"Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar" ləğv edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar verib.
Qərarda bildirilir ki, Azərbaycan Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanına və Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" qərarına əsasən, 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir və ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipinə uyğun müəyyən olunur.
Hazırda dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələri öz maliyyə-təsərrüfat fəaliyyətlərini müvafiq olaraq dövlət sifarişi və ödənişli əsaslarla kadr hazırlığından, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən əldə olunan büdcə və büdcədənkənar vəsaitlər hesabına sərbəst şəkildə təmin edirlər.
Eyni zamanda ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli qərarına əsasən "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində yeni vəzifə maaşlarına və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 12 sentyabr 2008-ci il tarixli 210 nömrəli qərarı ləğv edilib.
Belə ki, hazırda dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələrində çalışan bütün işçilərin əməkhaqqı müəssisənin rəhbəri ilə işçi arasında mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanmış müqavilə əsasında sərbəst müəyyənləşdirilir.
Göstərilənləri və ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin normal təşkilini təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin Kollegiyası Azərbaycan Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 16-cı hissəsini rəhbər tutaraq qərara alıb ki, Təhsil Nazirliyinin 1997-ci il 4 aprel tarixli 198 nömrəli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 1997-ci il 23 aprel tarixli 44 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış "Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar" ləğv edilsin.
Milli.Az