Ölkə

ADPU-da STEAM laboratoriyasının açılışı olub

14 Oktyabr 2021 16:58
Baxış: 273

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) STEAM labaratoriyasının açılışı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ildən Azərbaycanda tətbiq olunan STEAM dərsləri artıq 140-dan çox məktəbdə keçilir. ADPU-da yeni laboratoriyanın açılması gənc pedaqoji kadrlara STEAM dərslərinin keçirilməsi məqsədi daşıyır. STEAM layihəsi uşaqlarda İKT yeniliklərinin tətbiqi bacarıqlarının, kreativliyin və əməkdaşlıq vərdişlərinin inkişafını nəzərdə tutur.

ADPU-da STEAM təhsil modelinin dünyada və Azərbaycanda inkişaf dinamikasını diqqətlə izlənilir və buna dair universitetdaxili işlərin görülməsinə start verilib. Belə ki, 2020-ci il ADPU-nun Fizika fakültəsinin eksperimental qrupunun III və IV tədris ili tələbələrinin ümumilikdə 50 nəfəri STEAM üzrə Azərbaycanda ilk və yeganə şirkətlərdən biri "Engennering for Kids" şirkətində təlimlərdə iştirak edib və STEAM üzrə Beynəlxalq sertifikatlarla təltif edilib. Bu təlimlərdə onlar STEAM-ın aktuallığı və bu modelin tətbiqi ilə əlaqəli Robot texnologiyası ilə prakti tanış olublar.

5-13 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan "STEAM Azerbaijan" layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin tələbələri üçün növbəti STEAM təlimləri keçirilib. Təlimlər zamanı iştirakçılara STEAM metodologiyaları, 3D modelləşdirmə və çap, birplatalı platformalarda kodlaşdırma (Micro:bit) modulları öyrədilib. Sözügedən təlimləri beynəlxalq və yerli sertifikatlara malik, İsraildə və Azərbaycanda bir sıra təlimlərdə iştirak edən təlimçilər aparıb. ADPU Fizika fakültəsinin magistr mövzularında və kurs işlərində STEAM-ə dair mövzular geniş yer tutur.

ADPU-nun 29 apreldə baş tutan Elmi Şurasında STEAM mərkəzinin yaranması ilə bağlı qərar qəbul olunub.7 oktyabr Elmi Şurasında bu mərkəzin əsasnaməsi qəbul olunub. ADPU-da 13 nəfərdən ibarət STEAM şurası təsis edilib. Bununla yanaşı Təhsi İnstitutunun dəstəyi ilə ADPU-da STEAM laboratoriyası qurulub və geniş həcmli STEAM avadanlıqları ilə təchiz edilib. Artıq ADPU-nun tədris proqramına STEAM adlı fənn mövcuddur. Bu fənni tədris edən bir qrup müəllim Təhsil İnstitutunun STEAM-a dair təlimlərində iştirak edib və sertifikatlarla təltif olunublar.

Qeyd edək ki Azərbaycanda da STEAM təhsilin inkişafı və tətbiqi əsas diqqət mərkəzindədir. Belə ki, 2021-ci il Fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli Prioritetləri" sənədinin təsdiq olunması barədə sərəncam imzalayıb. Həmin sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən biri olan "rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" prioritetini reallaşdırılması göstərilir. Bu da "STEAM Azərbaycan" layihəsinin rolunu və əhəmiyyətini artırılmasında böyük təkan rolu oynamışdır.

2020/2021 tədris ilində Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdinin təhsil aldığı 42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb.Bundan başqa STEAM təhsilini tədris etmək üçün 34 məktəbdən 104 müəllim 2020-ci 2-14 sentyabr tarixlərində peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib. Bununla yanaşı olaraq STEAM layihəsi ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.