Ölkə

İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

3 İyul 2020 17:40
Baxış: 13 907

"İcazələrin Alınması və Monitorinqi Sistemi"ndə yeniliklər edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi"ndə bir sıra yeniliklər tətbiq edilib. Belə ki, 8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkan cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir.

icaze.e-gov.az portalında isə 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq. Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların isə 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirəcə biləcəklər.

Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icazə.e-gov.az portalında "İcazələr" bölməsinə daxil olur. Açılmış bölmədə "Əməliyyatlar" sütunundan "ezamiyyə et" düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir. Əgər əməkdaşın aktiv icazəsi yoxdursa, bu zaman "İcazələr" bölməsinə daxil olaraq "Yeni" düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.

Qeyd olunub ki, "İcazələrin Alınması və Monitorinqi Sistemi" "TƏBİB"in elektron sisteminə inteqrasiya olunduğundan koronavirusa yoluxmuş vətəndaşlar 8103 SMS icazə sistemindən və "E-Təbib" mobil tətbiqindən icazə ala bilmirlər. Həmin vətəndaşlar sağaldıqdan və karantin müddəti bitdikdən sonra onun icazəsinə sistem üzərindən qoyulmuş qadağa aradan qaldırılır.

"İcazələrin Alınması və Monitorinqi Sistemi" Dövlət Sərhəd Xidmətinin elektron sisteminə də inteqrasiya olunub. Digər ölkələrdən Azərbaycana gələnlər nəzərdə tutulan karantin müddəti bitənə qədər 8103 SMS xidmətindən və "E-Təbib" mobil tətbiqindən icazə ala bilməyəcəklər.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Ətraflı məlumat üçün 9108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.