Ölkə

İxracatçı sahibkarlara gömrük dəstəyi veriləcək - FOTO

25 Dekabr 2018 17:34
0 Şərh     Baxış: 872

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ixracatçı sahibkarlara "2019 İxraca dəstək" layihəsi təqdim edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təlim çərçivəsində "2019 İxraca dəstək" layihəsi, layihənin yerli istehsalçılara verəcəyi üstünlüklər, 2019-cu il ərzində ixrac gömrük bəyannamələrinin tərtib olunması da daxil olmaqla, istehsalçılara ixrac üzrə gömrük xidmətlərinin əksəriyyətinin ödənişsiz həyata keçirilməsi, ixrac gömrük bəyannamələrinin doldurulması istiqamətində maarifləndirici təlimlər, habelə "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarların "My Broker" gömrük təmsilçiliyi şirkətinin ödənişsiz əsaslarla xidmətlərindən danışılıb.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Prezident İlham Əliyevin ölkəmizdə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlardan söz açıb. O qeyd edib ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi Azərbaycanın ixrac siyasətində son birdə önəmli rol oynayıb: "Statistika baxımdan demək kifayətdir ki, ümumi qeyri-neft ixracının 20 faiz hissəsi mərkəzin dəstəyi ilə həyata keçirilir".

"My Broker" gömrük təmsilçiliyinin direktoru Rəşad Əliyev tədbirin ixracatçılar üçün mühüm əhəmiyyət daşıdığını və onların xarici ticarət fəaliyyətlərini stimullaşdıracağını bildirib: "Son dövrlərdə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar müsbət nəticələr verməklə ümumilikdə iqtisadiyyatın bütün sahələrində daha əlverişli şərait formalaşdırmaqdadır. Gömrük işinin təşkili istiqamətində görülən işlər isə ölkənin beynəlxalq ticarətdə rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf həyata keçirilməsinə şərait yaradır. "My Broker" gömrük təmsilçiliyinin məqsədi isə istehsalçıları ixrac gömrük əməliyyatları ilə bağlı maarifləndirmək, gömrük rəsmiləşdirməsini sürətləndirmək, yerli məhsulların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq istiqamətində xidmət göstərməkdir. "My Broker" gömrük təmsilçiliyi sahibkarlığın inkişafı istiqamətində dövlətin ixrac missiyaları üzrə həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir".

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN Kommunal" və funksional xidmətlərlə iş departamentinin müdiri Vüsal Rüstəmov isə tədbirin önəmi və ixracatçılar üçün həyata keçirilən təlim barədə danışıb.

Tədbirin sonunda maarifləndirici videoçarx nümayiş olunub.

Qeyd edək ki, təqdimat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsinin dəstəyi və "My Broker" gömrük təmsilçiliyinin birgə təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və layihə üzrə maarifləndirici təlimdə reallaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.