Ölkə

Zorakılıq olan bağçanın müdirinə bəraət... – Hökm açıqlandı

8 İyun 2019 14:00
1 Şərh     Baxış: 2 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda səhlənkarlıqda təqsirləndirilən "Kids studio" uşaq bağçasının müdiri Nigar Müseyibovanın cinayət işi üzrə hökm elan edilib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə cinayət işi araşdırılıb və sonda hökm elan edilib.

Nigar Müseyibovanın cinayət əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Nigar Müseyibovanın barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

Protest araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun icraatına verilib. İlkin baxış iclası iyunun 10-na təyin olunub.

Qeyd edək ki, ötən ilin iyununun əvvəllərində Yasamal rayonunda yerləşən "Kids Studio" Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq göstərib.

Bu barədə video-görüntülər sosial şəbəkədə yayılandan sonra Firuzə Tağıyeva barəsində cinayət işi başlanılıb.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra valideyinlərin şikayəti əsasında Nigar Müseyibova barəsində də cinayət işi başlanılıb.

İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.