AZCON Holding şirkətlərindən olan ASCO-nun "Prezident Heydər Əliyev" tankerinin əsaslı təmiri başa çatıb.
Milli.Az xəbər verir ki, təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
Proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri təmir edilib. Tanker üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib.
Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 1 dəst radar və TV sistemi quraşdırılıb. Həmçinin gəmidə olan girokompas avadanlığına aid yeni girosfera quraşdırılıb və təmir bərpa işləri aparılıb.
Tankerin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri və göyərtəsi təmizlənərək rənglənib.
İşlər başa çatdıqdan sonra tanker dəniz sınaq yoxlanışından keçib. Gəminin təmirdən sonra ilk səfəri isə Aktau-Səngəçal istiqamətində olub.
Xatırladaq ki, "Prezident Heydər Əliyev" gəmisinin uzunluğu 149,9, eni 17,3 metrdir. Tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.
Milli.Az





