Ölkə

İnqilab Kərimov İŞİD-i Azərbaycana, baş kəsməyə çağırır

1 Sentyabr 2019 10:44
Baxış: 3 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əli Kərimlinin əmisi oğlu, Fransada siyasi sığınacaq almış İnqilab Kərimov ekstremist bəyanatları ilə yadda qalan birisidir. Parlaq zəkası ilə seçilir. Aşağıdakı status məhz həmin parlaq zəkanın fraqmentlərindən biridir..."İŞİD heç də hər adamin başını kəsmir...İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adini dindar qoyub, cindarliqla məşğul olanların başını kəsir....İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən İŞİD..."

Terrorçuların baş kəsməsini alqışlayan siyasi mühacir sonda da İŞİD-ın Azərbaycana xəyali gəlişindən məmnunluq duyduğunu ifadə edir. Təbii ki, mən də bir status yazaraq bu əndrabadi  çağrışa etiraz etdim. Bir elə o qalmışdı ki, başkəsənlər vətənimizdə at oynatsın. Maraqlı olan odur ki, "Facebook"da hörgütlənmiş  AXCP tərəfdarları hətta bu boyda biabırçılığı müdafiə etmək üçün səs-səsə verdilər. Birinci arqumentləri o oldu ki, 2003-cü ildə "Yeni Müsavat" qəzetində "Yaşasın bin Laden" başlığı ilə yazı gedib. İkinci arqumentsə belədir ki, Əli Kərimli əmisi oğluna görə məsuliyyət daşımır.

Birinci arqumentlə bağlı araşdırma apardım. O vaxt "Yeni Müsavat" qəzetinə rəhbərlik etmiş Qabil Abbasoğlu ilə danışdım. Bəlli oldu ki, 2003-cü ilin 17 oktyabrında "Yeni Müsavat" və "Azadlıq" qəzeti birləşərək müştərək qəzet çıxarıblar. Həcmi 24 səhifə olub. Tirajı 30 min.  (Bəli, bu qəzetlərin belə bal-yağ vaxtları da olub) Və məhz həmin qəzetdə "Yaşasınmı Bin Laden" başlıqlı yazı gedib. Göründüyü kimi, başlıq cəbhəçilərin iddia etdiyindən bir qədər fərqlidir. Ən önəmlisi isə odur ki, həmin yazı ortaq qəzetə "Azadlıq" qəzetinin yazarı tərəfindən təqdim olunub. Həmin jurnalist sonradan "Bizim Yol" qəzetində çalışdı, bir ara da rüşvət alma ittihamı ilə həbs olundu. Söhbət tanınmış yazar Müşfiq Hüseynovdan gedir. O, köhnə yurdçulardan biridir. Xatırladaq ki, M.Hüseynov 2008-ci il yanvarın 21-də rüşvət alma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmin il aprelin 4-də Apelyasiya Məhkəməsi onun həbs müddətini 5 ilə qədər azaldıb. M.Hüseynov və ailəsi Prezident yanında Əfv Komissiyasına bağışlanaraq azadlığa buraxılmaq xahişi ilə müraciət etmişdi...  

O da maraqlıdır ki, bu arqumentdən "Yeni Müsavat"a və onun o vaxt həbsdə olan baş redaktoru Rauf Arifoğluna qarşı istifadə ediblər. Düşünün ki, o vaxt ABŞ-ın Azərbaycandakı səfiri olmuş cənab Harniş R.Arifoğlunu məhz həmin yazıya görə müdafiə etməkdən imtina edib. Sonra hüquq müdafiəçiləri həmin yazını cənab səfirə təqdim ediblər. Məlum olub ki, bu yazının nə "Yeni Müsavat"a, nə də ki, onun həbsdə olan baş redaktoruna dəxli yoxdur. Yazı "Azadlıq" qəzetinin və onun köşə yazarının yazısıdır. 

Göründüyü kimi, bu hadisənin üstündən illər keçsə də, cəbhəçilər saxtakarlıqdan əl çəkmirlər və bu məqamdan utanıb-çəkinmədən yararlanırlar. Halbuki sözügedən yazının müəllifi bəllidir.

İndi isə "əmioğlu" məsələsinə aydınlıq gətirək.  Təbii ki, Əli Kərimli heç bir qohumuna görə nə hüquqi, nə də ki, mənəvi məsuliyyət daşımır. Ancaq bir məqam da var ki, bu əmioğlu rəsmən Cəbhəçidir. Ən azı, AXCP adından Fransaya sığınıb. Dünyaya ən mütərəqqi ideyalar ixrac etmiş və cağdaş dünyaya yeni bir şəkil vermiş Fransada oturub İŞİD-i Azərbaycana dəvət etmək nə deməkdir? Başqa bir məqam. Düşünün ki, prezident İlham Əliyevin çoxsaylı əmisi oğlanlarından biri belə bəyanat versəydi nə olardı? Əli Kərimli və  Milli Şuranın sədri Cəmil Həsənli bundan hər fürsətdə istifadə etməzdimi? Əminliklə deyə bilərəm ki, edərdilər. 

Aradan bir müddət keçəcək. Buna bənzər ittihamlar yurdçular tərəfindən yenidən gündəmə gətiriləcək. Və yenə biz arxiv materiallarını eşələyib, onlara cavab verməli olacağıq. Bu dünya belədir, rəqibin ki, abırlı olmadı, heç zad, günün qalmaqalda keçəcək. Ancaq biz belə şeylərə öyrəncəliyik. Yurdçulara qarşı illərin sınağından çıxmış immunitetimiz var... (Musavat.com)

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.