Ölkə

"Xəzər" zavodunda istehsal edilən avtomobillərin 95 faizi satılıb

30 Yanvar 2019 11:12
Baxış: 2 566

"Xəzər" avtomobil zavodunda istehsal edilən avtomobillərin 95 faizi satılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Xəzər" avtomobil zavodunun direktoru Emin Axundov Prezident İlham Əliyev iştirakı ilə keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunları üzrə konfransda çıxışı zamanı deyib.

E.Axundov bildirib ki, investisiya dəyəri 25 milyon manat olan zavodun Neftçala Sənaye Məhəlləsində yerləşməsi və bununla da zəruri infrastruktur xərclərindən azad olması, eyni zamanda, müəssisəyə investisiya təşviqi sənədinin verilməsi nəticəsində ümumilikdə 8 milyon manat vəsaitə qənaət olunub. Bütün bunlar və digər güzəştlər avtomobillərin istehsalında və daha ucuz qiymətlə satışında önəmli göstəricilərdir:

"Bu gün zavodda 200-ə yaxın Neftçala sakini işlə təmin edilib, istehsal həcmi artdıqca, bu say 300 nəfərə çatacaqdır. "Made in Azerbaijan" brendi altında "Xəzər" avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Zavod 2018-ci ilin sonuna kimi qarşısına qoyduğu məqsədi tam yerinə yetirib. Belə ki, ötən il zavodda mindən artıq avtomobil istehsal olunub. Bu avtomobillərin 95 faizi satılıb. Qeyd etmək istərdim ki, Azərbaycan istehsalı olan bu avtomobillərin alışının 40 faizi dövlət qurumlarının payına düşübsə, 60 faizi əhali tərəfindən alınıb ki, bu da istehsal edilən avtomobillərin rəqabətqabiliyyətli olmasının göstəricisidir".

Zavod direktoru vurğulayıb ki, "Xəzər" avtomobil zavodunda 2019-cu ilin fevral ayından artıq ilk "Peugeot" markalı avtomobillər istehsal xəttindən satışa çıxacaq: "İstehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin 2019-cu ilin sonlarından etibarən isə "Khazar" avtomobillərinin ehtiyat hissələrinin bir hissəsini Azərbaycanda istehsal etməyi planlaşdırırıq".

E.Axundov əlavə edib ki, zavodun işə düşməsi ilə ilk dəfə olaraq Azərbaycan avtomobil istehsalı ölkəsi kimi tanınıb və "Khazar" avtomobillərinə BAN nömrə alınaraq beynəlxalq sistemə daxil edilib: "Bunun nəticəsi olaraq, Azərbaycan avtomobil istehsalçısı olan ölkə kimi ilk dəfə 2018-ci ilin avqust-sentyabr aylarında Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə Moskvada "Krokus Ekspo" Sərgi Mərkəzində keçirilən beynəlxalq avtomobil sərgisinə dəvət alıb və bizim "Khazar" avtomobilləri sərgidə nümayiş edilib, böyük maraqla qarşılanıb".

O, Azərbaycanda avtomobil sənayesinin inkişaf etdirilməsinin məntiqi davamı olaraq 2018-ci il sentyabrın 1-də Azərbaycan Prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri zamanı Soçi şəhərində Qorki avtomobil zavodu və "AZƏRMAŞ" ASC arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını xüsusilə qeyd edib: "Memorandum Hacıqabul Sənaye Məhəlləsinin ərazisində "QAZ" markalı yüngül tonnajlı avtomobillərin və xüsusi təyinatlı texnikanın birgə istehsalına başlanmasını nəzərdə tutur".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani 2018-ci il martın 29-da Azərbaycan-İran biznes-forumunda "Xəzər" avtomobil zavodunun rəsmi açılışını ediblər.

"AZƏRMAŞ" ASC ilə "Iran Khodro" ASC arasında 2016-cı il aprelin 21-də əməkdaşlıq memorandumu imzalanıb və həmin il avqustun 6-da Neftçala Sənaye Məhəlləsində "Xəzər" avtomobil zavodunun təməli qoyulub. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunda Avropanın aparıcı ölkələrinin və İran İslam Respublikasının müasir texnologiyaları və avadanlıqları quraşdırılıb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.