Ölkə

"Məni rüsvay edəcəyini dedi, qorxumdan pul verdim..." - Polkovnik - YENİLƏNİB

27 Oktyabr 2017 15:47
4 Şərh     Baxış: 4 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

15:47

İsmayıllı rayon polis şöbəsinin rəis müavini Pərviz İsmayılov və "Evromed" Tibb mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqovu şantaj etməkdə təqsirli bilinən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az publika.az-a istinadla bildirir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə araşdırılır.

İttihama görə, Vəfa Dadaşova 2013-cü ilin iyunda Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən "Evromed" Tibb mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqov tərəfindən tibbi müayinə olunarkən guya ona qarşı seksual xarakterli nalayiq hərəkətlər edilməsinə dair həqiqətə uyğun olmayan rüsvayedici məlumatları Səhiyyə Nazirliyində, sosial şəbəkələrdə, mətbuatda, Tofiq Sadıqovun iş kollektivində və yaxın qohumları arasında yayaycağı ilə hədələyib. O, həmin ilin noyabrın sonlarında Tofiq Sadıqovdan 1000 manat tələb edib. Bu əməliyyatdan bir müddət sonra Vəfa Dadaşova Tofiq Sadıqovdan eyni tələblə təkrar 1000 manat ala bilib.
Bundan başqa, Vəfa Dadaşova tanışı Pərviz İsmayılovun (Pərviz İsmayılov İsmayıllı rayon polis şöbəsinin rəis müavinidir - red.) dostu Pərviz Hüseynov ilə birlikdə 2010-cu ilin aprel-may aylarında Binəqədi rayonunda yerləşən "Oğuzxan" şadlıq sarayının arxasındakı çay evində olub. Bu zaman Pərviz İsmayılov guya ona sulu qəlyan çəkdirib və narkotik vasitənin təsirindən huşsuz hala gətirib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, Pərviz İsmayılovu bu məlumatlarla iş kollektivi arasında rusvayedəcəyi ilə hədələyib, ondan 2000 ABŞ dolları tələb edib, "Oazis" restoranının qarşısında Pərviz İsmayılovdan tələb etdiyi pulu ala bilib.
Daha sonra Vəfa Dadaşova Pərviz İsmayılovdan iki dəfəyə 3500 ABŞ dolları pulu 14 mart 2017-ci il tarixdə Yasamal rayonu, Azərbaycan prospekti 30 ünvanında yerləşən Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasında alıb. O, həmin pulu alandan sonra Pərviz İsmayılovu yenə də şantaj edib və ondan 2000 ABŞ dolları, martın sonlarında isə 1500 ABŞ dolları alıb.
Bundan başqa, Vəfa Dadaşova Pərviz İsmayılovun onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını iş kollektivində və yaxın qohumları arasında yaymaqla hədələyib, ondan 50000 manat tələb edib. Pərviz İsmayılovun bununla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında 1 may 2017-ci il tarixdə əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbiri zamanı Vəfa Dadaşova Nərimanov rayonu, Təbriz küçəsində yerləşən istirahət parkındakı adsız kafedə Pərviz İsmayılovdan 6000 ABŞ dollar pul alarkən yaxalanıb.
Vəfa Dadaşova Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham edilir.
Təqsirləndirilən şəxs qismində dindirilən Vəfa Dadaşova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2008-ci ildən Pərviz İsmayılovu tanıyır, onunla aralarında dostluq münasibəti olub: "Pərviz məni tanıdığı müddətdən cinsi əlaqədə olmağı təklif etsə də, bununla razılaşmamışam. Çünki, həyatımda başqa şəxs olub. Buna görə də Pərvizin cavabını həmişə rədd etmişəm. Həmin vaxtı Pərvizin rayonların birində polis əməkdaşı işləməsi barədə məlumatım olub. Pərviz işlədiyi rayondan Bakı şəhərinə gələndə hər dəfə onunla zəngləşərək görüşərək, bir yerdə çay içib, çörək yemişik".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2010-cu ilin təxminən aprel-may aylarında Pərviz ona zəng edib, işi ilə bağlı Bakı şəhərində kiçik yığıncaq təşkil etməsini və onu da həmin məclisə gəlməsini xahiş edib: "Pərvizin xahişini nəzərə alaraq təşkil etdiyi məclisə qatıldım. Həmin məclisə gələndə burada Pərvizin həmkarlarının olmasını gördüm. Axşam təxminən saat 20-21 radələrində həmin məclisdən birlikdə çıxdıq. Hamı gedəndən sonra Pərvizlə və onun məclisində tanıdığım adı da Pərviz olan şəxslə birlikdə qaldıq. Pərviz məni məclisdən sonra yaşadığım evə gətirməli idi. Lakin yolda gedərkən Pərviz fikrini dəyişdi və birlikdə çay içməyə getməyimiz istədi. Nə qədər təkid etsəm də, Pərviz buna razı olmadı. Onlar birlikdə çay evinə gəldik. Orada Pərviz əlində qəlyan gəldi, təkid edərək qəlyandan çəkdim. Həmin qəlyanı çəkdikdən sonra halsızlaşdım. Elə bil həmin vaxt qəlyanın içərisinə nə isə bihuşedici atmışdılar. Özümə gələndə gördüm ki, Pərviz ağzımdan tutaraq harasa aparır. Lakin məni hara apardığını bilmədim. Sanki hissiyatım ölmüşdü. Pərviz məni bilmədiyim yerə gətirdi. Həmin otaqda Pərviz İsmayılov dostu adını Pərviz kimi bildiyim şəxslə mənə təcavüz edərək, olmazın işgəncələr verməyə başladılar. Həmin vaxt hissiyatım özümdə olmasa da, baş verənləri anlamışam. Onlar mənə qarşı nalayiq hərəkətlər edərək, həmin vaxtı qeyri-təbii yolla mənimlə cinsi əlaqədə olublar".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Pərviz İsmayılov və dostu onunla cinsi əlaqədə olan zaman ölümlə üzləşib: "Məni soyuq duşun altında saxlayıblar ki, özümə gəlim. Daha sonra onlar məni halsız vəziyyətdə yaşadığım evin həyətində düşürüblər".
Vəfa Dadaşova qeyd edib ki, yolda Pərviz İsmayılov onu hədləyib və bildirib ki, bu barədə kiməsə məlumat versə, onun başına oyun açacaq və qızını öldürəcək: "Həmin günün səhəri Pərviz mənə zəng vuraraq həkimə getmək üçün pul təklif etdi, elə həmin günü mənə 300 manat göndərdi. Pərviz həmin gündən sonra telefonunu söndürərək yoxa çıxdı. Pərvizin anket məlumatları mənə məlum olmadığı üçün onu sonradan tapa bilməmişəm".
Vəfa Dadaşova bildirib ki, 2016-cı ilin sonunda Pərvizin iş yerini öyrənib və onunla danışıb: "Ona bildirdim ki, 2010-cu ildə tanışı olan polis işçisi ilə birlikdə mənə təcavüz edərək zorlayıblar. Həmin vaxt sağlamlığıma ziyan yetirilib. Pərvizə bildirdim ki, onu məhkəməyə verib və cəzalanmasını tələb edəcəm. Pərviz isə yalvardı ki, bir işdir olub, nə ziyan dəyibsə, onu ödəməyə hazırdır. Etdiyi hərəkətlərə görə bağışlaya bilməyəcəyini bildirsəm də, Pərviz yalvararaq bu günə qədər öz iş karyerasında çalışıb və bu gün sabah yüksək postlara təyin olunacağını, ondan şikayət edərsəm, onu işdən azad edə biləcəklərini söylədi. Həmin vaxt çox qərarlı oldum ki, Pərvizdən şikayət edim. Lakin, Pərviz yenə yalvardı və bildirdi ki, ondan şikayət etdiyim halda hər ikimizə pis olacaq, məni öldürüb, həbsdə yatacaq. Həmin vaxtı Pərvizə bildirdim ki, mənə elə xəsarət yetirib, bunu heç nə ilə ödüyə bilməz, eyni zamanda qadın ləyaqətimi tapdalayıb. Pərviz həmin vaxt dedi ki, nə qədər lazımdırsa, pul verəcək. Pərviz özü ziyanın ödənilməsi üçün 50000 manat pul təklif etdi. 16 dekabr 2016-cı il tarixdə 2000 ABŞ dolları, bundan sonra 14 mart 2017-ci il tarixdə yenə 2000 ABŞ dolları və martın axırlarında tanışının vasitəsi ilə 1500 ABŞ dolları pul göndərdi".
Vəfa Dadaşova qeyd edib ki, sonradan Pərviz onunla görüşüb və onun əməliyyatı üçün 6000 ABŞ dolları verəcəyini, sonradan yerdəqalan pulu 2017-ci ilin may ayının sonlarında verəcəyini bildirib: "Bu təklif Pərvzin özü tərəfindən sağlamlığıma yetirilən zərərin ödənilməsi üçün atılmış addım olub. Pərvizin təklifi ilə mayın 1-də Nərimanov rayonu ərazisində yerləşən parkda görüşdük. Pərviz oturduğumuz stolun üstünə 6000 ABŞ dolları qoydu və bildirdi ki, bu pul müalicə puludur. Həmin pulu çantama qoydum və sağollaşıb ayrılarkən polis əməkdaşları yaxınlaşdı, məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər. Həmin vaxt məlum oldu ki, Pərviz məndən polisə şikayət dib".
Vəfa Dadaşova qeyd edib ki, 2012-ci ilin sonundan "Evromed" klinikasında işləyən həkim kardioloq Tofiq Sadıqovu tanıyır: "Tofiq Sadıqovun yanına qızım Nuranə ilə birlikdə getmişəm, özümü və qızımı müayinə etdirmişəm. Özüm tək olaraq çox vaxt Tofiq Sadıqovun yanına müayinə üçün getmişəm. 2013-cü ildən başlayaraq tibbi yardım almaq üçün müraciət etdiyim Tofiq Sadıqovun qəbulunda olarkən, məni müalicə etmək əvəzinə, mənə qarşı seksual xarakterli hərəkətlər edib. Ona hərəkətlərini yığışdırmasını bildirmişəm. Həmin vaxtdan sonra Tofiq Sadıqov hərəkətlərini yığışdırsa da, sonradan 2014-cü ilin ortalarından başlayaraq müayinədə olarkən, yenə də eyni əməllərini davam etdirib. Tofiq Sadıqovun hərəkətləri ilə bağlı 2014-cü ilin sentyabr-oktyabr aylarında Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişəm".
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Pərviz İsmayılov bildirib ki, 1994-cü ildən Daxili İşlər Orqanlarında, 2016-cı ilin mayından isə İsmayıllı rayon polis şöbəsinin rəis müavini vəzifəsində xidmət edir: "2008-ci ilin sonunda Göyçay rayon polis şöbəsində cinayət axtarışı bölməsinin rəisi vəzifəsində işləyərkən xidməti fəaliyyətimlə bağlı Vəfa Dadaşovanı tanımışam. Xidmət etdiyim polis şöbəsi üzrə axtarışda olan Vaqif Əliyevin Vəfa Dadaşova ilə qeyri-rəsmi olaraq yaşaması barədə məlumat almışıq. Axtarışda olan Vaqif Əliyevin yaxalanması üçün onun yaşadığı Vəfa Dadaşova ilə münasibət qurmuşuq, Vaqif Əliyevin gizləndiyi yeri müəyyənləşdirməyə çalışmışıq. Vəfa Dadaşovanın köməkliyi ilə Vaqif Əliyevi tutduq. Bundan sonra Vəfa Dadaşova ilə aramızda olan səmimi münasibət davam edib. Onunla bir neçə dəfə rayondan Bakı şəhərinə gələrkən bir yerdə çörək yemişik".
Polis rəisinin müavini bildirib ki, 2010-cu ilin təxminən aprel-may aylarında dostları ilə birlikdə axşam saatlarında Yasamal rayonunda yerləşən kafelərin birində çörək yeyən zaman Vəfa Dadaşova onun telefon nömrəsinə zəng vurub, hal-əhval tutub, harada olması barədə xəbər alıb. Sonra Vəfa ora gəldi, bizimlə birlikdə yeyib-içdi. Vəfa spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdu. O, sərxoş olduğuna görə yaşadığı evin ünvanını öyrənə bilmədik. Vəfanın bir-iki saat ayılmasını gözlədik, ayıldıqdan sonra onu tanışım Pərvizlə özünün deməsinə görə kirayədə qaldığı 9-cu mikrorayonda evinin həyətinə düşürdük".
Pərviz İsmayılov daha sonra ifadəsində Vəfa Dadaşovanı onu şantaj etməsindən, guya yeməyinə zəhər qatmasından, ona təcavüz etməsi barədə hədə-qorxular gəlməsindən danışıb. O, qeyd edib ki, bu səbəbdən Vəfaya bir neçə dəfəə pul verib.
Pərviz İsmayılovun sözlərinə görə, Vəfa şər, böhtan ataraq, onu ailəsində və iş kollektivində rüsvay edəcəyi ilə hədə-qorxu gəlib, ondan 50000 manat tələb edib: "Bununla bağlı İsmayıllı rayon polis şöbəsinin rəisinə məruzə etdim. Vəfa Dadaşovanın cinayət əməlinin ifşa olunması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət ünvanladım".
Pərviz İsmayılov qeyd edb ki, Vəfa Dadaşova ilə aralarında heç bir zaman şəxsi yaxınlıq, sevgi-intim münasibəti olmayıb.
Proses oktyabrın 31-də davam edəcək.

---------

15:33

Polis polkovnikini təcavüzdə ittiham edən, özü isə şantajda təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Milli.Az xəbər veirr ki, qafqazinfo istintaqa cəlb edilən şəxslərin ifadələrini əldə edib. İttihama görə, V.Dadaşovanın "qurban"ları polis polkovniki və həkim olub. O, həmin şəxslər tərəfindən zorlandığını iddia edərək şantaj yolu ilə onlardan pul alıb.

Belə ki, Vəfa Dadaşova istintaqa ifadəsində bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini, polkovnik-leytenant Pərviz İsmayılovu 2008-ci ildən tanıyır: "O, həmişə mənə cinsi əlaqədə olmağı təklif edirdi, amma razı olmurdum. 2010-cu il aprel-may aylarında Bakıda təşkil etdiyi yığıncağa məni də çağırdı. Ordakılar hamısı Pərvizin həmkarları idi. Axşam saat 9-da məclisdən çıxdıq, o məni evə gətirirdi. Yolda Pərviz israr etdi ki, onunla birlikdə çay içməyə gedim. Birgə çay evinə getdik, onun adaşı və iş yoldaşı da bizimlə idi. Orada məni qəlyan çəkməyə məcbur etdilər, sonra halsızlaşdım. Özümə gələndə gördüm ki, məni bir otağa salıblar, hər ikisi mənə təcavüz edərək işgəncə verib".

V.Dadaşovanın sözlərinə görə, P.İsmayılov bu hadisədən sonra könüllü olaraq ona pul verib: "Səhəri gün Pərviz zəng edib həkimə getməyi təklif etdi və 300 manat pul göndərdi.  Sonra da telefonuna zəng çatmadı, özü də yoxa çıxdı. 6 il sonra onun iş yerini öyrənib tapdım və dedim ki, şikayət edəcəyəm. Pərviz isə yaxın vaxtlarda yüksək vəzifəyə gedəcəyini deyib şikayət etməməyim üçün yalvardı. Sonra özü mənə dəyən ziyana görə 50 min manat pul təklif etdi və hissə-hissə ödəməyə başladı. Üç dəfəyə 5500 dollar verdi, sonra isə əməliyyat olunmağım üçün 6 min dollar verəcəyini dedi. Nərimanov metrosunun yanında parkda görüşdük, o pulu stolun üstünə qoydu. Mən də götürüb çantama qoydum və oradan uzaqlaşanda polislər məni saxlayıb "Bandotdel"ə apardılar. Orada bildim ki, Pərviz məndən şikayət edib. Mən 6 min dolları polis əməkdaşlarına könüllü təhvil verdim".

Zərərçəkmiş P.ismayılov isə ifadəsində bildirib ki, 2008-ci ildə Göyçay RPŞ-da Cinayət Axtarış Bölməsinin rəisi olan zaman xidməti fəaliyyəti ilə əlaqədar V.Dadaşovanı tanıyıb: "O vaxt Vaqif Əliyev adlı şəxs axtarışda idi, bizə də məlumat daxil oldu ki, bu adam Vəfa Dadaşova ilə qeyri-rəsmi olaraq birgə yaşayır. Mən də Vəfa ilə əlaqə yaradaraq Vaqifin yerini öyrəndim və onu saxladıq. Bundan sonra Vəfa ilə səmimi münasibətimiz yarandı, bir neçə dəfə Bakıda görüşüb çörək yedik.  Bakıda dostlarımla çörək yeyərkən mənə zəng etdi, ona da istəsə gələ biləcəyini dedim. Təxminən 20 dəqiqə sonra Vəfa sərxoş vəziyyətdə yanımıza gəldi. 1 saat da bizimlə spirtli içki içdi. Çox sərxoş olduğu üçün evinin ünvanını öyrənə bilmədim. Məcbur olub ayılmasını gözlədik, sonra tanışım Pərvizlə onu aparıb kirayə yaşadığı evin həyətində düşürdük.

Səhərisi gün Vəfa mənə zəng edib məclisdə onun yeməyinə zəhər qatdığımı dedi və buna görə yoldaşına pul göndərməyimi istədi. Mən artıq onun şər-xəta olduğunu bilib 500 manat göndərdim.  2016-cı ildə Vəfa zəng edib 6 il əvvəlki məclisdən sonra tanışımla birlikdə onu qeyri-təbii yolla zorladığımı dedi və Türkiyədə müalicə olunacağını deyərək 2 min dollar tələb etdi. Dedi pulu verməsən səni ailən və işində rüsvay edəcəyəm. Onun hədəsindən qorxdum və görüşməyə də getmədim. Qohumum Elmirlə ona 2 min dollar göndərdim. Üç ay sonra Vəfa eyni tələblə 50 min manat istədi. Mayın 1-nə kimi vaxt qoydu və ilk olaraq 10 min manat verməyimi istədi. Vəkil tanışım Tofiq ondan şikayət etməyimi məsləhət gördü. Mən də rəisimə raport yazdım, əməliyyatda könüllü iştiraka razılıq verdim. 

Vəfa ilə intim münasibətdə olmamışam, sadəcə onun başqa şəxslərə də belə hədə-qorxu gəldiyini, özünü jurnalist kimi təqdim edərək rüsvay edəcəyini dediyi üçün qorxumdan razılaşıb pul vermişdim".

Qeyd edək ki, V.Dadaşova istintaq dövründə həbs edilməsə də, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında barəsində həbs qərarı verilib və məhkəmə zalında qandallanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.