Kriminal

Özünü Faradeyə bənzədən, narkotik ittihamı ilə həbs edilən şəmkirli silah ixtiraçısı kimdir...

30 İyul 2014 16:20
0 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azadlıq" radiosu iki həftə əvvəl narkotik ittihamı ilə saxlanan Şəmkir rayonu, Qaracəmirli kəndinin sakini, 39 yaşlı İlham Muradovla bağlı araşdırma aparıb

Araşdırma zamanı üzə çıxıb ki, narkotik ittihamı ilə həbs olunanadək mediada İlham Muradovu kosmik sənaye mütəxəssisi, ixtiraçı kimi tanıdan xəbərlər yayılıb.

2013-cü ilin avqustunda Tovuzun "Turan" televiziyasının (TTV) hazırladığı 7 dəqiqəlik süjetdə radiotexnik kimi təqdim olunan İlham Muradov kosmik peyk sənayesində inqilab edəcək şəxs kimi tanıdılır.

Bu ilin martında yenə TTV-də efirə verilən telexəbərdə İlham Muradovun növbəti ixtiralarından söz açılır. Bu dəfə onun ixtira etdiyi bir neçə yeni silah barədə məlumat diqqətə yetirilir. Həmin xəbərdə İlham Muradov ingilis fiziki, elektromaqnit dalğalarını kəşf edən Maykl Faradeylə müqayisə edilir.

İlham Muradov 2014-cü il, iyunun 6-da özünün Facebook profilində qarlı-yağışlı havada atəş nöqtələrini aydın göstərəcək yeni qurğu ixtira etdiyini yazır.

O, 2014-cü il, martın 28-də "Yutub" kanalına yerləşdirdiyi videoda tektonik silah yaratdığını da iddia edir.

Sosial şəbəkələrdə İlham Muradovun həbsi daha çox yüksək vəzifəli dövlət məmurlarının karikaturalarını yayması ilə də əlaqələndirilir.

Yada salaq ki, İlham Muradov iki həftə əvvəl narkotik ittihamı ilə həbs edilib. Qardaşı Arif Muradovun "Azadlıq"a dediyinə görə, İlham Muradovu 13 mülki geyimli şəxs aparıb: "8 gün gəzəndən sonra qardaşımı tapdıq. Onu Şəmkir polisi saxlayıb. Gəldilər, evində axtarış apardılar, sonra da kompüterini götürüb getdilər. Kompüterində bir şey tapmadıqlarından üstünə narkotik ittihamı atıblar. Kürdəxanıya ona yemək aparmışdıq. Həm də görüşmək istəyirdik. Yeməyi götürdülər, amma görüş vermədilər. Qardaşım bizə məktub yazmışdı ki, məcbur edəndən sonra o, üstündə narkotik tutulduğunu etiraf edən kağıza imza atıb".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.