Kriminal

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat OĞURLANDI - YENİLƏNİB

18 Yanvar 2025 11:17
Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kapital Bank Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi ilə bağlı araşdırma aparır.

Milli.Az xəbər verir ki, bu barədə Kaptal Bank məlumat yayıb.

"Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi haqqında xəbərdən məlumatlısınız. Mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı sizə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Atası Cəlil Əliyevin kart hesabından ümumilikdə 80 507 manat pul çəkilib. Kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

--------

11:06

Daxili İşlər Nazirliyi Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edilməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

-------

10:16

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

Milli.Az bildirir ki, bu barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb:

"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Xatırladaq ki, dekabrın 25-i səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.