Ölkə

Dəyişiklik məktəbin içindən və sinif otağından başlamalıdır - Nazir müavini

9 Dekabr 2025 10:46
Baxış: 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son illər ərzində ölkə üzrə 3600-dən artıq təhsil müəssisəsinin yenidən qurulması və əsaslı təmirdən keçirilməsi nəticəsində 1,3 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb".

Milli.Az xəbər verir ki, bunu "Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar" adlı elmi-praktiki beynəlxalq konfransda Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

Onun sözlərinə görə, təhsil sistemində mühüm istiqamətləri əhatə edən dövlət proqramları və strateji sənədlər qəbul edilib. Eyni zamanda, təhsil xərclərinin dövlət büdcəsində payının artdığını bildirib.

Nəzərə çatdırıb ki, STEAM təhsili artıq 300 mindən çox şagirdi əhatə edir. Rəqəmsal bacarıqlar layihəsi üzrə isə 500 mindən çox şagird tədris prosesinə cəlb olunub.

Həmçinin deyib ki, 400-dən çox məktəbdə müasir metodik xidmət tətbiqinə başlanılıb, 2000-dən çox məktəbdə isə yeni monitorinq mexanizmi işə salınıb.

K.Kərimzadə vurğulayıb ki, müəllimlərin peşəkarlığının artırılması məqsədilə sertifikatlaşdırma prosesi həyata keçirilib. Uğurlu nəticə göstərən müəllimlərin əməkhaqqı artırılıb:

"Güclü təhsil sisteminin əsasını məhz müəllimlər təşkil edir. Keyfiyyətli təhsil yalnız güclü müəllimlə deyil, həm də dəstəkləyici məktəb mühiti ilə mümkün olur. Bu mədəniyyət formalaşmadan təhsildə real keyfiyyət artımından danışmağın çətin olduğu bildirilib".

Nazir müavini, dünyanın inkişaf etmiş təhsil sistemlərinin təcrübəsinə diqqət çəkərək söyləyib ki, oradakı model nəzarətdən çox dəstəyə, tənqiddən çox refleksiyaya, fərdi yanaşmadan çox əməkdaşlığa əsaslanır.

"Dəyişiklik sənədlərdən yox, məktəbin içindən və sinif otağından başlamalıdır. Bu yanaşma nəzarət mexanizmlərini artırmaqdan çox davranışın dəyişməsi və əməkdaşlıq mədəniyyətinin formalaşdırılmasını hədəfləyir. İdeya isə məktəbləri bir-biri ilə müqayisə etmək deyil, hər bir məktəbin və müəllimin özünün dünənki nəticələri ilə müqayisədə inkişafına fokuslanmaqdır. Bu, rəqabəti deyil, inkişaf tempini sürətləndirməni nəzərdə tutur".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.