Ölkə

Bu şəxslər hərbi çağırışdan azad ediləcək

30 Oktyabr 2026 12:04
Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşdiriləcək, həmin sahədə xidmət keçmənin hüquqi əsasları təkmilləşdiriləcək.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Xüsusi rütbələrin verilməsi qaydası

Qanun layihəsinə əsasən, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlar tibb xidmətində vəzifəyə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun müvafiq xüsusi rütbələr veriləcək.

Ehtiyatda olan zabitlər tibb xidmətində vəzifəyə təyin olunduqda ilk xüsusi rütbə onlara hərbi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə bir pillə yüksək verilə biləcək.

Tibb xidmətinin əməkdaşları qulluq etdikləri müddətdə hərbi çağırışdan və hərbi toplanışdan azad olunacaqlar. Tibb xidmətinə qəbul edilmiş əməkdaşlar hərbi qeydiyyatdan çıxarılacaq və Ədliyyə Nazirliyində xüsusi qeydiyyata götürüləcəklər.

Tibb xidməti işçilərinin tibbi təminatı

Layihəyə əsasən, tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, müəssisələrin penitensiar tibb-sanitar hissələrində, habelə penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçəcəklər.

Tibb xidmətinin hərbi qulluqçularının xidmət keçmə qaydaları "Hərbi vəzifə və hərbi xidmət haqqında", ""Hərbi qulluqçuların statusu haqqında" Qanunlar, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi" və digər normativ hüquqi aktlarla tənzimlənəcək.

Geyim forması

Həmçinin, layihədə bildirilib ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri, habelə dövlət icra məmurları xüsusi geyim forması ilə təmin olunacaqlar.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.