İmişli və Sabirabad rayonları ərazisində yerləşən Sarısu gölünün suyunun zəhərlənməsi və balıqların kütləvi məhvi ilə əlaqədar sosial şəbəkədə yayılan xəbərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, monitorinq zamanı gölün parametrləri boyunca əraziyə vizual baxış keçirilib. Gölün müxtəlif nöqtələrindən və dərinliklərindən su nümunələri götürülərək analiz olunması üçün ETSN-nin mərkəzi laboratoriyasına təhvil verilib. Analizin nəticələrinə əsasən, göl suyunun qənaətbəxş olması barədə rəy verilib.
Sarısu gölündə aparılan kompleks monitorinq zamanı kütləvi balıq ölümü faktı aşkarlanmayıb.
X X X
Xatırladaq ki, bir neçə gün əvvəl Sarısu qoruğunda yerləşən göldəki balıqların kütləvi şəkildə məhv olması barədə criminal.az saytı məlumat və video yayıb. Məlumatda deyilir ki, İmişli və Sabirabad rayonları ərazisində yerləşən Sarısu gölündə balıqlar zəhərlənib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Videodan məlum olur ki, balıqları bilərəkdən zəhərləyiblər.
Saytın əməkdaşı məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb, məlum olub ki, hadisə baş verən göl onların balansında deyil. Sarıgöl Xüsusi Dövlət Mühafizə Xidmətinin balansına verilib.
Videonu izləmək üçün şəklə klikləyin:
Milli.Az