Ölkə

Həsən Həsənov: Atropatena ölkəsinin yaranması haqqında dəqiq məlumatı Strabon deyil, Ammian Marsellin verir

19 Yanvar 2026 16:08
Baxış: 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş iclasda çıxış edən Prezident İlham Əliyev milli tarix elminin problemləri üzərində xüsusilə dayanmışdır.

O, konkret olaraq qeyd etmişdir: "Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Onlar bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın yaratmaq və qurmaq bacarığı əsrlərin dərinliklərinə gedib çıxır."

Bu vəzifə kontekstində Atropatena adlı ölkənin yaranmasının dəqiq vaxtının və tarixi şəraitinin müəyyənləşdirilməsi ən mühüm elmi problemlərdən biridir.

Antik mənbələrdə Atropatena adlı ölkənin yaranma dövrünün tədqiqatçıları tərəfindən qəbul edilən iki fərqli məlumat mövcuddur. Əksər tədqiqatçılar üçün əsas mənbə olaraq Strabonun Makedoniyalı İsgəndərin imperiyasının süqutu dövrünü təsvir edən məlumatdır, digəri isə Ammian Marsellinin Atropatenanın yaranmasını birmənalı şəkildə Assuriya imperiyasının süqutu dövrünə aid edən məlumatıdır.

Bu iki məlumat üzərində daha ətraflı dayanmaq istərdik.

Strabon yazır: Atropatiya Midiyası; öz adını sərkərdə Atropatdan almışdır. O, Böyük Midiyanın bir hissəsi olan bu ölkənin makedoniyalılara tabe olmasına yol vermədi. Həqiqətən də, kral elan edilən Atropat bu ölkəni öz qərarı ilə müstəqil etdi və bu günə qədər hakimiyyət onun nəslində irsi olaraq qalmaqdadır" (Strabon, Coğrafiya, XI, XIII, 1).

Tədqiqatçıların əksəriyyəti hesab edir ki, burada yeni bir dövlətin yaradılmasından bəhs olunur və bu dövlət öz yaradıcısının şərəfinə Atropatena adlandırılmışdır.

Bəs doğrudanmı belədir?

Strabonun məlumatının ənənəvi tarixşünaslıq yozumu belə bir fərziyyəyə əsaslanır ki, Atropatena Makedoniyalı İsgəndərin imperiyasının süqutundan sonra Atropatın siyasi fəaliyyəti nəticəsində yeni dövlət kimi yaranmışdır. Lakin Strabonun mətninin bu cür yozumu metodoloji baxımdan zəifdir və onun ifadələrindən birbaşa irəli gəlmir.

Əvvəla, Strabonun məlumatında yeni bir dövlətin təsis olunmasına dair birbaşa göstərişi yoxdur. Strabonun əsas ifadəsi - "bu ölkəni öz qərarı ilə müstəqil etdi" (ἐποίησεν αὐτόνομον τὴν χώραν) - yeni bir qurumun yaradılmasını deyil, artıq mövcud olan ərazinin siyasi-hüquqi statusunun dəyişdirilməsini nəzərdə tutur. Antik siyasi terminologiyada "müstəqil etmək" anlayışı əvvəllər xarici hakimiyyət altında olmuş ərazilərə tətbiq olunur, yeni yaradılan dövlətlərə deyil.

Bundan əlavə, Strabon yeni bir siyasi qurumun formalaşmasından deyil, Atropatın "bu ölkənin Böyük Midiyanın bir hissəsi kimi makedoniyalılara tabe olmasına yol verməməsindən" bəhs edir. Bu ifadə ex nihilo, yəni "heç nədən" yaranmanı deyil, ərazi və etnosiyasi subyektin davamlılığını göstərir. Əgər yeni dövlətin yaradılmasından söhbət getsəydi, Strabon digər hallarda olduğu kimi κτίζειν, συνιστάναι (yaratmaq, təsis etmək) terminlərindən istifadə edərdi ki, bu mətndə belə terminlər yoxdur.

Strabonun "Atropatiya Midiyası öz adını Atropatdan almışdır" fikrinə də xüsusi diqqət yetirilməlidir. Müasir ənənəvi tarixşünaslıq bunu ölkənin adının onun banisinin şərəfinə verilməsi kimi izah edir. Halbuki bu, antik onomastikanın xüsusiyyətlərini nəzərə almayan retrospektiv şərhdir. Antik mənbələrdə hökmdarın adı ilə ölkənin adının üst-üstə düşməsi çox vaxt adlandırma aktının nəticəsi deyil, sülalə və ya titul ənənəsinin məhsulu olurdu.

Bu nəticə Roma tarixçisi Kvint Kurtsi Rufun məlumatı ilə dolayı yolla təsdiqlənir. O yazır ki, Atropat Midiya satrapı təyin olunmazdan əvvəl Arsak adını daşıyırdı. Bu fakt Atropat adının şəxsi ad deyil, əvvəlcədən mövcud olan ölkənin adından törəmiş sülalə titulu ola biləcəyini göstərir. Bu halda Strabonun məlumatı advermə aktı deyil, hökmdarın adı ilə regionun adının uyğunluğunun qeydidir.

Beləliklə, Strabonun mətninin Atropatenanın "yaradılması" barədə mənbə kimi təqdim edilməsi səhvdir və əslində onun məzmununun sərhədlərini aşan genişləndirici şərhdir.

Strabonun məlumatı Atropatenanın diadoxlar dövründə (İsgəndərin varisləri) yaranmasını təsdiqləmir; əksinə, detallı təhlil göstərir ki, Strabon daha əvvəl mövcud olmuş dövlətçiliyin bərpasını təsvir edir. Buna görə də onun şahidliyi IV əsr Roma tarixçisi Ammian Marsellin və digər mənbələrin təsdiqlədiyi Atropatenanın daha erkən yaranmsına qarşı arqument sayıla bilməz.

Ammian Marsellin (IV əsr) yazır:"Sol tərəfdə Girkaniya (Xəzər) dənizi ilə həmsərhəd olan Midiya uzanır. Kitablarda oxunduğu kimi, Böyük Kirin hakimiyyətindən və Persiyanın yüksəlişindən əvvəl bu ölkə assurları məğlub etdikdən sonra bütün Asiyanın hökmranı olmuşdur; silah gücü ilə alınmış onların bir çox vilayətləri ümumi olaraq Atropatena adlandırılmışdır". (Ammian, XXIII, 6, 27).

Strabondan fərqli olaraq, Ammian Marsellinin məlumatı üç mühüm aspekti əhatə edir:
birincisi, o, Atropatena adlı dövlətin yaranmasının xronologiyasını göstərərək deyir: ante Cyrum, yəni Böyük Kirdən əvvəl, yəni eramızdan əvvəl 550-ci ildən əvvəl. İkincisi, Atropatena dövlətinin Assuriyanın süqutu və silahlı işğallar nəticəsində yaranma mexanizmini izah edir. Üçüncüsü isə konteksti göstərir - dövlət məhz Assuriya imperiyasının dağılması nəticəsində yaranmışdır.

Xüsusilə vurğulanmalıdır ki, Ammian Marsellin dediyini şəxsi versiya və şifahi məlumat kimi irəli sürmür. O vurğuladığı "ut legitur in libris" - "kitablarda yazıldığı kimi" ifadəsi ilə daha qədim yazılı ənənəyə istinad edir. Bu isə onun məlumatına şifahi rəvayət kimi deyil, itirilmiş yazılı mənbələrin/sənədlərin kompilasiyası xarakteri verir.

Beləliklə, Atropatenanın yaranma şəraitini birbaşa izah edən yeganə antik müəllif Ammian Marsellindir, Strabon isə yalnız Atroöpatenanı siyasi tarixinin sonrakı mərhələlərindən birini təsvir edir.

Buna baxmayaraq, müasir tarixşünaslıqda tədqiqatçılar demək olar ki, nədənsə yalnız və yalnız Strabona üstünlük verir, Ammian Marsellinin şahidliyi isə ya tamamilə nəzərə alınmır, ya da lazımi təhlil olmadan ötəri xatırlanır.

Qədim yunan tarixçisi Polibiy (e.ə. 200-120) yazaraq: "Bu çarlıq (Atropatena) hələ farslar (Əhəmənilər) dövründən mövcud idi, çünki İsgəndər zamanında ona diqqət yetirilməmişdi... Midiyanın qərb hissələri Atropatiyalara bitişir; onlar Evksin (Qara) dənizi ilə həmsərhəd xalqlara yaxın yaşayırlar. Bu ölkənin hökmdarı Artabazan ən qüdrətli və müdrik hökmdar hesab olunurdu və Atropatiyalar üzərində hakim idi"
(Polibiy, V, 55, 9), xəbər verir ki, Atropatena Böyük Kir dövründən əvvəl mövcud idi. Polibiy həmkinin Atropatenanı Σατραπείοιζ (Satrapiya), əhalisini isə Σατραπείοι adlandıran ən erkən müəllifdir.

Roma tarixçisi Kvint Kurtsi Ruf (I əsr) Atropatena haqqında Polibini təsdiqləyərək yazır ki, "İsgəndər Satrapena ölkəsinə gəldi". Onun ilk nəşirləri - Xristofor Bruni, Eronimus Frobenius, Sebastyan Qrifis və Adrian Yunius Satrapenanı Atropatena ilə eyniləşdirmişlər.

Nizami Gəncəvi (XII əsr) yazır ki, İsgəndər əvvəlcə Babilə daxil olmuş, sonra isə əyanların məsləhəti ilə Adurbadakan tərəfə yollanmışdır. Nizami öz əsərində bir çox tarixi mənbələrdən istifadə etdiyini bildirir və ehtimal ki, Kurtsi Rufun əsərindən də faydalanmışdır.

"The Alexandreis" (XII əsr) əsərində də İsgəndərin Babildə işlərini bitirdikdən sonra Satrapena düzənliklərində dayandığı və orada hərbi islahatlar apardığı bildirilir.

XVI əsrin ortalarında görkəmli Avropa kartoqrafları Abraham Ortelius və Frans Yan Batista tərəfindən tərtib edilmiş, 1595-ci ildə Antverpendə nəşr olunmuş "Alexandri Magnima Cedonis Expeditio" xəritəsində, eləcə də Gerard Merkator və Yodokus Hondius tərəfindən tərtib edilərək 1607-ci ildə Antverpendə Yohannes Yanssonius tərəfindən çap edilmiş xəritədə, hazırda İranın Azərbaycan vilayətlərinin yerləşdiyi ərazidə "Satrapena" adı qeyd olunmuşdur. Şübhə yoxdur ki, bu xəritələrin məzmunu Kvint Kursiy Rufun məlumatlarına əsaslanır.

V əsrə aid "Karxi de bet Selox" adlı Suriya xronikasında Adorbayqan/Atropatena ölkəsinin mənşəyi ilə bağlı tarixi şəraitdən bəhs edilir. Orada yazılır: "Nimrudun oğlunun hakimiyyətinin 15-ci ilində [burada Assuriyaya qarşı üsyana rəhbərlik etmiş Babil hökmdarı Nabopolasar nəzərdə tutulur] "Arbak, çar Mada" (Herodotun məlumat verdiyi skif çarı Madiy) assuriyalıların səltənətinə qarşı üsyan qaldırdı. Assur dövlətinin süqutu başlandıqda və assur hakimiyyəti zəiflədikdə Arbak, yəni Adurbad, midiyalılar ölkəsində qala divarı tikdi (qədim mənbələrdə bu, dövlətin yaradılmasına bərabər tutulur-H.H.) və bu torpaq onun adına görə Adorbayqan adlandırıldı." [Siriyaşünas N. Pigulevskayanın qeyd etdiyi kimi, bu mətn Mezsinger-Zingerle tərəfindən nəşr olunmuş Xronika mətnində yoxdur, lakin Bedjan nəşrində mövcuddur: Acta martyrum et sanctorum, cild II, səh. 509, aşağıdan 6-cı sətir - səh. 511]. Bu xronikanın məzmunu Britaniya Muzeyində №21091 altında saxlanılan və "Ninovanın süqutu /Fall of Nineveh" adı ilə tanınan Yeni-Babil mixi yazılı mətninə uyğundur. Fərq yalnız ondadır ki, mixi yazılı lövhədə Assuriyanın paytaxtı Ninova şəhərinin süqutu Nabopolasarın hakimiyyətinin 14-cü ilinə aid edilir, Suriya xronikasında isə bu hadisə onun hakimiyyətinin 15-ci ilinə aid göstərilir.

XVII əsrin birinci yarısında yaşamış alman səyyahı Adam Oleari Azərbaycanda olmuş və yazmışdır: "Ərdəbil, türklər tərəfindən Ardevil (Ardevil) adlandırılan və xəritələrdə səhvən Ardonil (Ardonil) kimi göstərilən şəhər Adirbecan (Adirbetzan) vilayətində yerləşir. Bu vilayət qədim dövrlərdə 'Satrapena' (Satrapene) adı ilə tanınırdı; bunu Kvint Kursiy də V kitabın 2-ci paraqrafında qeyd edir. Bu vilayətə aşağıdakı şəhərlər daxildir: Ərdəbil, Təbriz və ya Tauris (Tabris, Tauris), Marağa (Maraka), Naxçıvan (Nachtschuan), Mərənd (Maranda), Urmiya (Rumniae), Xoy (Choui) və Səlmas (Selmas). Ərdəbil sakinləri adətən türk dilində danışırlar." Bundan əlavə, o vurğulayır: "...hətta hesab edirlər ki, İsgəndər Makedoniyalı Persiyaya yürüşü zamanı bir müddət öz sarayını Satrapena ilə eyniləşdirilən Adirbecanda (Adirbetzan) saxlamışdır" (Adam Oleari, Holşteyn səfirliyinin 1633, 1636 və 1639-cu illərdə Moskva və Persiyaya səfərinin ətraflı təsviri, IV, XXV // Rusiya imperator tarix və qədimliklər cəmiyyətinin oxuları, №2, Moskva, 1869; P. Barsovun tərcüməsi, Moskva, 1870). Bu məlumat da Kvint Kursiy Rufun verdiyi xəbərlə eynilik təşkil edir.

Gəlin deyilənləri ümumiləşdirək. Ammian Marsellin bildirir ki, Assuriyanın süqutuna gətirib çıxaran hərbi əməliyyatlar nəticəsində Assuriya və digər fəth olunmuş torpaqlarda Atropatena adlı ölkə yaradılmışdır. "Karxi de bet Selox" adlı Suriya xronikası Ammian Marsellininin dediklərini təsdiq edərək xəbər verir ki, "Adorbayqan" ölkəsi Assuriyanın dağılması nəticəsində yaranmışdır. Qeyd etmək vacibdir ki, Assuriyanın məhv edilməsinə kimin rəhbərlik etməsi barədə təsdiqləyici məlumatlar mövcuddur. "Karxi de bet Selox" Assuriyanın "Arbak/Ərbay çar Madi"ın rəhbərliyi ilə dağıdıldığını bildirir. Antik müəlliflər Ktesiy Knidli (e.ə. IV əsr) və onun məlumatlarını bizə çatdıran Diodor Siciliyalı (e.ə. I əsr) da Assuriyanın Arbak/Ərbay adlı şəxs tərəfindən dağıdıldığını yazırlar. Yeni Babil mixi yazılı №21091 lövhəsində də Assuriyanın süqutuna Arpaq/Ərbay adlı bir çarın rəhbərlik etdiyi qeyd olunur. Polibiy bildirir ki, Atropatena İsgəndərdən çox-çox əvvəl, hələ Əhəməni imperiyası dövründə mövcud olmuşdur. Kvint Kursiy Ruf Polibini bu fikrini təsdiq edərək yazır ki, İsgəndər Əhəməni imperiyasını fəth etdikdən sonra o Satrapena adlı vilayətə səfər edir. (Kvint Kursiy Rufun kitabının çoxsaylı naşirləri bildirirlər ki, bu ad altında Atropatena nəzərdə tutulur; Plutarx və Polibiy də Atropatenanı bu adla çağırmışlar). Kvint Kursiy Rufun bu məlumatı "The Alexandreis" (XII əsr) epik dastanı və Nizami Gəncəvinin "İskəndərnamə" əsəri ilə də səslənir. Deyilənlər təsdiqləyir ki, həqiqət Ammian Marsellin və onun çox saylı tərəfdarları deyir. Strabonun məlumatına gəldikdə, o, yeni dövlətin yaradılmasından deyil, əvvəllər yaradılmış dövlətin müstəqilliyinin və adının bərpasından bəhs edir.

Beləliklə, tədqiqatçılar tərəfindən Atropatena ölkəsinin mənşəyi haqqında məlumat verən iki əsas mənbə mövcuddur. Bunlardan biri Strabondur ki, ilkin mənbələrdə onun mövqeyini dəstəkləyən faktlar yoxdur; digəri isə çoxsaylı təsdiqləyici faktlara malik olan Ammian Marsellindir. Strabon Atropatenanın yeni dövlət kimi yaranmasını açıq şəkildə bildirmir, Ammian Marsellin isə yeni dövlət olan Atropatenanın yaranmasının tarixi şəraitini göstərir. Strabon Atropatena dövlətinin yaranmasını İsgəndər imperiyasının süqutu dövrünə, yəni e.ə. IV əsrə, konkret olaraq e.ə. 321-ci ilə aid edir. Ammian Marsellin isə Atropatenanın yaranmasını Assuriyanın süqutuna - e.ə. VII əsrə, konkret olaraq e.ə. 612-ci ilə aid edir. Göründüyü kimi, Atropatena dövlətinin yaşı ilə bağlı təxminən 290 illik fərq ortaya çıxır. Bu tarix ilk növbədə elmi həqiqətin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Paradoks ondadır ki, Atropatenanın yaranma zamanını araşdıran alimlərin, həmkinin Azərbaycan tarixçi alimlərinin əksəriyyəti hələdə əsasən Strabonun məlumatına istinad edir və Ammian Marsellin ümumiyyətlə xatırlanmır. Mənim bildiyimə görə, mövcud tədqiqatlarda bu iki məlumatın xronoloji, məzmun və janr baxımından fərqli xüsusiyyətləri nəzərə alınmaqla sistemli şəkildə müqayisə edilməsinə belə cəhd olunmamaqdadır. Məhz bu məsələ - bir tərəfdən Strabonun Atropatenanın yaranması haqda məlumatı qeyri dəqiq olması, digər tərəfdən isə Ammian Marsellinin məlumatının yetərincə qiymətləndirilməməsi - bu gün Azərbaycan dövlətçilik ənənəsinin tədqiqində əsas problemlərdən birini təşkil edir. Müzakirəyə ümid edirəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.