Ölkə

Toyların keçirilməsi üçün şadlıq sarayları BU QAYDALARLA çalışa bilər - TƏKLİF

25 Avqust 2020 15:30
Baxış: 14 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVİD-19 bir çox sahələri iflic etdiyi kimi toy sektorunda da 5 aydır ki, durğunluq yaradıb.

Pandemiya şəraitində ölkədə toy məclislərinin keçirilməsi qadağası ləğv edilərsə hansı meyarlar tətbiq edilə bilər?

Milli.Az bununla bağlı Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyevin fikirlərini öyrənib:

"Şadlıq evlərinin fəaliyyəti bərpa edilərsə burada elə bir davranış lazımdır ki, yoluxma sayı artmasın, artsa da minimum artsın. Bu çox incə bir məsələdir. Çünki şadlıq evləri əvvəlki rejimdə işləsələr yoluxma mütləq şəkildə artacaq və bu çox ciddi fəsadlar verə bilər. Ona görə də onun üçün xüsusi qaydalar işlənilməlidir, amma tam detalları ilə necə olmalıdır onu mən yüzdə-yüz deyə bilmərəm. Çünki burada digər mütəxəssislərin də fikri olmalıdır. 

Təxmini deyə bilərəm ki, bəli, masalar arasında yetəri qədər məsafə olmalıdır. Bir masa ətrafında oturan insanlar arasındakı məsafəni ən azı 1,5 metr təmin etmək lazımdır. Ofisiantların, şadlıq evində çalışan digər əməkdaşların tibbi maska və əlcək geyinməsi, tez-tez dezinfeksiya vasitələrindən istifadə etmək, masalara mütləq dezinfeksiya məhlullarının qoyulması vacibdir. Qonaqlar maska geyinə bilməz, qida vasitələri qəbul edəcəklər. Qonaqların siyahısını məhdudlaşdırmaq olar, əvvəlki kimi 400-500 yox, daha az insanlarla toyu keçirmək olar. Amma bunun maariflənməsi getməlidir. Bizim məclislərdə spirtli içkilər də qəbul olunur. Görürsən ki, insan spirtli içkini bir az artıq qəbul edir. İnsan bir az sərxoş olanda qaydalardan kənara çıxmağa meyilli olur, qaydalara etiraz hissi də onda yarana bilər. Bütün bu nüanslar hamısı nəzərə alınmalı, işlənməlidir.

Amma bir nüans var, iki gənc insan ailə qurmaq istəyirsə, bunun qarşısını almaq düzgün deyil. Bu millətin genefonduna bir zərbədir. Hökm deyil ki, 500 nəfər gəlsin onların toyunu qeyd etsin. Nikaha daxil olan insanların ailə qurmasını mütləq şəkildə təmin etmək lazımdır. Qonaq az olsa da, heç qonaq olmasa da belə insanların ailə qurmasına mütləq şərait yaratmaq lazımdır ki, getsin ailəsini qursun, pandemiya qurtarandan sonra toyunu edər. Nikaha girmək istəyən şəxslərə mane olmaq olmaz. Qonaqlığı, yeyib-içməyi təxirə salmaq olar, toy mərasimi təxirə salmaq olar, amma bu insanlar nikaha girməlidir ki, millətimiz üçün sonra bir problem yaranmasın. Yəni, ailə qurulmalıdır, artım olmalıdır. İnsanlar var ki, aylardır, illərdir nişanlı qalıblar. Amma insanların bir yerə toplaşıb onu qeyd etməklərini təxirə salmaq da olar.

Doğrusu, biz indi sərt karantin rejiminin yumşaldılması ilə əlaqədar insanlarda məsuliyyətsizlik müşahidə edirik. Yenə marketlərdə, ictimai nəqliyyatda maskasız insanlar görürük, sosial məsafə gözlənilmir və buna nəzarət də sanki bir az zəifləyib. İnsanlarda sanki bir arxayınlaşma var və məlum icazəsiz toy məsələləri də insanlardakı inamsızlığı bir az da artırdı. Əslində bu hadisə cəmiyyətimizə çox ziyan vurdu. Çünki biz həkimlər indi insanlara deyirik ki, maska taxın, məsafə saxlayın, onlar bizə deyir ki, "Bizdən daha ağıllı, daha savadlı adamlar bunu etmirlər. Demək ki, heç bəlkə də bu virus yoxdur, bu bir oyundur". Belə bir inamsızlıqlar yaranır. O da həkimlərin işini çox artırır. Yenə də sonda çanaq həkimlərin başında çatlayır. Gözləmirlər, yoluxma artır, yenə də həkimlərin işi artır".

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva toyun müddətini qısaltmağı mümkün şərtlərdən biri hesab edib:

"Müəyyən qaydalar, qanunlar tədbiq olunmaqla, limitli sayda iştirakçı, masaların düzülüşünə diqqət yetirmək, yığıncağın müddətini nisbətən qısaltmaq, ən əsası isə mətbəxdə, qidaların hazırlanmasında, paylanmasında gigiyenik qaydalara ciddi əməl etmək kimi bir sıra şərtlər çox vacibdir. Bunlar riski sıfıra endirməsə də əhəmiyyətli dərəcədə azalda bilər. 

Həkim kimi onu deyə bilərəm ki, ancaq heç bir şərt riskləri sıfıra salmır".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.