Ölkə

"Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun"

7 Aprel 2020 13:42
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın qısa müddətdə tibbi maskaların istehsalına başlaması, bu sahədə atılan operativ addım dövlətin bütün hallara hazırlığının və eyni zamanda iqtisadi baxımdan özünü təmin etmək gücündə olmasının göstəricisidir.

Milli.Az xəbər verir ki, bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında irəli sürdüyü fikirlərini və müraciətini Trend-ə şərh edərkən deyib.

Onun sözlərinə görə, dünyada COVID-19 infeksiyasının tüğyan etməsi bir sıra tibbi tələbatların, xüsusilə respirator təyinatlı maskaların qıtlığına səbəb olur:

"Bildiyimiz kimi, istənilən viruslardan qorunmaq üçün məhz respirator maskalara ehtiyac yaranır. Ona görə də, dövlət başçımız çıxışında qeyd etdi ki, Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir və tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır".

Siyasi ekspert əlavə edib ki, bu gün dünyadakı maska qıtlığı hətta dövlətlər arasında müəyyən anlaşılmazlıqlara səbəb olur:

"Yardım üçün göndərilən məhsullar gömrüklərdə müsadirə edilir və s. Belə olan halda, Azərbaycan dövləti, Prezident İlham Əliyev öz vətəndaşına, onun sağlamlığının qorunmasına, mühafizəsinə biganə qala bilməzdi. Bunun nəticəsidir ki, dövlətimiz iqtisadi imkanlarından yararlanaraq tibbi maska istehsal edən müəssisə yaratdı. Eyni zamanda, qısa müddət ərzində Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib və buna qədər də tibbi istehsal müəssisələrimiz istifadəyə verilib".

B.Quliyev vurğulayıb ki, Azərbaycanın iqtisadi potensialı bütün zəruri tələbləri reallaşdırmaq gücündədir:

"Prezident İlham Əliyev qeyd etdi ki, burada əsas məqsəd əhalinin tələbatını ödəmək, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımına yol verməməkdir. Bu baxımdan Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun. Yəni qarşıda da bu kimi tibbi istiqamətli müəssisələrin yaradılması, fəaliyyəti mümkündür".

Ekspert bildirib ki, Azərbaycanda insanların bu infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.