Kriminal

Bakıda daha iki dələduz və çoxsaylı qurbanlar: hətta falçıya da kələk gəliblər...

15 Dekabr 2019 15:21
1 Şərh     Baxış: 4 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri daha bir dələduzluq işi üzrə prosesə başlayıb. Bu dəfə  dələduzluqda ittiham olunanlar 56 yaşlı Oktay Zamanov və 40 yaşlı Elnur Əbdüləzizovdur.

Oktay Zamanov və Elnur Əbdüləzizov Fərdi evlərin tikintisi adıyla dələduzluq edərək onlarla şəxsin əmlakını ələ keçirməkdə təqsirləndiriləndirilirlər. Onların barəsində barədə başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Lakin bu "ostap benderlərin" istintaq dövründə daha bir dələduzluğa imza atdıqları aşkarlanıb. Məlum olub ki, onlar  "Rent a Car" dan icarəyə maşın götürüblər, həmin avtomobili girov qoymaqla pul alıblar, yəni yenə də kiməsə fırıldaq gəliblər, aldadıblar...

Bazardan nisyə mal alır, Bakı kəndlərində mağazalara ucuz satır...

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, təqsirləndirilən şəxslər şərikli ev tikib satmaqla, ev alqı-satqısı, kreditli evlərin tikintisi ilə məşğul olublar. Tikdikləri evləri, fərdi yaşayış sahələrini internet üzərindən satışa çıxarıblar. Zərərçəkmişlərin əksəriyyəti internetdə yerləşdirilən telefon nömrəsi ilə onlarla əlaqə saxlayıblar.

İttihama görə, O.Zamanov Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən "Baksol" taxta bazarındakı tikinti materialları mağazasında satıcı işləyən Qurban İsgəndərovu aldadıb, 2015-ci ilin iyul ayında pulunu on gündən sonra ödəyəcəyini vəd edərək ondan 10 min manatlıq taxta materialı, 24 min manatlıq isə dəmir armaturlar almaqla 67 min manat zərər vurub.

O.Zamanovla E.Abdüləzizov cinayət əlaqəsinə girərək eyni üsulla "Baksol" taxta bazarında tikinti materialları mağazasında satıcı işləyən Məmmədəli Quliyevi də aldadıblar.  Ona qarşı 17 min manatlıq dələduzluq ediblər. Sonradan məlum olub ki, satıcılardan nisyə alınan taxtaları Maştağa, Novxanı, Məhəmmədi və Kürdəxanı kəndlərindəki bağ massivlərində tikinti materialları mağazalarına daha ucuz qiymətə satıblar. Əldə etdikləri pulları mənimsəyiblər, yeyib üstündən su içiblər.

Sosial şəbəkədəki elana zəng vurdu, 17 min manatı getdi

İstintaq zamanı aydınlaşdırılıb ki, bu dələduzlar  Zabrat qəsəbəsində 2 sot torpaq sahəsində fərdi yaşayış evi tikib təhvil verəcəyi ilə aldadaraq Fərid Həsənovun da  17 min manat pulunu ələ keçiriblər. Bacısına ev almaq qərarına gələn F.Həsənov sosial şəbəkədəki elana görə onlarla əlaqə saxlayıb və dələduzların toruna düşüb.

Daha bir epizoda əsasən dələduzlar zərərçəkmiş Əli Baxışovu da "Baksol" yaşayış massivindəki torpaq sahəsində 43 min manat dəyərində fərdi yaşayış evi tikib təhvil verəcəyinə inandırıblar.  2016-cı ilin avqust ayında onu "Baku Qafqaz Centre" də yerləşən ofisə dəvət edərək beh müqaviləsi bağlamağa və tikintiyə icazə alacağına inandıraraq əvvəlcə 2 min manat pulunu alıblar.  Daha sonra isə tikintiyə başlamaq, su, işıq xətti çəkmək adıyla müxtəlif vaxtlarda 18 min 500 manat pulunu alıb aralarında bölüşdürüblər. Hətta inandırıcı görünmək üçün ona qəbz də veriblər.

2017-ci ilin oktyabrında Masazır qəsəbəsində fərdi yaşayış evi tikib təhvil veriləcəyi adıyla aldadılan və 30 min manatı əlindən alınan Ceyhun Məmmədov da fırıldaqçıların toruna düşüb.

"Moşşennik" Oqtay hətta falçını da aldadıb-5 min!

Yaxud istintaq zamanı məlum olub ki, O.Zamanov başqasının  fərdi yaşayış evini özününkü kimi göstərərək Zina Məmmədova adlı zərərçəkmişə satmaq istəyib, bu məqsədlə qadından 12 min manat pul alıb "əkişdiriblər".

Zərərçəkmişlərdən biri falçı olub. Onun yanına fala baxdırmağa gedən Oktay özünə ruzi duası yazdırıb ki, ruzisi bol olsun. Amma elə həmin falçını da öz toruna salmağa müvəffəq olub. Zabrat qəsəbəsində baldızına məxsus torpaq sahəsinin sənədini falçıya  göstərərək 6 min manatını ələ keçirib. (Görünür bu zaman falçının özünüqoruma duası işlək vəziyyətdə deyilmiş)

Törətdikləri cinayət əməlinə görə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Hazırlıq iclasında zərərçəkmişlər təqsirləndirilən şəxslərin hər ikisinin məhkəmə zalından həbs olunmasını istəyiblər.

"Bacımın əri buna görə özünü öldürdü..."

Zərərçəkmiş Fərid Həsənov bu iş üzrə həm maddi, həm də mənəvi zərər çəkdiyini deyib: "Bacımın həyat yoldaşı bu söhbətlərə görə özünü öldürdü. Ən çox zərər mənə dəyib".

İstintaq zamanı təqsirləndirilən şəxslərin hər ikisinin barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Məhkəmənin hazırlıq iclasında O.Zamanovun məhkəməyə gəlmədiyi məlum olub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edib. Digər təqsirləndirilən E. Əbdüləzizovun barəsində isə başqa yerə getməmək haqqında iltizam tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib, o, məhkəmə zalında həbs olunub.

Məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Ən maraqlısı odur ki, təqsirləndirilən şəxslərin barələrində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib, istintaq araşdırmalarına başlanılıb. Amma onlar  istintaq dövründə də boş dayanmayıblar, bu dəfə "Rent a Car" dan icarəyə maşın götürüblər, həmin avtomobili girov qoymaqla pul götürüblər, yenə də kiməsə fırıldaq gəliblər, aldadıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.