.
Müasir dövrdə elə istedadlı müğənnilər var ki, mən onların həm istedadına, həm də savadına hörmətlə yanaşıram. Gənc müğənnilərdə milliliyə doğru dəyişiklik gedir. Amma toylarda avropasayağı proseslər gedir. Az qala "vağzalı"nı da ayrı bir hava ilə dəyişdirirlər.


"Bəzi "pop" oxuyanlar istəyirlər ki, muğam oxumaqla gözə girsinlər"


- Toya gedən estrada müğənnisinin muğamdan parçalar oxuması vacibdir?

- Bu gün dövlətimiz, başda Mehriban xanım Əliyeva olmaqla, muğama böyük qayğı ilə yanaşılır. Muğama yeni həyat verilib. Görünür, bəzi "pop" oxuyanlar da istəyirlər ki, muğam oxumaqla gözə girsinlər. Əslində o cür musiqilərin arasında muğamın oxunması yamaq kimi alınır. Hərə öz janrında oxusa yaxşıdır. Əgər yaxşı estrada oxuyan müğənni muğamı da yaxşı bilirsə, ağzını açan kimi camaat onun qabında nə olduğunu biləcək. Alim Qasımov da vaxtilə estrada oxuyub. İndi görürsünüz bütün dünya onun muğam ifaçılığına heyran qalıb. Bu başqadır. Amma ümumiyyətlə muğam aləmindən xəbərsiz olan adamın onu oxumağa cəhd etməsi müvəqqəti həvəsdən başqa bir şey deyil.

- Baloğlan müəllim, tələbələriniz var?

- E-e-h, xanım, bu, bir az mənə pis gəldi. Bilirsiniz niyə, mən standart musiqi yolundan uzaq bir insanam. Mənim məktəbim ola bilməz. Görürsən ki, bu gün mahnıya bir nəfəs verirəm, sabah başqa nəfəs. Kimsə mənim haqqımda demişdi ki, bu adam bu gün varsa, onun oxuduğu yol da var, sabah yoxdursa, adam da yoxdur. Vəssalam. Bu məktəbin davamçısı yoxdur.

- Niyə?

- Bunun üçün ilk növbədə Allah sevgisi olmalıdır. Çünki mən nə qədər öyrətsəm də xeyri yoxdur, alınmayacaq. Mənim boğazım sözlərə, sözlərdəki səslərə uyğunlaşdırılır. Bu çətin məsələdir.

- Tələbə axtarmağa da cəhd etmirsiniz?

- Axtarmaq deyəndə, məsələ burasındadır ki, mənim mahnılarımı indi də oxuyurlar. Kimisə öyrətməklə deyil, bu, adamın özündən, ürəyindən gəlməlidir.

- Baloğlan müəllim, özünüz də qeyd etdiniz ki, bu gün zaman başqa zamandır. Gənc nəsl özlərnin sənətə gəlişini başqa yollarda axtarırlar. Daha çox toy qazanmaq üçün lazım gəldi-gəlmədi efirdə hər cür reklama üstünlük verirlər. Bütün bunlara rəğmən gənclik özü sizi necə qarşılayır?

- Mənim proqramım 7-dən 77-yə qədərdir. Mən şükür edirəm ki, sovetlərin vaxtında Azərbaycan Dövlət Unversitetinin filologiya fakultəsini qurtarmışam. Hardasa bir az ədəbiyyata yaxınlığım olub. Çalışmışam ki, sözün, musiqinin məqsədini, mahiyyətini açım. Musiqi elə olmalıdır ki, onu dinləyən uşaq da, böyük də çətinlik çəkməsin. Hər hansı 4 yaşlı uşaqdan mənim adımı soruşun, bilməsə, onda bilərsiniz ki, Baloğlan həyatda yoxdur. Mən təqribən 45 yaşımdan yuxarıdır ki, bütün illər boyu Azərbaycan xalqının qarşısında çıxış etmişəm və onlara aid mahnılar oxumuşam. İndi gənc musiqiçilər var ki, mənim mahnılarımı oxuyub pul qazanırlar. Əlbətdə ki, onlar mənə qarşı yaxşı olarlar.


"Mənə şər atandan sonra özləri xəcalət çəkdilər"


- Balaoğlan müəllim, bir ara bəzi bəstəkarlar televiziyada çıxış edərək, sizi ittiham etdilər ki, nə oxuduğu bəlli deyil. Belə hücumlar nə ilə bağlıdır? Bu, sənətinizə təsir edə bildi?

- Onlar mənə şər ataraq günaha batdılar. Hesab edirəm ki, Üzeyir Hacıbəyov sənətindən böyük bir fəxarət duyan və onun bütün əsərlərini əzbərdən bilən Azərbaycanın ziyalı müğənnisinə şər atandan sonra özləri xəcalət çəkdilər. Mən onları Allaha tapşırdım. Allah onlara insaf versin. Onların mənə qarşı dedikləri böyük cinayətdir. Sadəcə, mən çox da dərinə getmədim.


"Yazdıqları şeir deyil axı"


- Yaradıcılığınızda hansı şairlərin şeirlərinə üstünlük veririsiniz?

- Allah rəhmət eləsin, Nüsrət Kəsəmənlinin şeirlərinə hələ onunla dostluq etməzdən əvvəl mahnılar qoşub oxuyurdum. Yəni şeir mahiyyəti, gözəlliyi ilə mənim qəlbimə dolur. Xankəndindən olan Ələmdər Quluzadənin "İtən eşqim" adlı şeirini oxuyanda hələ şairin özünü tanımırdım. Sonra, xanım-xatın şairəmiz var - düzdür, mən qadın şairlərin şeirlərinə az mahnı qoşuram - onun "Halalın olsun" şeirinə mahnı yazıb oxudum. Onu oxuyandan sonra şeirin müəllifi bundan xəbər tutdu. Sonra, şair Şərafəddin İlkinin şeirlərindən çox istifadə etmişəm. Digər tərəfdən, əksər mahnılarıma sözü özüm yazıram. Hesab edirəm ki, mahnı yazdığım şeirin sözləri bədii cəhətdən dəyərli olmalıdır. Mən demirəm ki, şairəm, ancaq əksəriyyət mahnılarımın sözlərini özüm yazıram. Eyni zamanda demirəm ki, bəstəkaram. Amma heç olmasa xalqın zövqünü korlayan sözlər yox, xalqın mənəviyyatını, hissiyatını, mədəniyyətini özündə göstərən, bədii cəhətdən mahiyyəti olan mahnılar ortaya çıxır.

- Qadın şairləri niyə oxumursunuz?

- Qadın şairlərimiz klassika ilə az maraqlanırlar. Söhbət nə Nigar Rəfibəylidən, nə də Mirvarid Dilbazidən gedə bilməz. Söhbət müasir dövrün şairələrindən gedir.

- Şairlərimiz romanitkaya üstünlük verir?

- Romantikaya yer versəydilər dərd yarıydı. Yazdıqları şeir, şeir deyil axı. Onların şeirində şeirin qayda-qanunları, məqsədi, mətləbi yoxdur.


"Xalqın da, hökumətin də nəzərində hələlik varam"


- Baloğlan müəllim, müğənnilərin özlərinə "madonna", "əjdaha", "pişik", "toylar kralı" və sair bu kimi adları sırımaları sənətdə hansısa təkanverici rolu oynaya bilir? Niyə sizin adınız olmadı?


- Allah eləməsin. Mənim bir adım var - Baloğlan Əşrəfov. Adın qarşısına nəsə qoşmaq olar, amma bu mənə nə verəcək? Molla Nəsrəddinin əba söhbəti olmasın. Əbasını geyinəndən sonra toya gələn mollanı yuxarı başa çəkirlər, qabağına yemək qoyurlar. O əbasını çıxarıb ona deyir ki, ye... İndi onun sözü olmasın, mənə Baloğlan adı kifayət edir. Siz dünyada yaşayan bütün azərbaycanlılardan, türk dünyasından soruşun ki, Baloğlan Əşrəfov kimdir. Əgər bilməsələr, bu mənim üçün qəbahət olar. Adımın qabağına nə isə quraşdırmaqla heç nə qazanan deyiləm. Allaha qurban olum, əgər xalq məni maraqla dinləyirsə, bu, mənim üçün çox şeydir. O adı mənə verməsələr də olar. Bəzi adamar 2-3 mahnı oxuyandan sonra bir də görür ki, ad aldı. Çoxları həmin ada görə xəcalət çəkir. Ad almaq olar, amma xalq səni sevməsə, bax bu sənin üçün xəcalət olar. Deyinən müğənnilərdən acığım gəlir. Mənim yaradıcılıqla, özümə biganəliklə bağlı heç bir narahatçılığım yoxdur. Musiqi, mahnı cəhətdən, hələlik öndə gedən adamlardan biriyəm. Demək istəyirəm ki, başımı aşağı salıb, işimlə məşğulam. Xalqın da, hökumətin də nəzərində hələlik varam. Bəzən toylarda, televiziyada məni təqdim edəndə bilmirlər ki, mən xalq artistiyəm, yoxsa əməkdar artisti. Məni xalq artisti kimi təqdim edirlər. Gülüb deyirəm ki, bu adları siz verirsiniz, amma bilmirsiniz ki, əməkdar artistəm, yoxsa xalq artisti. Heç əməkdar olmamışdan əvvəl də xalq məni xalq artisti kimi qəbul edirdi. Mən bununla fəxr edirəm. Görünür xalq məni öz prizmasında qəbul edir və tanıyır. Mən onların qarşısında baş əyirəm. Allah-taala məni ikinci dəfə həyata qaytardı, dedi ki, bəlkə yarımçıq işləri qalıb, onu yerinə yetirsin. Edirəm də.


"Üç dənə mahnı oxuyub, amma ona ad veriblər"


- Rəsmi olaraq xalq artisti adı almadığınza görə narahat deyilsiniz ki?


- Qəti narahat deyiləm. Ancaq hər bir müğğəni dərk etməlidir ki, o öz zəhmətinin bəhrəsini görməlidir. Azərbaycanda 1982-ci ildə "İstedadlar axtarırıq" konsert müsabiqəsinin qalibi olmuşam və həmin ildə dövlət tədbirində, o vaxt birinci katib vəzitfəsində olan Heydər Əliyevin qarşısında çıxış etmişəm. Respublika sarayında, eləcə də Azərbaycanın böyük konsert salonlarında olan konsertlərim böyük anşlaqla keçib. Azərbaycanın elə bir rayon-qəsəbəsi yoxdur ki, mən o rayonlarda çıxışlar etməyim. Bəlkə də birdən-birə kiməsə "xalq artisti", "əməkdar artist" adı verəndə adı alan adamın özü də utanır. Hesab edir ki, üç dənə mahnı oxuyub, amma ona ad veriblər. Mənim 1971-ci ildən bəri konsert proqramlarımın sayı-hesabı yoxdur. Mənə ad verilsə buna xəcalət çəkməyəcəm. Böyük öndərimiz də vaxtilə mənim mahnılarıma qulaq asardı, xətrimi istəyirdi. İndiki prezident də xətrimi istəyir. Amma adın verilməsində ayrı-ayrı qurumlar iştirak edir. Yəqin ki, həmin adamlara da ad haqqında düşünməyə şərait yaranar. Mən heç nədən narahat deyiləm. Hər kəsdən razılıq edirəm.


"Ayağımın altında 83-ə qədər qurban kəsdilər"


- Baloğlan müəllim özünüzü şanslı, xoşbəxt sənətkar sayırsınız?

- Şanslı müğənni deyəndə, vallah heç nədən narahatçılığım yoxdur. Yaxşı müğənni olmaq üçün təkcə oxumaq əsas götürülmür. Xalq onun ictimai mövqeyindən tutmuş, ailə münasibətlərinə qədər hər şeyini nəzərə alır. Mən iki qız köçürmüşəm, bir oğlan evləndirmişəm, birinin də toyunu edəcəm. Demirəm ki, bəziləri kimi haram pullar qazanmışam. Yox, adi Azərbaycan vətəndaşıyam, orta vəziyyətdə yaşayıram, xalqımı sevirəm, xalqın ziyalıları, hörmətli, nüfuzlu şəxsləri mənə hörmət edir, məni qəbul edirlər. Bundan böyük xoşbəxtlik yoxdur. Mən çox nazirlərin, hökumət adamlarının övladlarının toyunda oxumuşam, onların hər biri mövqe sahibləridir və mənə hörmətlə yanaşırlar. Onlar məni məhəbbətlə xatırlayırlar. Mən də maşın sürürəm. Hələ indiyə qədər dövlət yol polisi işçiləri məni yolumdan saxlamayıblar. O vaxt xəstəxanadan qayıdandan sonra rayonlara gedəndə ayağımın altında 83-ə qədər qurban kəsdilər, hansı müğənni üçün bunu ediblər? Elə yer yoxdur ki, ora gedəndə ayağımın altında qurban kəsməsinlər. Bəs müğənni üçün bu xoşbəxtlik deyil? Müğənni belə xoşbəxt olur da. Oğlum var, qızım var. Hər şey normal qaydada inkişaf edir. Hökumət xətrimi istəyir. Dövlət tədbirlərinin hamısında iştirak edirəm. Müğənni var oxuyur, amma müəyyn adamlar onu tanımaya bilir. Mənə münasibət isə göz qabağındadır.

- Ağır durum yaşadınız, ikinci dəfə həyata qayıtdınız. Həyatınızın bu hissəsində nə qırıldı?

- Bu hadisədən sonra məni lap çox istədilər. O vaxt komaya düşən ərəfədə müəyyən adamların mövqelərini dərk elədim. Bəzi adamların davranışlarını mənə çatdırdılar. Mən ordan qayıdandan sonra həmin adamlar sıxıntı keçirdilər. Onları da bağışladım. Həyatda hər iş ola bilər. Bəlkə də o vaxt xalqın məhəbbətini o qədər də dərk etmirdim. Amma ondan sonra başa düşdüm ki, doğrudan da xalq məni çox istəyirmiş.


"Soyunan müğənnilər deyir ki, mahnıya yox, mənə baxın"


- Müğənnilərin açıq-saçıq hərəkətlərinə, davranışlarına münasibətiniz necədir?


- Azərbacyan xalqı çox müdrik xalqdır. O xalqın öz adət-ənənələri var. Mən müğənnilərin Azərbaycan xalqının adət-ənənəsinə, mədəniyyətinə zərbə vura bilən açıq -saçıq davranışların, yersiz sözlər işlətmələrin əleyhinəyəm. Hər bir evdə ana-bacı, qız-gəlin var. Onlar televiziyadan yaxşı örnək götürməlidir. Mən demirəm ki, lap qapansınlar, yox. Müasir, dəblə geyinmək lazımdır, amma bu o demək deyil ki, həddni aşsınlar. Geyimlə səs çıxmır. Səs boğazda, insanın nəfəsində olmalıdır. Bizim böyük sənətkarımız - Allah ona can sağlığı versin - Zeynəb Xanlarova ömür boyu açıq-saçıq paltarla səhnəyə çıxmayıb. Zeynəb Xanlarovanı dünyanın hər yerində tanıyırlar. Guya kimsə soyunub oxumaqla mahnıya keyfiyyət gətirəcək, yox. Əksinə, bu kimi şit hərəkətlər mahnının səviyyəsizliyini, müğənninin oxuya bilməməsini ört-basdır etmək üçündür. Soyunan müğənnilər deyir ki, mahnıya yox, mənə baxın. Digər tərəfdən, belə müğənnilər televiziyada tok-şou verilişlərində həddən artıq kobud tərzdə tənqidə məruz qalırlar. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparmaq lazımdır, amma başqa variantlarla. Hər şeyi belə formada efirə vermək olmaz. Bunun da günahı müğənninin intellekt səviyyəsinin aşağı olmasıdır, ətrafda gedən ictimai-siyasi proseslərlə maraqlanmamasıdır. Müğənnilərin səviyyəsini bilib, ona uyğun hərəkət edirlər. Ona görə də, heç nə oxumadan təkcə bir-iki mahnı oxumaqla televiziyaya çıxıb xalqın hörmətini, rəğbətini qazanmaq olmaz. Müğənnilər öz üzərində işləməlidilər.

- Yaradıcılığınızda hansı yeniliklər var?

- Azərbaycanla bağlı bir mahnı yazmışam. Musiqisi Ramiz Mirişlinindir, sözləri barədə sonra bilərsiniz. Digər mahnılar da var, yaxınlarda ekranlarda oxuyacam.

Tahirə Qafarlı
Milli.Az

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.