Ölkə

2017 Formula 1 Azərbaycan Qran Prisi ilin ən yaxşı yarışı seçildi

12 Dekabr 2017 16:35
Baxış: 1 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Milli.Az-a verilən məlumata görə, 2017-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anları ilə dolu yarışı kimi qiymətləndirilib.

Yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində baş vermiş ən yaddaqalan hadisələrdən biri olub. Xatırladaq ki, Bakıda baş tutan son yarışda "Red Bull" komandasının pilotu Daniel Rikkardo gözlənilmədən qələbə qazanmışdı. Sonrakı yerləri ardıcıl olaraq "Mercedes" və "Williams" komandalarının pilotları Valtteri Bottas ilə Lens Stroll tutmuşdular. Üçüncü pilləyə çıxan Lens Strol bu nəticə ilə Formula 1 tarixində debüt ilində podiuma çıxan ən gənc pilot adını məhz bu yarışda qazanmışdı.

Bundan başqa, Formula 1-in təkər təchizatçısı olan "Pirelli" şirkətinin yayımladığı son hesabatda bildirilir ki, 2017-ci ildə bütün Qran Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub. Həmin ötmələrin birində D.Rikkardo 1-ci döngədə bir dəfəyə üç bolidi keçmişdi və bu, Formula 1 şirkəti tərəfindən minlərlə azarkeş arasında ilin ən yaxşı 10 ötməsi arasında ən çox bəyənilən ötmə olub. "Red Bull" pilotu da bu ötməni özünün yarış mövsümündə reallaşdırdığı ən yaxşı ötmə kimi qiymətləndirib.

Qeyd edək ki, 2017 Formula 1 Azərbaycan Qran Prisi bir sıra beynəlxalq media qurumları tərəfindən yarış mövsümünün nəticələrinə dair keçirilən sorğuların əksəriyyətində ilin yarışı adına layiq görülüb:

Daily Mail - İlin Yarışı

The Times - Ən Yaxşı Yarış

The Guardian - Ən Möhtəşəm An

Sky Sports - İlin Yarışı

"Azərbaycan Qran Prisi. Hər il elə bir yarış baş tutur ki, həmin yarışda hər şey olur, həm də adətən ən az ümid edilən yerdə. Azərbaycan Qran Prisi məhz 2017-ci ilin belə bir yarışıdır".

Bild am Sonntag - İlin Yarışı

"Fettelin toqquşması, yeddi pilotun yarışı axıradək başa vura bilməməsi, saysız toqquşma anları, Rikkardonun gözlənilməz qələbəsi və gənc pilot Strollun podiuma çıxışı 2017 Azərbaycan Qran Prisini mükəmməl Formula 1 şousuna çevirdi".

ViaSat - Ən Yaxşı Yarış

https://www.viasatsport.se/sport/motor/nyheter/vilken-ar-arets-grand-prix-i-f-1

ViaSat izləyicilərinin iştirak etdiyi sorğu.

BŞH Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov ötən mövsümün Bakı yarışına dair beynəlxalq medianın apardığı qiymətləndirmələrin nəticələrinə belə münasibət bildirib: "Biz çox şadıq ki, ötən yay Bakıda baş tutmuş Azərbaycan Qran Prisi bütün dünyada avtoidman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Burada fürsətdən istifadə edərək BŞH-nin bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Məhz onların əməyi və əzmi nəticəsində biz 2017-ci ildə belə bir möhtəşəm yarışı reallaşdırdıq.

Bakıda baş tutan ikinci Formula 1 yarışı onu göstərdi ki, Bakı treki uzun müddətdir həyata keçirməyə çalışdığımız ən baxımlı yarışa ev sahibliyi etməklə artıq öz xüsusiliyini ortaya qoya bilib. Son illər belə dramatik hadisələr və gərginliklə dolu başqa bir yarışı xatırlamaq mümkün deyil. Bundan başqa, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların yarışa göstərdiyi maraqda böyük artım qeydə alındı. Həmçinin, 2017-ci ilin ən yaxşı yarışını reallaşdırmaqla yanaşı, Formula 1 həvəskarlarına unudulmaz əyləncə proqramı təqdim etdik.

Biz əminik ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək. Yeri gəlmişkən, bütün Formula 1 azarkeşlərini gələn ilin aprelində Bakı şəhərinə gəlib yarışı yerində canlı izləməyə dəvət edirəm. Deyəcək tək bir sözüm qalıb: Gözlənilməyəni gözləyin! Gələn il Bakıda görüşənədək!"

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.