Saxta alkoqollu içkilərin satışı ilə bağlı daxil olan müraciət əsasında Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən, sahibkar Bakir Tohid oğlu Babayevə məxsus ərzaq məhsullarının topdansatışı mağazasında yoxlama keçirilib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı müvafiq müşayiətedici sənədləri olmayan "Etalon Vodka", "Kozino Vodka", "Revizor Vodka" əmtəə nişanlı alkoqollu içkilər satışdan kənarlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində "Etalon Vodka" və "Revizor Vodka" əmtəə nişanlı alkoqollu içkilərdə tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Milli.Az





